Adil Qeybulla: “Bölgələrə göndərilən gənclərə müəyyən imtiyazlar verilməlidir”
Məlahət Mürşüdlü: “Hökumət qarşısında bu məsələni ciddi şəkildə qoymaq lazımdır”
Ağdam rayonunda müəllim və həkim çatışmazlığı yaranıb. Bunu Ağdam Rayon Təhsil Şöbəsinin kadrlar üzrə məsləhətçisi İsmayıl Məmmədov bildirib. O deyib ki, Təhsil Nazirliyinə bu barədə məlumat verilsə də, hələ də vakant yerlər qalır: "Gənclər burada qalıb işləmək istəmirlər. Kənd məktəblərində indi 66 vakant yer mövcuddur. Əsasən coğrafiya, fizika, kimya və biologiya müəllimlərinə ehtiyac var”.
Rayonun səhiyyə sahəsində də eyni vəziyyət hökm sürür. Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Qara Qasımov açıqlamasında deyib ki, rayon üzrə 140-dək həkim çatışmır: "Rayon xəstəxanalarında bir nəfər də olsun travmatoloq yoxdur. Rayonda 18 ginekoloq ştatı olsa da, bu sahədə cəmi 3 mütəxəssis çalışır. 14 cərrah əvəzinə 2 cərrah var. Biz bu barədə Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universitetinin rəhbərliyinə məlumat vermişik ki, təyinatla kadr göndərsinlər. Həkim çatışmazlığı ucbatından xəstəxanaya müraciət edən sakinlərin bir qismi müayinə olunmaq üçün ətraf rayonlara göndərilir. Gələn kadrlar evlə təmin olundular, onlara əlavə maaş verildi, amma qalıb işləmədilər”.
Gənclərin ucqar rayonlara gedib işləməməsinin səbəblərini "Şərq”ə açıqlamasında izah edən tibb elmləri doktoru, professor Adil Qeybulla gənc kadrlara lazımi şəraitin yaradılmadığından söz açıb. Onun dediyinə görə, əgər regionların inkişafından danışırıqsa, orada işləməyə gedən gənc kadrlar üçün stimullaşdırıcı faktorlar olmalıdı: "Həmin gənclərə müəyyən imtiyazlar tanınmalıdı, onlar bu imtiyazlardan istifadə etməlidir, həvəs yaradılmalıdır. Vaxtilə qəbul olunmuş "Regionların Sosial inkişafı haqqında” qanun bu faktoru da nəzərə almalı idi ki, gənc kadrların sərhəd rayonlarında işləməsi təmin olunsun”. Ekspert hazırda gənclərə təqdim olunan şərtlərin optimal olmadığını bildirib.
Məktəblərdə əsas problemin kadr hazırlığının düzgün aparılmaması olduğunu qeyd edən təhsil eksperti Məlahət Mürşüdlü isə deyib ki, əvvəllər ali məktəbləri bitirib rayonlara işləməyə gedən müəllimlərə müəyyən güzəştlər edilirdi, torpaq sahələri verilirdi, əmək haqqı artırılırdı, kommunal xərcləri ödənilirdisə, artıq bu proqram dayandırılıb. Mütəxəssisin sözlərinə görə, bu proqramın həyata keçirilməsi rayonlarda həmin problemin həll edilməsinə dəstək oldu: "Lakin bu proqram neçə vaxtdır ki, başa çatıb. Yenidən rayonlarda, əsas da sərhəd zonalarda kadr çatışmazlığı meydana çıxıb”. Ekspert hesab edir ki, tələbələrin əksəriyyəti, nədənsə, kənd yerlərinə işləməyə getmək istəmirlər, hamı şəhərə can atır. Məlahət Mürşüdlü problemin həllini bu proqramın yenidən həyata keçirilməsində görür: "Düşünürəm ki, həmin proqram yenidən qüvvəyə minsə, vaxtı uzadılsa, problemin həllinə böyük dəstək olardı. Hökumət qarşısında bu məsələni ciddi şəkildə qoymaq lazımdır. Həmin proqramın davamı olaraq yeni meyarlar əsasında dövlət proqramı hazırlanmalıdır ki, ali məktəbləri bitirmiş müəllimlərə bu tətbiq olunsun, onların rayonlarda sərhədyanı ərazilədə işləməsi təmin olunsun”. M.Mürşüdlü hesab edir ki, Azərbaycanın iqtisadi inkişafı bu güzəştlərin daimi olmasına imkan yaradır və məsələni tam həll edə bilər”.
Aysel Aslan