“Ahıl yaşımda daha emosional olmayacağam”

Tahir Kərimli: “Mən vəzifədən daha çox deputat olanda özümü rahat hiss edirəm”
“Deyərdim, mən bu xalqın, bu millətin vəkili olmaq üçün doğulmuşam”

"Sözün açığı, iqtidar-müxalifət anlayışlarından heç vaxt xoşum gəlməyib. Məni hətta hakimiyyətdə olanda da hakimiyyətə müxalifət biri kimi tanıyırdılar”


Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində qalib gələn siyasətçilərdən biri də 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən namizəd olan Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimlidir. Millət vəkili seçilməsinin partiyanın qərargahında bayram ab-havası yaratdığını vurğulayan T.Kərimli yenidən millət vəkili seçilməyindən böyük məmnunluq duyduğunu və gələcək fəaliyyətini bu imkanı ona yaradan seçicilərinə həsr edəcəyini bildirib.

- Tahir bəy, seçki gününüz necə keçdi?

- Konkret olaraq, 1 noyabr tarixini soruşursunuz, yoxsa ümumilikdə seçki prosesini?

- 1 noyabr...

- Seçki günü qərargahda oturub, proseslə bağlı dəyərləndirmələr aparırdım. 200-dən artıq səlahiyyətli nümayəndəmiz, müşahidəçimiz vardı. Xüsusi dəstə qrupları vardı ki, mütəmadi olaraq, seçkinin gedişatı ilə bağlı qərargaha seçki məntəqələrindən məlumatlar ötürürdülər. Biz də gələn məlumatları ümumiləşdirirdik. Demək olar ki, artıq saat 22:00 radələrində biz qalib olduğumuzu bilirdik. MSK-nın açıqladığı qərardan sonra isə Qərargahda bayram ab-havası yaşandı. Seçki günündən xatirə qalsın deyə, çoxlu fotolar çəkdirib, biri-birimizi təbrik etdik.

- Seçki gününə qədər qalib olacağınıza inanırdınızmı?

- Bəli, bu seçkilərdə qalib gələrək, millət vəkili seçiləcəyimə inanırdım. İçimdə bir əminlik vardı. Təbii ki, bunun üçün əsaslı səbəblərim də vardı. Çünki bunun üçün xeyli əziyyət çəkmiş, təbliğat-təşviqat mərhələsində böyük işlər görmüşdüm. Seçicilərimlə 40-dan artıq görüşdə 80-dən artıq kəndin nümayəndələri ilə təmasda olmuşam. Ən sonda isə şəhərdə görüş-mitinq keçirmişəm. Bütün görüşlərin əvvəli ilə sonu tamamilə fərqlənirdi. Çünki görüşə gələn seçicilər umu-küsü edir, görüşünə gedəcəkləri namizədə hardasa inam göstərmirdilər. Lakin onlarla görüşdən, qarşılıqlı fikir mübadiləsindən sonra seçicilərdə inam yarada bildim. Bu inam onların öz ətraflarında da mənim təşviqatımı aparmalarına səbəb oldu. Əslində devizim də "Bu günə inam, sabaha inam” şüarı idi.
Digər tərəfdən də seçildiyim 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin seçiciləri məni çox gözəl tanıyırdılar. Mənim babam Qaçaq Vahid haqqında tarix kitablarında, ensiklopediyalarda məlumat var. Atam həmin bölgədə rəhbər vəzifədə çalışıb və ancaq xeyirxahlıqla məşğul olub. Ən nəhayət isə özüm haqqında məlumatları var. Qeyri-təvazökarlıq kimi anlaşılmasın, mən nəslimdən Qarabağ savaşında qurban vermişəm, hakimlik vəzifəmdən, var-dövlətimdən Azərbaycanın müstəqilliyinə görə imtina etmişəm, rahatlığımı, dinc həyatımı Vətənə fəda etmişəm və buna görə peşman da deyiləm. Müstəqillik aktına imza atan ilk şəxslərdən biri də mənəm. Namizədliyimi irəli sürdüyüm dairə ərazisindəki insanlar da bu həqiqətləri bilir və ona görə də məni çox yaxşı qarşılayırdılar. Bacardığım qədər Ağsu-İsmayıllı dairəsindən olan seçicilərimi inandırmağa çalışdım. Bu inam isə sonda mənə qarşı böyük etimada çevrildi. Gələcəkdə deputat kimi fəaliyyətimdə bu inamı, etimadı doğrultmağa çalışacağam. Xalqımızın dövlətə və hakimiyyətə inamını daha da artıracağam. Keçirdiyim görüşlərin heç birində insanlara şəxsi vədlər vermədim. Platformamda olan məsələlərlə onları bir daha tanış etdim. Onların güclü dövlət, milli birlik, peşəkar parlamentə nail olmaqla, sabitliyi qorumaq və ölkə başçısının yürütdüyü siyasi xəttə dəstək verməklə həllinin mümkünlüyünü qeyd etdim. Onlar da gördülər ki, mənim ürəyim bu xalq, millət üçün necə yanır. Hətta onu da deyim ki, görüşlər zamanı seçicilərimin mənə olan münasibəti fonunda daha yüksək nəticə gözləyirdim. Əgər beynəlxalq təşkilatlar, rəqiblərimiz, jurnalistlər, ictimaiyyət nümayəndələri Ağsu-İsmayıllı seçki dairəsində əhali arasında sorğu aparsalar və orda yaşayanların 20 faizi mənim seçilməyimlə bağlı nəticəni inkar etsə, deputatlıqdan istefa verərəm. Xalqımın məni seçdiyinə əminəm. Mən də Milli Məclisdə xalqın səsi olacam.

- Uzun illik fasilədən sonra yenidən millət vəkili olmaq necə hissdi?

- Deputatlıq mənim üçün həmişə doğma hiss olub. Hətta deyərdim, mən bu xalqın, bu millətin vəkili olmaq üçün doğulmuşam. Bu günə qədər müxtəlif yüksək vəzifələrdə, məhkəmə, hüquq sistemində işləmişəm, amma heç biri mənə millət vəkili olmaq qədər doğma olmayıb. Yəni digər vəzifələrdən daha çox deputat olanda özümü rahat hiss edirəm və bu hiss mənə xoş gəlir. Ən azından bilirəm ki, məni xalqım seçib. Mən də bu etimadı doğruldaraq əlimdən gəldiyi qədər dövlətimə, millətimə xidmət etməyə çalışacam.

- Millət vəkili kimi gələcək planlarınız nədən ibarətdir? Milli Məclisdə daha çox hansı problemləri qaldıracaqsınız?

- Yuxarıda da qeyd etdiyim kimi, mənim əsas devizim "Bu günə inam, sabaha inam” şüarı idi. Mən ilk növbədə qarşıdakı 5 il müddətində dövlətimə inamın artmasına çalışacam. Milli birliyimizin möhkəmləndirilməsi və ölkəmizdə sabitliyin təminatı mənim üçün hər şeydən öncə gəlir. Eyni zamanda, Dağlıq Qarabağ probleminin ədalətli həlli, iqtisadiyyatımızda sosial ədalət prinsipinin gözlənilməsi məsələlərinə diqqət ayırıb, ümumilikdə vətəndaşları narahat edən problemlərin həllinə çalışacam. Mənəvi dəyərlərimizin qorunması istiqamətində də çıxışlar etmək planım var.

- Bu gün parlamentdə təmsil olunan partiyalar cəmiyyət arasında iqtidaryönlü və müxalifyönlü partiyalar kimi dəyərləndirilir. Maraqlıdır, Vəhdət Partiyasının mövqeyi bu yönlərdən hansına yaxın olacaq?

- Vəhdət Partiyası hətta özünün imicinə zərbə olsa belə, bu günə qədər heç bir seçki blokuna qoşulmayıb. Biz heç vaxt kiminsə yanında yer almamışıq. "Vəhdət” hər zaman mərkəzi mövqedə, haqqın yanında olub. Sözün açığı, iqtidar- müxalifət anlayışlarından heç vaxt xoşum gəlməyib. Məni hətta hakimiyyətdə olanda da hakimiyyətə müxalifət biri kimi tanıyırdılar. Biz iqtidarlı-müxalifətli hər bir siyasi partiyanın yaxşı tərəflərinə dəstək, pis tərəflərinə qarşıyıq.

- Parlament seçkilərini izləmək üçün ölkəmizə gələn beynəlxalq müşahidəçilərin seçki yanaşmasını necə dəyərləndirirsiniz?

- Sədr başda olmaqla seçkiləri izləyən beynəlxalq müşahidəçilərlə 45 dəqiqəlik görüşüm oldu. Bu müddət ərzində missiyanın rəhbəri və digər deputatlarla seçki prosesi, Dağlıq Qarabağ münaqişəsi, müxalifət-iqtidar münasibətləri ilə bağlı müzakirələr apardıq. Eyni zamanda, onların məhkəmə hüquq islahatları ilə bağlı mənə ünvanladıqları sualları cavablandırdım. Azərbaycan müxalifətinin zəif olmasının, seçkilərdə uğur qazana bilməməsinin gerçək səbəbini onlara izah etmişəm. Eyni zamanda Qərbin, Avropanın Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə törətməsini də onlara xatırlatmışam. Hətta onların müsəlman dövlətlərinə qarşı münasibətinə də qəti şəkildə öz etirazımı bildirdim və bəyan etdim ki, Azərbaycan müsəlman dövləti olduğu üçün qərb ərazi bütövlüyümüzün bərpasına mane olur.
Konkret olaraq, seçki prosesinə gəldikdə isə onların hesabatlarını müsbət dəyərləndirdim. Eqoizm kimi dəyərləndirilməsin, amma mənim millət vəkili seçilməyimin simasında beynəlxalq müşahidəçilər bir daha əmin oldular ki, Azərbaycanda xalqla-dövlətin seçimi üst-üstə düşür.

- İstər təbliğat-təşviqat kampaniyası, istərsə də seçki günündə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən namizəd olan digər şəxslərlə aranızda hansısa gərginlik yaşandımı?

- Əvvəla onu deyim ki, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində 18 nəfər namizəd millət vəkilliyi uğrunda mübarizə aparırdı. Sonradan həmin namizədlərin 3-ü mənim xeyrimə namizədliklərini geri çəkdilər. Seçki prosesi başa çatıb, mənim qalib olduğum elan olunandan sonra 3 nəfər namizəd istisna olmaqla rəqiblərimin hər biri məni təbrik elədi. Seçki prosesində aramızda heç bir gərginlik yaşanmadı və bunun üçün zəmin də yox idi.

- Sizin 1993-cü ildə Milli Məclisdə emosional və gərgin çıxışınızın yenidən gündəmə gəlməsinə reaksiyanız necə oldu?

- Həmin kadrların hansı məqsədlə yenidən ortaya çıxarılmasını bilmirəm, amma bu addımı düzgün hesab etmirəm. "Əvvəla, indi mənim ahıl vaxtımdı. İkincisi, bizim o vaxt qurduğumuz hakimiyyət əldən gedirdi və mənim yerimə kim olsaydı, o cür hərəkət edərdi. Digər tərəfdən, mən çıxışımda heç kimi təhqir etməmişəm. Çox təəssüf edirəm ki, çıxışımın əsas hissəsi bir kənarda qalır, ancaq emosional hissəsinə diqqət edirlər. Mən həmişə qanunlara riayət edən olmuşam və bu dəfə də çalışacağam ki, belə olsun. Həmin an elə həlledici bir məqam olduğuna görə çıxışım bədahətən oldu. Mən orda öz hakimiyyətimizi xəyanətdə ittiham etmişəm. Güman edirəm ki, ahıl yaşımda belə hal bir daha təkrarlanmaz”.

Şəymən