Ailə çaşqınlıq içərisindədir

Tələbə qızın "donuz qripi" xəstəliyindən öldüyü təsdiqlənmir
"Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib"



18 yaşlı tələbə qızın qəfil ölümü «donuz qripi» virusu təhlükəsini gündəmə gətirib. Baxmayaraq ki, rəsmi qurumlar tələbə qızın H1N1 virusu - «donuz qripi»ndən dünyasını dəyişdiyini inkar edir, hələ də əhali arasında çaşqınlıq qalmaqdadı.
Tələbə qız nədən dünyasını dəyişib?
Qeyd edək ki, Bakı Dövlət Universitetinin "Tarix” fakültəsinin birinci kurs tələbəsi, 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadənin vəziyyəti yanvarın 25-də pisləşib və o, Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Lakin onun vəziyyəti ağırlaşdığı üçün sonradan Babək prospektində yerləşən "Bakı Medical Plaza”ya aparılıb. Həkimlərin səyinə baxmayaraq Nərdanənin həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 29-da vəfat edib.

Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: "Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.

İlhamə İgidova «baku-post»a açıqlamasında deyib ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: "Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.

Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələnəndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib.

Səhiyyə Nazirliyinin məlumatında isə bildirilir ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.
Məlumatda bildirilir ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb.

Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

"Qeyd edək ki, leptospiroz çox nadir rast gəlinən xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır.
İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb", - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Məlahət Rzayeva