Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəyə lazımdır?

Naibə Qurbanova: “Toxunduqları problem təkcə erkən nikahlar, regionlarda keçirdikləri tədbirlərdən ibarət olmamalıdır”
Lalə Mehralı: “Komitə işini tək erkən nikah problemi ilə yekunlaşmış hesab edə bilməz, ölkəmizdə yeniyetmə və uşaqların narkomaniya bəlasına düçar olması faktları var”


Böhranla bağlı son zamanlar bəzi dövlət qurumlarının ixtisarı nəzərdə tutulub. Sosial şəbəkələrdə sözükeçən məsələnin müzakirəsi zamanı ləğvinə ehtiyac olan qurumlardan biri kimi Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adı hallanıb. Fəaliyyəti yararsız olan bu Komitənin illərdir erkən nikahlardan başqa heç bir problemə diqqət çəkmədiyi vurğulanıb.

Sanki ölkədə qadınlarla bağlı tək problemli məsələ budur. Biz elə bu müzakirələrə əsasən Komitənin fəaliyyəti ilə bağlı ictimaiyyət üzvlərinin fikirlərini öyrəndik. Görəsən, Azərbaycanda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ehtiyac varmı? Ümumiyyətlə, bu qurumun funksiyası nədən ibarət olmalıdır?

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Naibə Qurbanovanın sözlərinə görə, bu komitənin işi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməkdir: "Yəni bu orqan ailələrlə birbaşa işləməyə cavabdeh deyil. Ailələrlə birbaşa işləməli orqan, onlarla sosial işi təşkil etməli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələridir. Bundan əlavə, yerli icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri üzrə yerli rayon komissiyaları da sosial işçilər işə cəlb etməli və ehtiyaclı kateqoriyadan olan ailələrlə işi təşkil edib onların gücləndirilməsi üçün razılaşdırılmış planlar əsasında işləməlidirlər. Görünən odur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə iş qalmır. Komitənin əsas fəaliyyət istiqamətlərində qeyd olunub ki, fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü işlər aparıb. İşlər barədə komitə keçirilən mətbuat konfranslarında, illik hesabatlarda məlumat verir. Amma nəticə yoxdur. Bu sahədə vəziyyət ildən-ilə qəlizləşirsə, deməli, ya komitənin profili yenilənməli, ya da fəaliyyət strukturunda dəyişiklik olunmalıdır. Ən azından komitənin adı dəyişdirilməlidir. Toxunduqları problem təkcə erkən nikahlar, regionlarda keçirdikləri tədbirlərdən ibarət olmamalıdır. Apardıqları müşahidələrdən konkret faktlara söykənən konsepsiya hazırlanmalı, yuxarı instansiyalara ötürülməlidir. Bütün qabaqcıl ölkələrdə bu sistem uğurla işləyir. Psixoloji problemli, aztəminatlı ailələr və uşaqlarla preventiv işlər görülməlidir. Bizdə bunun üçün hüquqi normativ baza mövcuddur. "Sosial xidmət haqqında” Qanun qəbul edilib. Qanunvericiliyin imkanları çərçivəsində tədbirlər görülməli, ailə instititunun dağılmaması üçün işlər görülməlidir”.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə hesab edir ki, Komitənin ləğvi doğru addım olmazdı. Onun sözlərinə görə, indiki şəraitdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə Azərbaycanın ehtiyacı var: "Amma sözün həqiqi mənasında fəaliyyəti nəzərdə tuturam. Komitə işini tək erkən nikah problemi ilə yekunlaşmış hesab edə bilməz, ölkəmizdə yeniyetmə və uşaqların narkomaniya bəlasına düçar olması faktları var, bu sahədə addımlar ata bilər, internat evlərindən 18 yaşı tamam olan kimi azad həyata buraxılan gənclərlə bağlı layihələr reallaşdıra bilərlər. Fiziki qüsuru olub evə qapanan insanların cəmiyyətə qazandırılması üçün nəsə edə bilər. Ediləcək şeylər çoxdur, sadalasaq, hamısını bir qəzet səhifəsinə sığdırmaq olmaz. Demirəm ki, Komitə heç nə etmir, yox, son illərin layihəsi olan Dəstək Mərkəzləri layihəsini çox bəyənirəm. Bildiyim qədəri ilə bu Mərkəzlərin sayı 12-ni keçib. Dəstək Mərkəzlərinin fəaliyyətində olduqca müsbət məqamlar var. Mərkəzlər problemli, münaqişəli ailələri axtarıb tapır, nəzarət altına alır, psixoloji, hüquqi, sosial yardımlar göstərir, bu ailələrin uşaqları ilə məşğul olurlar, dil öyrədirlər, məşğulluq baxımından çox effektivdir. Qadınlara öz gəlirini necə əldə etməyin yolları öyrədilir, peşə seçimində, əl əməyini satışa çıxarmaqda yardım göstərilir. Amma azdır. Çox azdır bu qədəri ilə yetinmək. Daha geniş və daha effektiv işlər görmək lazımdır. Gənc analarla işləmək lazımdır, bu, ən vacib məqamdır. Körpə sağlamlığından tutmuş tərbiyəsinə, ailə büdcəsinin idarəsindən düzgün münasibət qurmağadək hər şeyi öyrətmək lazımdır. Səhiyyə Nazirliyi ilə əməkdaşlıq effektiv olar. Gənc analara körpəni sağlam yolla böyütmək üçün ana südü ilə qidalandırmanın təbliği üçün nazirlik-komitə əməkdaşlığı yaxşı nəticə verər”.

Şəymən