Ailə quranların da sayı azalır

Gənclər ətrafdakı boşanma hallarını görüb evlənməkdən qorxurlar




Bu ilin yanvar-mart aylarında boşananların və evlənənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. 2017-ci ilin yanvar-martında Azərbaycanda evlənənlərin sayı 13305, boşananların sayı 3611 nəfər olub.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 373 nəfər az) nikaha daxil olub. Bu ilin yanvar-mart aylarında 3556 nəfər boşanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 nəfər azdır.

Ailə quran və boşanan şəxslərin sayının azalması nə ilə bağlıdır? Cəmiyyətdə ailə münasibətləri ilə bağlı düşüncə tərzinin dəyişməsi evliliklərin azalmasına və ya bitməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı "Şərq”ə danışan sosioloq-jurnalist Lalə Mehralının fikrincə, yüksək boşanma statistikası bizə çoxdan xəbərdarlıq edirdi ki, evliliklərin sayında da azalma müşahidə ediləcək:

 "Çünki cəmiyyətdə baş verən hər şey biri-biri ilə sıx əlaqədədir, bir vəziyyətin sonu digərinin başlanğıcı və ya əksinədir. Evlənən hər 10 ailədən ən az 4-5-nin boşandığını görən subayın evlənmək üçün həvəsi, istəyi və ya marağı qalmır. Ailə qurmaq üçün ən vacib şərt olan güvən, etibar itir, gənclər biri-birinə inanmır, hamı biri-birinin qarşı tərəfdən umacağının olduğunu düşünür. 

Baxın, tərəflər evlənməyə qərar verir, toy hazırlıqlarına başlanılır, bundan sonra problemlər bulaq kimi qaynayır. Kimsə biri-birinə güzəştə getmək istəmir, alınacaq əşyaların, qızıl-zinətin ən bahalısını tələb edən qız qalib olur, qayınana da istədiyi cehizi gətirtdirir. Bütün bunların fonunda tərəflər mənəvi böhran keçirdiklərinin fərqində olmurlar. 

Beləcə ailə qurulur, bundan sonra hər şey bir-bir gün üzünə çıxır - borclar, xasiyyətlər, çatışmazlıqlar və s. Bütün bunlardan sonra ailədə etibar, inam, güvən qalmır və ailə olmaqdan çıxırlar. Bu halda boşanmaqdan başqa çarə qalmır. Məşhur atalar sözündə deyildiyi kimi, gözü çıxan qardaşdan dərs almaq lazımdır.

 Gənclər də ətraflarındakı boşanma hallarını görüb evlənməkdən qorxurlar. Çünki evləndikdən sonra onları nəyin gözlədiyini təxmin edə bilmirlər - ya xoşbəxtlik, ya bədbəxtlik - heç birinə əmin deyillər”.

Yeganə Bayramova