AKP-nin təkbaşına hakimiyyət olması çətindir

Anket sorğusuna görə MHP-nin səsləri azalacaq, HDP isə barajı aşacaq



Türkiyədə seçki günü yaxınlaşdıqca özəl şirkətlər əhali arasında keçirdikləri sorğuların nəticələrini açıqlamağa başlayıblar. Açıqlanan nəticələrdə maraqlı məqamlar üzə çıxıb.

Baş nazirin keçmiş müavini Ali Babacan AKP-nin əlində olan seçki anketinin nəticələrindən danışıb. Televiziyaların birində xəbərlər proqramına qonaq olan Babacan hakim partiya üçün pessimist proqnozlar verib. O deyib ki, anket nəticələri AKP-nin təkbaşına iqtidara gəlişini "çətinləşdirir”. Babacana görə, AKP-nin taleyi bitərəf seçicilərin əlindədir: "Seçkidə əsas rolu qərarsız seçicilər oynayacaq. Hər şey bazar günü, yəni ayın 1-i bəlli olacaq. O zaman biləcəyik ki, seçkidən təkbaşına hökumət çıxacaq, yoxsa koalisiya hökuməti”.

"AKP-nin təkbaşına iqtidar olmasına az qaldı”

Baş nazirin hazırkı müavini Yalçın Akdoğan isə deyib ki, anketler AKP-nin təkbaşına hakimiyyətə gələcəyindən xəbər verir. Siyasi aktivliyin zəiflədiyini vurğulayan Akdoğan bunu Dağlıcada və Ankaradakı terror hadisəsi ilə əlaqələndirib: "Belə günlərdə həmrəylik nümayiş etdirməyə böyük ehtiyac var. Ona görə də biz AKP olaraq siyasi təbliğatı arxa plana atmışıq. Terroru unutdurmaq üçün həyatı normallaşdırmaq lazımdır. Həm də nəzərə alaq ki, seçki ərəfəsində bu hadisələrin əsas hədəfi sandığa kölgə salmaqdır. Ancaq terrorçular Türkiyəni harasa istiqamətləndirə bilməz, ölkəyə yön verəcək yeganə faktor xalqdır. İnsanlar müstəqil seçim edərək sərbəst şəkildə səsini verməli, dövlətin taleyinə biganə yanaşmamalıdır.

"HDP bu seçkidə də barajı keçəcək”

"Metropol Araşdırma” şirkətinin qurucusu Özer Sencar 1 noyabr seçkilərində HDP-nin 13 faizlik barajı aşacağını və AKP-nin 261 millət vəkili çıxaracağını deyib: "Bəziləri böyük dəyişiklik gözləyir. Amma ciddi nəsə baş verməyəcək. HDP əvvəlki seçkidə aldığı səsi yenə əldə edəcək. AKP-nin təkbaşına hakimiyyətə gəlməsi mümkün olmaya bilər. Hər halda bazar gününün sonunda hamı real nəticəni görəcək”.

"Son anketə görə MHP-nin səsləri azalacaq...”

"Metropol” Şirkətinin araşdırmasına görə, AKP və CHP-nin səs faizlərində yüksəlmə var, amma MHP-nin səsi bir qədər azalıb. MHP-nin itirdiyi səslər HDP-yə gedib. Sorğuya əsasən MHP seçicilərin 16 faizinin səsini alacaq. 7 iyun seçkisində 40,9 səs alan AKP-nin budəfəki seçkidə 42,5 faiz səs toplayacağı iddia edilir.

İsmayıl