
Aldadıcı özgüvən: İnsanlar səhv hərəkətlərindən əl çəkmirlər
“Hər gün ətrafımızda neçə-neçə bədbəxt hadisələr baş verir”“Biri pilləkəndən, biri eyvandan, biri damdan yıxılır, biri pəncərə silərkən, ev təmizləyərkən qolunu-qıçını sındırır, hamamda, ayaqyolunda sürüşüb əl-qolunu şikəst edənlər var”

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xırdalanda yaşayan Akif Qurbanov evinin eyvanından - 11-ci mərtəbədən ehtiyatsızlıq nəticəsində yıxılıb. O, hadisə yerindəcə ölüb.
Bu bədbəxt hadisə, "Uşaqlığın son gecəsi” filmindəki epizodu yada saldı. Davud həyətdəki köhnə pilləkəndən qurtulmaq üçün Murada ərizə yazdırır: "... uşaqlar pilləkəndən yıxılıb ölürlər...” Murad etiraz edəndə ki, bəlkə "əzilirlər” yazaq, qoymur, "yoox, "ölürlər” yaxşıdı, alə qoy gəlib bu pilləkəni rədd eləsinlər...”.
İndi, zarafat bir yana, oxşar bədbəxt hadisələr son zamanlar tez-tez baş verir. Gah yaşlı qadın eyvandan yıxılır, gah da gənc xanım pəncərə silərkən yıxılır.
Xatırlayırsınızsa, ötən il heyrətli bir hadisə də baş vermişdi.
Yaşlı bir qadın eyvanda paltar sərmək istəyirmiş, ayağının altına plastmas vanna qoyub, gözlənildiyi kimi vanna sürüşüb, qadın da yıxılmışdı. Evin damına çıxıb televizor antenasını düzəltməyə cəhd göstərən, elektrik naqilini bağlamaq istəyən və s. məişət işləri zamanı həyatını itirənlər bir deyil, iki deyil. Buna, "tale”, "alın yazısı” deyib üzərindən keçə də bilərik. Həmçinin, "insanlar niyə ehtiyatı əldən verir” sualına cavab da axtarmaq olar. Yəni, insan ömrü bu qədərmi ucuzlaşıb ki, yuxarı mərtəbədə pəncərə silmək "eşqinə” düşən, dama çıxıb antenanı o tərəf bu tərəfə fırladan insan təhlükəni gözə almır?!
Məsələni psixoloqla çözməyə çalışdıq.
Mənzillərdə ehtiyat tədbirləri görülmür
Psixoloq Dəyanət Rzayev insanların əksəriyyətinin aldadıcı özgüvənə sahib olduqlarını bildirdi:
- İnsanların çoxu bu qənaətlə hərəkət edir; bu, mənim başıma gəlməz. Hər gün ətrafımızda neçə-neçə bədbəxt hadisələr baş verir. Biri pilləkəndən, biri eyvandan, biri damdan yıxılır, biri pəncərə silərkən, ev təmizləyərkən qolunu-qıçını sındırır, hamamda, ayaqyolunda sürüşüb əl-qolunu şikəst edənlər var. Amma yenə də insanlar səhv hərəkətlərindən, səhv yanaşmalarından əl çəkmirlər. Mətbəxin, hamamın döşəməsi təmir edilərkən sürüşkən olmayan materialdan istifadə etmək olar, amma bizim camaat ən bahalı materialı seçir. Halbuki, o material həyat üçün təhlükəlidir. Döşəməyə bir balaca su tökülən kimi xanımın ayağı buzun üstündəki kimi sürüşür, yerə dəyir.
Əlindəki də çiling-çiling olur, qolu-qıçı da. Bunlar hamısı insanların başına ehtiyatsızlıqdan gəlir. Həm də bilməməzlikdən. Ev təmir edilərkən ustalara müraciət edilməlidir ki, hansı materiallar istifadə olunsa, yaxşıdır. Hündür mərtəbəli binada yaşayırsınızsa, eyvandan, pəncərədən yıxıla biləcəyinizi gözə almalısınız və buna qarşı tədbir görməlisiniz. Xüsusilə əgər evdə yaşlı, qoca insan və uşaq varsa. Eyvanda, pəncərədə dəmir məhəccərlər olmalıdır. Bunlar yoxdursa, qapılar, pəncərə tağları möhkəm bağlanmalıdır. Mənzildə hər bir şey diqqətlə, ciddi nəzərdən keçirilməlidir. Elektrik naqilləri necə qoşulub, üzəri açıq qalanı yoxdur ki. Otaqda yelçəkən vəziyyətdirsə, qapı, pəncərə gərək çırpılmasın. Qapının da, pəncərənin örtülməməsi üçün müxtəlif vasitələr var. Bunun qarşısı alınmırsa, bir gün şüşə qırılıb ya öz başınıza düşəcək, ya da yoldan keçən birinin. Təəssüf ki, bizim əhali belə məsələlərə fikir vermir. Səhlənkarlıq edir.
Pəncərəyə dırmaşıb silməyin!
D.Rzayev mənzildə təmizlik işlərinin xüsusi işçilərə həvalə edilməsini məsləhət gördü:
- Şəxsən mən evdə pəncərələrin silinməsinə qəti qadağa qoymuşam. Bir dəfə anam istəyirdi pəncərələri silsin, qoymadım. Təmizlik işləri üçün adam çağırıram və fikir verirəm ki, bu adam, qadın xeylağı olmasın. Pəncərə silmək üçün xüsusi xidmət növü var. İldə bir neçə dəfə onlara sifariş verirəm, gəlirlər, təhlükəsizliyə riayət etməklə pəncərələri silirlər. 50 manat verirəm, silirlər. Yaxşısı budur, 50 manat xərcə düşüm, amma heç kim yıxılıb ölməsin, əzilməsin. Heç vaxt icazə vermirəm ki, təhlükəsizlik kəməri olmayan fəhlə eyvana çıxıb orada nəsə bir iş görsün. Yayda kondisioner quraşdıranda fəhlələri təhlükəsizlik kəməri vurmağa məcbur etdim. Şirkətlərinə zəng etdim, dedim, bu fəhlələrin təhlükəsizlik kəmərləri yoxdur, icazə vermirəm quraşdırma işləri aparsınlar. Fəhlələr and-aman edirdilər ki, birinci dəfə deyil, bu işi görürük, o qədər mənzildə kondisioner quraşdırmışıq. Dedim, yox, mən icazə vermirəm. Sənin də balaların var, yıxılıb başına bir iş gəlsə, kim məsuliyyət daşıyacaq?!
Ümumiyyətlə, hər bir insan iş görməyə başlayarkən təhlükəsizliyini də düşünməlidir. Adam evin damına çıxır antena düzəltməyə, nə bilim, damı təmir etməyə, navalça vurmağa, yerdəkilər dayanıb onu "seyr edir”. Bu adamın birinci növbədə yıxılmaması, Allah eləməmiş yıxılsa da, əzilməməsi üçün nəsə bir tədbir görmək lazımdı. Yenə deyirəm, belə işlər üçün bacarıqlı adamlar, ustalar dəvət edilməlidir. İnsanın qazdan başı çıxmır, qaz plitəsi təmir edir, su borusu dəyişir. Belə işlər üçün xüsusi xidmət əməkdaşları var. Ehtiyat tədbirləri hər mənzildə görülməlidir. Bir də görürsən qadın pəncərənin məhəccərinə çıxıb arxaya qanrılıb pəncərə silir. Bu, aşkar ölümdür!.. Etiraz edəndə deyirlər, birinci dəfə deyil ki, həmişə silirik. İş adamın başına bir dəfə gəlir.
"Ehtiyatsızlıq” deyib, keçməyin!
Psixoloq oxşar hallarda intihar hallarına da diqqət yetirilməsini vacib saydı:
- Bəzən intihar hallarını da "bədbəxt hadisə” adı altında ört-basdır etməyə çalışırlar. Bəzən eşidirik ki, yaşlı bir adam eyvandan yıxılıb həlak olub. Məlumat yayılır ki, ruhi xəstəymiş, ya da ehtiyatsızlıqdan baş verib. Amma məlumdur ki, bu kimi hadisələrdə intihar və ya özünü öldürmə həddinə çatdırma hallarının olması da istisna deyil.
D.Rzayev mənzildə ağır məişət işləri görülərkən xüsusi xidmət növlərinin çağırılmasını məsləhət gördü:
- Hazırda paytaxtda hündürmərtəbəli binaların sayı gündən-günə artır. Yaxşı olar ki, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində binaların fasad hissəsinin təmizlənməsi ilə məşğul olacaq xüsusi bir şöbəmi deyim, qurummu deyim, bir idarə yaradılsın. Elə binalar var, illərlə bayır tərəfdən pəncərələri silinmir. Çünki bu, faktiki mümkün deyil. Çox təhlükəlidir. Amma biz görürük ki, bankların, müasir binalarda yerləşən nazirlik və idarələrin pəncərələrini xüsusi vasitələrlə təmizləyirlər. Şəhərin digər yerlərində də, yaşayış binalarında da bu işlər görülməlidir.
Məlahət Rzayeva