Ali məktəb müəllimləri gözləyir...

Bəzi universitetlərdə maaşlar artırılır


Son illər Bakı Dövlət Universiteti əməkdaşlarının əmək şəraitinin və maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Məlumata görə, ölkə prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən universitet Elmi Şurası büdcə imkanlarını nəzərə alaraq, bütün əməkdaşlarının əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb. Qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb. Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq ayda 100 manat artırılması barədə də qərar qəbul edilib. Onu da xatırladaq ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilmişdi. Maraqlıdır, görəsən, digər ali təhsil müəssisələrində əmək haqlarının artırılmasına dair təşəbbüslər varmı? Sualımıza cavab tapmaq məqsədilə digər ali təhsil müssisələri arasında sorğu keçirdik. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfaqət Kazımlı qeyd etdi ki, digər ali məktəblərlə yanaşı, ADU-da da təhsilin inkişafı üçün çox əhəmiyyətli tədbirlər reallaşdırılır. "Universitetimizdə çalışan professor-müəllim və digər işçilərin sosial rifahının yüksəlməsinə, maddi durumunun yaxşılaşdırılmasına da xüsusi diqqət göstərilir. Ölkə başçısının sədrliyi ilə keçirilən, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezidentin əhalinin sosial müdafiəsinin və əmək haqlarının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, universitetdə az maaş alan işçilərin aylıq əmək haqqına yenidən baxılması nəzərdə tutulub”.

Qurum sözçüsü qeyd edib ki, bu tədris ilindən ADU-nun Elmi Şurasının müvafiq qərarına əsasən universitetdə çalışan professor-müəllim, o cümlədən işçi heyətinin əməkhaqqı artırılıb: "Məlum addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşların sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılması hesabına olub. Universitetdə çalışan kafedra müdirləri 1250 manat, professor 1100 manat, dosent 860 manat, baş müəllim 600 manat, müəllim 500 manat məbləğində əmək haqqı ilə təmin olunublar”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) sözçüsü Tahirə Qafarlı isə sualımıza cavab olaraq bunları deyib: "ADNSU da müəllimlərin, əməkdaşların əməkhaqlarının artırılmasını istərdi. Amma indiki halda belə bir məsələ, yəni əməkhaqlarının artırılmasından söhbət gedə bilməz”.

Ayyət Əhməd