
Alim biabırçı faktın üstünü açdı: “...Ali məktəbi bitirməyib, amma elmlər doktorudur”
“Sanki, tələbəyə pul mənbəyi, müştəri gözündə baxırlar. Ona görə də diplomu olmayanlar düşünürlər ki, asanlıqla pul verib onu alacaqlar”
"Bir müddət əvvəl orta məktəblərdə psixoloq ştatı yarandı. Bu zaman işi olmayan fizika, kimya müəllimləri gedib 3 aylıq kursa yazıldılar. Kursu bitirib sertifikat aldılar ki, guya bunlar psixoloqdurlar”
Ölkəmizdə diplomu olmayan və ya pulla, saxta yollarla diplom alanların əksəriyyəti yüksək vəzifədə çalışır. Bu barədə sosial mediada eləcə də, mətbuatda dəfələrlə müzakirələr açılıb. Insanlar və ya istifadəçilər daha çox ali təhsili, dünyagörüşü, heç bir intellekti olmayanların müxtəlif sektorlarda yüksək vəzifə tutmalarına sərt təpki göstərirlər. Hətta bu məsələ daha çox ötənlərdə Azərbaycan Dillər Universitetində (ADU) masaj kursunu bitirən xanımın insan Resursları Deparatamenti kimi mühüm bir şöbədə çalışması aktuallaşanda növbəti dəfə gündəmə gəldi . Və bunun ətrafında ciddi fikir mübadiləsi aparıldı. Müəyyən tənqidi fikirlər, ictimai qınaqlar səsləndirildi. Amma sonralar bunun heç bir faydası müşahidə olunmadı. Çünki bu fon hər birimizə tanışdır və hər zaman belə halların şahid olmuşuq. Əlbəttə, hansısa özəl və dövlət müəssisəsində bu cür halın yaranması ümumi işin ziyanına işləyir.
Sosioloq-alim Əhməd Qəşəmoğlu da "Sherg.az”a açıqlamasında özəl və dövlət sektorlarında diplomsuz çalışanların kifayət qədər çox olduğunu vurğuladı.
Sosioloq qeyd etdi ki, cəmiyyətdə bu sahədə uzun müddətdir ki, bir aşınma gedir:

"Təəssüf ki, ölkədə diplomsuz çalışmaqla bağlı məsələlərə diqqət yetirilmədiyinə görə, saxta diplomlar da çoxluq təşkil edir. Bir qisim insanlar var ki, gedib Tiflisdən, Rusiyadan diplom alıb gəliblər. Hətta bəziləri rus dilində danışa bilmir, amma Rusiyanın diplomunu alıb. Adam tanıyıram ki, ali məktəbi bitirməyib, amma elmlər doktorudur. Pulla diplom alırlar, sonra namizədlik və doktorluq müdafiə edirlər, yüksək postlarda çalışırlar. Hər zaman demişəm ki, bizim bir çox diplomlarımız universitetlərə ödəniş haqqında qəbzdir, diplom deyil.
Kimsə pulunu ödəyir və onu kursdan kursa keçirirlər, universitetdən xaric etmirlər. Çünki ortada pul var. Bu cür halların olması təhsil sisteminin eybəcərləşməsinə şərait yaradır. Tələbə pis oxuyursa oxusun fərqi yoxdur, universitetin həmin tələbəni xaric etməkdə heç bir marağı olmur. Sanki, tələbəyə pul mənbəyi, müştəri gözündə baxırlar. Ona görə də diplomu olmayanlar düşünürlər ki, asanlıqla pul verib onu alacaqlar”.
Ə.Qəşəmoğlu diqqətə çatdırdı ki, tarix boyu tanınmış inqilabçılar arasında da ali təhsili olmayanlar var idi. Amma heç olmasa həmin şəxslərin yüksək dünyagörüşü, intellekti olub:
"İnsanın ali təhsili yoxdursa, ona savadsızdır deyə qəti şəkildə höküm vermək də çətindir. Amma əlində saxta və pulla alınmış diplomu olan adamlara qarşı mübarizə aparmalıyıq. Hətta belələrinə qanunvericilik səviyyəsində maddə tətbiq edib cinayət tərkibli iş açmaq lazımdır. Çünki belə adamlar bizə saxta diplom təqdim edir. Necə ki, saxta dərman satmağın cinayət məcəlləsində maddəsi var, həmçinin bu istiqamətdə də ciddi işlər görülməlidir.
Cəmiyyətdə hansısa bir məsələ başlı-başına buraxılıbsa, orada ilk növbədə inzibati metodlar daha çox rol oynamalıdır. Yoxsa maarifləndirmə işləri aparmaqla heç nəyə nail olan deyilik. Ona görə də bu problemlərlə bağlı qanunvericilikdə müəyyən maddə olmalıdır və inzibatı cəzalar tətbiq edilməlidir. Həmçinin belə insanlar mətbuatda kifayət qədər ifşa edilməlidir ki, digərləri bu yola əl atmağın yanlış olduğunu dərk etsin”.
Sosioloqun sözlərinə görə, bu gün müəllimlər arasında saxta yolla və pulla diplom alıb dərs deyənlər var:
"Bir müddət əvvəl orta məktəblərdə psixoloq ştatı yarandı. Bu zaman işi olmayan fizika, kimya müəllimləri gedib 3 aylıq kursa yazıldılar. Kursu bitirib sertifikat aldılar ki, guya bunlar psixoloqdurlar. Amma əminliklə deyirəm ki, bütün bunlar saxtakalıqdır. Bir dəfə məni dəvət etmişdilər ki, həmin kurslarda mühazirə oxuyum. Bir neçə dəfə gedəndən sonra başa düşdüm ki, orada nə oyunlar gedir və həmin kurslara getmədim.
Bilirdim ki, digər otaqda pul yığırlar, sertifikatların qiymətinin nə qədər olduğunu müzakirə edirlər. Təbii ki, elə yerdə dura bilməzdim. Amma görün nə qədər insanlar var ki, pulla sertifikat alır və məktəbdə "psixoloq” kimi çalışır. Ona görə də məktəblərimizdə psixoloqa ehtiyac yaranan zaman vəziyyətin nə gündə olduğunu görürük. Bu məsələlərə qanunvericilik səviyyəsində ciddi yanaşılmalıdır. Yoxsa heç bir nəticə əldə edə bilməyəcəyik”.
Yeganə Bayramova