Alınmadı: Ankara-Moskva gərginliyi planları dəyişdi





Türkiyə Baş naziri Əhməd Davudoğlunun "Azərbaycanla birlikdə Dağlıq Qarabağı işğaldan azad etməyə hazırıq” bəyanatı Rusiyanın ciddi narahatlığına səbəb olub. Bəyanatdan dərhal sonra rus rəsmiləri ard-arda sərt açıqlamalar verməyə başlayıblar. Rusiyalı general-polkovnik Leonid İvaşov televiziyadakı çıxışında bildirib ki, Türkiyənin Dağlıq Qarabağ probleminin həllinə qarışmağa ixtiyarı yoxdur:

"Ermənistan Rusiyanın müttəfiqidir. Bu nöqteyi-nəzərdən Türkiyə Baş nazirinin və silahlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməyi yolverilməzdir. Əgər Dağlıq Qarabağda müharibə başlayarsa və Türkiyə müdaxilə edərsə, Rusiya dərhal məsələyə qarışmağa borcludur. Əks halda, KTMT deyilən bir ittifaqın bir mənası qalmaz”. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Azərbaycan Rusiyanın mühüm tərəfdaşıdır. İki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələr var. Amma bununla yanaşı, Azərbaycanın qardaş Türkiyə ilə çox sıx hərbi əməkdaşlığı mövcuddur. Bəs, rusiyalı ekspert hansı əsasla Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin müdaxiləsini doğru hesab etmir və işğalçı Ermənistanı dəstəkləyir? Ekspert hesab edir ki, Rusiya KTMT üzvü kimi Ermənistanın ərazisini qorumağa borcludur. Ancaq Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığını "unudur”...

Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya-Türkiyə arasında yaranan gərginlikdən və Davudoğlunun bəyanatından sonra Kreml Dağlıq Qarabağ ətrafında gedən danışıqlar prosesini pozmağa çalışacaq: "Şayiələr gəzirdi ki, guya, Rusiya Qarabağ ətrafı bir neçə rayonu boşaltmaq məqsədi ilə Ermənistana təzyiq edəcək və bunun qarşılığında Azərbaycan Avrasiya İttifaqına üzv olacaq. Artıq bu cür şayiələr tamamilə gündəmdən çıxacaq. Rusiya rəsmi Ankara ilə əlaqələrin gərginləşməsi fonunda heç vaxt Türkiyənin müttəfiqi olan Azərbaycanın xeyrinə addım atmaz. Bu məsələ birmənalı olaraq arxa plana keçdi”. Politoloqun fikrincə, Davudoğlu öz açıqlaması ilə Türkiyə və Azərbaycanın hərbi-strateji müttəfiq olduğu mesajını verir: "Baş nazir deyir ki, Rusiya Azərbaycanın maraqlarına zidd addım ata bilməz. Son günlər biz görürük ki, rus televiziyalarında çıxış edən ekspertlər Türkiyə ilə yanaşı, Azərbaycanı da hədəf alıblar. Səbəb isə Azərbaycanın qardaş ölkəni dəstəkləməsi və Türkiyənin ən yaxın müttəfiqi olmasıdır. Əvvəllər bu məsələ rusiyalı ekspertlərdə qıcıq oyatmırdı. Amma son zamanlar cərəyan edən proseslərdən, xüsusən, Türkiyə ilə yaranan gərginlikdən sonra şovinist dairələrin maskası cırıldı. İndi əksər rusiyalı rəsmilər açıq şəkildə işğalçı Ermənistanı dəstəklədiklərini etiraf edirlər”. E.Şahinoğlu bildirib ki, Azərbaycanın Türkiyəyə yardım əli uzatması olduqca təqdirəlayiqdir: "Prezident İlham Əliyev çox müsbət addım atdı. Rusiya sərhəddindən buraxılmayan türk TIR-larının tranzit ölkə kimi Azərbaycandan keçməsi əslində rəsmi Bakının mövqeyini ortaya qoyur. Bundan sonra yük maşınları Xəzər dənizi üzərindən Orta Asiya ölkələrinə gedə biləcəklər və bu zaman tələb olunan gömrük haqqı kifayət qədər azaldılacaq. Çox güman ki, bu razılıq Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri zamanı əldə edilib. Qarşılıqlı açıqlamalar və atılan addımlar bir daha göstərir ki, Azərbaycan və Türkiyə istənilən dövrdə həmrəylik nümayiş etdirməyə qadirdir. Ancaq Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını istəyir. Çünki iki ölkə arasındakı gərginlik bizə mənfi təsir edir. Elə bu səbəbdən Prezident İlham Əliyev məsələdə vasitəçilik edə biləcəyini açıqladı”.

İsmayıl