"Regionda baş verən hadisələr, proseslər, böyük dövlətlərin intensiv səfərləri Azərbaycan və Ermənistan üçün çox həssas bir dönəm olduğunun göstəricisidir”.
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, Ermənistanda hakimiyyət çevirilişi və xarici siyasət kursunda gözə çarpacaq dərəcədə baş verən dəyişikliklər yeni situasiyanın yaranmasına gətirib çıxarıb: "Bu, xüsusilə Dağlıq Qarabağ probleminin həllində özünü göstərməkdədir. Son dövrlərə qədər Azərbaycan Dağlıq Qarabağı "de-yure” öz torpağı kimi tanıtdırmaq problemi yaşayırdısa , artıq bu baryer geridə qalıb.

Bütün nüfuzlu beynəlxalq qurumlar və dövlətlər bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməklə yanaşı hüquqi sənədlərə də imza atıblar. NATO-nun son Zirvə toplantısının yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Avropa İttifaqı ilə anoloji müqavilənin bağlanması çox ciddi dönüşdür. Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsinin imzalanması zamanı yalnız Azərbaycana görə bu sənədin qəbul olunması xarici siyasətdə uğurumuzun nəticəsidir.
Bütün bunlar ilk növbədə regionda marağı olan dövlətlərlə ikitərəfli danışıqların nəticəsində əldə olunub. Almaniya Federal hökumətinin Qarabağ münaqişəsinə rəsmi mövqeyinin və əlavə olaraq 7 rayonun işğaldan azad olunmasını xüsusi olaraq vurğulamasının, Merkelin Qafqaz səfərindən sonra baş verməsi çox əhəmiyyətli hadisədir. Bu münasibət Ermənistan baş naziri Nikol Paşinyanın "demokrat” donunda Avropa İttifaqı öklələrinə yaxınlaşmaq cəhdlərinə bir cavab kimi də qiymətləndirmək olar”.
Qeyd edək ki, Almaniya Bundestaqının sağçı AFD fraksiyası hökumətə Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib. Sorğuda Dağlıq Qarabağla bağlı suallar da yer alıb. Almaniya hökumətinin sorğuya cavabında Azərbaycanın ərazi bütövlüyünə hörmət və dəstək ifadə olunub. Hökumət xüsusi olaraq vurğulayıb ki, rəsmi Berlin Dağlıq Qarabağ regionu və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir: "Almaniya hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımır”.
İsmayıl