Almaniyanın həmsədrliyə gətirilməsi müsbət hadisə olar

Ancaq bu da Qarabağ münaqişəsinin həllinə yardım etməyəcək



"Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyinə gətirilməsi müsbət hadisə olardı. Çünki bu ölkənin Dağlıq Qarabağ münaqişəsinə münasibəti beynəlxalq hüquq və Azərbaycanın maraqlarına uyğundur”.

Bu barədə "Şərq”ə politoloq Natiq Miri bildirib. Ekspertin sözlərinə görə, Avropa Birliyində ən böyük ölkələrdən biri də Almaniyadır: "Baxın, Ukrayna problemi ilə bağlı yaranan Rusiya-Qərb qarşıdurmasında Almaniya fərqlənirdi. Lakin bu məsələni çox böyütməyə də ehtiyac yoxdur. Çünki indiyə qədər baş nazir Angela Merkelin Rusiya Prezidenti Vladimir Putinlə apardığı aktiv işə rəğmən Ukrayna böhranında heç bir ciddi irəliləyiş olmadı. Qeyri-rəsmi olaraq bu ölkədə savaş davam edir. Ona görə də Almaniyanın Dağlıq Qarabağ probleminin həllinə müsbət şərait yaradacağına inanmıram. Beynəlxalq hüquq baxımından prinsipial yanaşma yoxdursa, münaqişənin həlli mümkünsüzdür”. Məlum münaqişəyə dair BMT-nin qərarlarının olduğunu söyləyən müsahibimiz qeyd edib ki, işğalçı Ermənistanı həmin qərarları icra etməyə vadar edən yoxdur: "Düşünmürəm ki, Almaniya separatçı ölkəni təcavüz etdiyi torpaqlarımızdan çıxmağa məcbur etsin. Düzdür, onun ATƏT-də təmsil olunması müsbət tendensiya yarada bilər. Amma Dağlıq Qarabağ probleminin ədalətli həllinə müsbət təsir göstərə bilməz. İkili yanaşma mövcud olduqca, Ermənistan həmişə bu prinsiplər arasında manevr etməyi bacaracaq. Hər zaman danışıqlardan qaçacaq. Cəzasızlıq mühiti olduqca da, təcavüzkar qonşumuzu işğal etdiyi torpaqlarımızdan çıxarmaq mümkün olmayacaq. Zənnimcə, Almaniya və eyni zamanda Türkiyənin həmsədrliyə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansısa müsbət rol oynamayacaq”.

Ayyət Əhməd