Alternativsiz internet cinayəti

Ölkədə 4 saat internetin olmaması təxribat versiyasını ortaya qoyur



Noyabrın 16-da saat 16 radələrində Azərbaycanda internet rabitəsi tamamən kəsilib. Təxminən yarım saat sonra internet məhdud bir şəkildə bərpa edilsə də, axşam saatlarına qədər bir neçə dəfə kəsintilər baş verib. Buna səbəb kimi ölkənin 90 faizini internetlə təmin edən "Delta Telekom”da tüstülənmə və avadanlıqların sıradan çıxması göstərilir.

Buna rəğmən təxribat versiyası da araşdırma mövzusudur. Ona görə ki, Dövlət Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada bildirilir ki, hadisə yerinə cəlb olunsalar da, həmin ərazidə alov, yanğın müşahidə etməyiblər. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, ana xətdə yanğın və yaxud yüklənmə yarandığı halda alternativ xətlərdən istifadə edib, ölkəni internetlə təmin etmək olardı. Təəssüf ki, bunun da şahidi olmadıq. Bax, bu müəmmalar cəmiyyətdə ciddi narahatlıqlar doğurub. İnsanları iki sual maraqlandırır: Birincisi, adıçəkilən provayderin avadanlıqları sıradan çıxmayıbsa, internet niyə kəsilib? İkincisi, lap ana xətdə yanğın baş veribsə, nədən alternativ xətlərdən istifadə edilməyib? Ona görə də əksəriyyət onun təxribat xarakterli olduğunu düşünür. Biz də bu müəmmanı aydınlaşdırmaq məqsədilə bir sıra internet mütəxəssislərinin fikirlərini öyrəndik.

Azərbaycan İnternet Forumunun rəhbəri, rabitə texnologiyaları üzrə ekspert Osman Gündüz "Şərq”ə söyləyib ki, hətta bir inhisarçı provayder olsa belə, qəzadan qaçmaq mümkündür: "Azərbaycana internet trafiki 4 istiqamətdən - İran, Türkiyə, Gürcüstan və Rusiyadan daxil olur. "Delta Telekom” həmin trafiki bir nöqtəyə yığır və ölkəyə paylayır. Əslində, paylama mərkəzlərinin də sayı çox olmalıdır ki, bu cür qəzalar vaxtı trafikə təsir göstərməsin”.

Ekspertin sözlərinə görə, dünyanın heç bir dövlətində ölkəyə daxil olan internet bir inhisarçı şirkətə həvalə edilməyib: "Məsələn, Rusiyada bu işlə 10-a yaxın şirkət məşğul olur. Həmin şirkətlərin özlərinin də ölkə ərazisində onlarla filialı var. Yəni Rusiyada internetin yalnız lokal sönməsi mümkündür. Azərbaycanda isə bütün trafikin texniki imkanı barədə dəqiq məlumatın olmadığı bir şirkətə verilməsi təxribatdan başqa bir şey sayıla bilməz”.

Müsahibimiz bəyan edib ki, bir neçə il əvvəl gerçəkləşdirilməsi nəzərdə tutulan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi də gerçəkləşdirilsəydi, Azərbaycanın internet şəbəkəsi bu cür problemlərlə üzləşməzdi: "Sadəcə, bu barədə hələ ki, danışırlar, amma layihə gerçəkləşdirilməmiş qalır.

TASİM layihəsi çərçivəsində Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik internet xəttinin çəkilməsi nəzərdə tutulur. Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xətti Azərbaycan ərazisindən də keçəcək. Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək bu xəttə Azərbaycan şəhərlərinin birbaşa çıxışı olacaq. Bu, hansısa ilkin telekommunikasiya provayderinə ehtiyacı aradan qaldıracaq. Bu tranzit xətt Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Almaniyaya çatacaq. Layihə ilə əlaqədar nəzərdə tutulan ehtiyat şimal tranzit xəttin isə Rusiya, Ukrayna və Polşadan keçməsi planlaşdırılır. Amma 2008-ci ildən əsası qoyulmuş bu layihə üzrə hüquqi müstəvidə müəyyən irəliləmələr əldə edilsə də, layihə hələ ki, gerçəkləşdirilə bilmir. Buna görə, Azərbaycan layihənin gerçəkləşməsini gözləmədən özünün ehtiyat variantlarını həyata keçirməlidir. İnternet trafikinin bir şirkətin əlinə verilməsi iqtisadi qanunların pozulması ilə yanaşı, həm də rabitə şəbəkəsini təhlükə altına salmaqdır. Hökumət məhz bu məsələyə diqqət yetirməlidir. Əks halda, analoqu olmayan 6 saatlıq internet iflici yenidən təkrarlana bilər və ölkə iqtisadiyyatına dəyən zərərin bu dəfə gizlədilən miqdarı dəfələrlə arta bilər”.

İnternet üzrə mütəxəssis Rövşən Salmanov da bildirib ki, ölkənin internetsiz qalmaması üçün alternativ xətlərdən istifadə olunmalı idi: "Alternativ xətlər olmalıdır. Bir xətlə işləmək olmaz. Çünki o xətt yüklənir və gərginlik yaranır. Bu hal ötən il də təkrarlanmışdı. Ona görə də, düşünürəm ki, ölkəni internetsiz qoymamaq üçün alternativ xətlər olmalıdır və o xətlərdən istifadə olunmalıdır”.

"Delta Telekom”un ölkənin baş provayderi olduğunu deyən İT mütəxəssisi, sözügedən provayderdə təcrübə keçmiş Cahid İsmayıloğlu da bildirib ki, "Delta Telekom” uzun zamandır xidmət göstərir: "Bu müddət ərzində belə bir fakt qeydə alınmamışdı. Xatırladım ki, həm ölkəmizdə enerjinin verilməsində məhdudiyyətin yarandığı bir zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi. Artıq xeyli vaxtdır ki, Azərbaycanda internet yoxdur. Biz bu halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunu təxribatın olması ehtimalı üzərində daha çox dayanırıq”.

Ekspert söyləyib ki, adıçəkilən provayderdə sadə deyil, mürəkkəb sistem quraşdırılıb: "Səbəb internet kəsildiyi zaman alternativ xidmətlərdən istifadə olunsun. Elektrik enerjisinin verilişi dayandığı zaman serverlər generatorlar vasitəsilə elektrik enerjisilə təmin olunur. Nəticədə isə internetin təminatında məhdudiyyət yaranmır. Texniki təchizata nəzər yetirsək, internetin uzun bir müddətə kəsilməsini məhz texniki məsələlərlə bağlamaq inandırıcı deyil. Kiçik bir araşdırma sonucunda aydın olur ki, bu, daha çox təxribata bənzəyir. Ölkədə 4 saata yaxın internetin olmaması təxribat törədildiyinə dair fikirlərə yol açır. Çünki bir neçə internet paylayıcı kabel yansaydı, bunu qısa müddət ərzində yoluna qoymaq olardı”.

Ayyət Əhməd