Amerika şirkətləri Azərbaycana gəlir

Vahid Əhmədov: “Bakıda keçiriləcək Azərbaycan-ABŞ işgüzar görüşü Azərbaycan iqtisadiyyatına ancaq müsbət təsir göstərə bilər”



ABŞ iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində noyabrın 19-da Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək. Görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirə tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, kimya, qida sənayesi, təhsil, mühəndislik, yanğınsöndürmə texnologiyaları, tibbi avadanlığın istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkətinin qatılacağı gözlənilir.

Bu cür işgüzar görüşlərin əhəmiyyətindən danışan millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və onun rəhbərliyi bir sıra dövlətlərlə müntəzəm olaraq bu cür görüşlər keçirirlər. O deyib ki, iqtisadi əlaqələrin genişləndirilməsi üçün biznes forumlar çərçivəsində bir sıra şirkət rəhbərlərinin görüşməsi və müxtəlif mövzularda müzakirələr aparması məqsədəuyğun haldır.

Azərbaycanla Amerika arasındakı iqtisadi əlaqələrin normal səviyyədə olduğunu deyən V.Əhmədov hesab edir ki, indiki situasiyada bu münasibətlər inkişaf edən xətt üzrə hərəkət edir: "Bu iki dövlət arasındakı iqtisadi əlaqələr hər nə qədər yüksək səviyyədə qurularsa, Amerika şirkətləri də Azərbaycana bir o qədər maraq göstərərlər. Necə ki, vaxtı ilə Bakı-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəmərinin çəkilişində Amerikanın bir sıra şirkətləri Azərbaycanda çox fəal şəkildə iştirak edib. Külli miqdarda investisiya layihələri həyata keçirmişdilər. Bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək Azərbaycan-ABŞ işgüzar görüşü Azərbaycan iqtisadiyyatına ancaq müsbət təsir göstərə bilər”.

Bu cür iqtisadi görüşlərin dövlətlərarası görüşlərə də müsbət təsirləri olduğunu vurğulayan millət vəkili deyib ki, belə işgüzar görüşlərdə iqtisadi əlaqələrdən əlavə tanışlıq, manevr imkanları artır, müəyyən siyasi əlaqələr inkişaf edir. Mövzusundan asılı olmayaraq işgüzar görüşlər dövlətlərin birbaşa yaxınlaşmasına təsir edən amillər sırasındadır.

Şəymən