Əliməmməd Nuriyev: “Bayramlar ilidir, güman edirəm ki, hər zaman olduğu kimi, dövlət başçısı tərəfindən, Milli Məclis tərəfindən Azərbaycan vətəndaşlarını sevindirəcək qərarlar qəbul olunacaq”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bu ay Amnistiya aktının qəbul olunmasını real qiymətləndirmir: "Ombudsmanın belə bir təkliflə çıxış etmək hüququ var. Amnistiya Aktını qəbul edib-etməmək də Milli Məclisin səlahiyyətinə daxildir.
Mən ancaq onu deyə bilərəm ki, Cümhuriyyət Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq. Hazırda müvafiq komissiya tərəfindən əfvlə bağlı daxil olan müraciətlərə baxılır.
Amnistiya aktının qəbul olunmasını ona görə ehtimal etmirəm ki, ötən il Prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Cinayət Məcəlləsinin üçdə biri dəyişdirilib. Dəyişikliklərdən sonra 5 minə qədər iş məhkəmələrə təqdim olunub və artıq 1000-dən artıq şəxs cəzadan azad olunub. Bəzilərinin cəzasının dəyişdirilməsi baş verib, bəzilərinin isə saxlama rejimi daha yüngül rejimlə əvəzlənib.
Bütövlükdə 1500-ə yaxın şəxs dəyişikliklərdən yararlanıb. Bu, Azərbaycanda məhkumlara humanist yanaşmanın olduğunu göstərir. Cəza qanunvericiliyinin müasirləşdirilməsi istiqamətində addımlar atılıb. Çoxlu sayda məhkum azadlığa çıxıb. Ədliyyə Nazirliyi tərəfindən yaradılan komissiya mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə gedir, ayrı-ayrı məhkumların qanunvericiliklə nəzərdə tutulan vaxtından əvvəl şərti azadetmə ilə müraciətlərinə baxır, hərtərəfli araşdırır, məhkəmələrə göndərilməsi ilə bağlı qərarlar qəbul edir.
Bu qərarların nəticəsində 7 mindən artıq məhkumun ərizəsinə baxılıb. 98 faizi üzrə müsbət qərarlar qəbul olunub. Nəticədə 7 mindən artıq şəxs cəzadan azad edilib və ya yüngül rejimli cəza ilə əvəz olunub. Bütün bunlar göstərir ki, məhkumların cəzadan azad edilməsi istiqamətində işlər gedir. Belə bir işlərin fonunda amnistiya verilməsi müzakirə doğuran məsələdir, mürəkkəb vəziyyət yarada bilər. Yenə də son qərar Milli Məclis və deputatların olacaq. Cümhuriyyətin 100 illiyi olduğu üçün dövlət tərəfindən bu cür humanist addım atıla da bilər. Sadəcə mənim şəxsi qənaətimcə, ehtimal çox azdır”.
Ə.Nuriyevin sözlərinə görə, əfv sərəncamının verilməsi ilə Amnistiya aktının qəbul olunmasının eyni zaman kəsiyinə təsadüf etməsi qanunvericiliyə zidd deyil. Onlar arasında xeyli fərq var.
Ə.Nuriyev deyib ki, Amnistiya aktı əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara, az ağır cəzalara, böyük ictimai təhlükə olmayan cinayətləri əhatə edir. "Bayramlar ilidir, güman edirəm ki, hər zaman olduğu kimi, dövlət başçısı tərəfindən, Milli Məclis tərəfindən Azərbaycan vətəndaşlarını sevindirəcək qərarlar qəbul olunacaq”.
Qeyd edək ki, dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib. Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək”.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.
Şəymən