“İkinci xoşagəlməz xüsusiyyət odur ki, adətən məişətdə ünsiyyət zamanı işlətdiyimiz yad, xüsusilə rus sözləri ekran və efirlərə yol açıb”
“Ana dilimizə münasibətdə tolerantlığa yol vermək olmaz”
Eldost Bayram: “Əvvəllər deyirdilər ki, niyə mübahisə edirsiz, radioya qulaq asın, görün diktorlar necə tələffüz edirlər”
“İkinci xoşagəlməz xüsusiyyət odur ki, adətən məişətdə ünsiyyət zamanı işlətdiyimiz yad, xüsusilə rus sözləri ekran və efirlərə yol açıb”
“İkinci xoşagəlməz xüsusiyyət odur ki, adətən məişətdə ünsiyyət zamanı işlətdiyimiz yad, xüsusilə rus sözləri ekran və efirlərə yol açıb”
"İndi Azərbaycan dilində nə qədər şivə və ləhcənin olduğunu bilmək istəyirsənsə, radioya qulaq as”
Bugünkü müsahibimiz ecazkar səsi ilə milyonların ürəyinə yol tapan sevilən diktor, Xalq artisti Eldost Bayramdır. Eldost müəllimi söhbətə çəkməyimizin səbəbi isə son illər istər efirdə, istərsə də radio dalğalarında "qulağımızı dələn” səslərin peyda olmasıdır. Səs bir yana qalsın, bəzi aparıcıların tələffüzü də düzgün olmur. Bəzən ləhcə, şivə ilə danışırlar, yaddilli sözlərdən tez-tez istifadə edirlər. Bununla da dilimizin saflığına xələl gəlir. Qərara aldıq ki, səsi və danışıq tərzi ilə Azərbaycan səsinin etalonuna çevrilmiş Eldost müəllimi problemlə bağlı danışdıraq. Azərbaycan KİV-nin müasir dili görəsən, təcrübəli diktoru qane edirmi?
Öncə qısa tanıtım;
Eldost Bayramov 1947-ci il yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir.
- Bir az zarafatyana bir sual: Eldost müəllimin səsi hazırda haralardan eşidilir?
- Mən həm televiziyada, həm də radioda müxtəlif məzmunlu verilişlər oxuyuram. Yeri gəlmişkən qeyd edim ki, mən radio-televiziya sahəsində çəkdiyim zəhmətin qiymətləndirilməsini yalnız, Azərbaycan Teleradio QSC-nin sədri hörmətli Arif Alışanovun sədrliyi vaxtında gördüm. 2006-cı ildə hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Əməkdar artist” fəxri adına layiq görüldüm, 2008-ci ildə "Tərəqqi Medalı” ilə təltif olundum və nəhayət, 2016-cı ildə yüksək "Xalq artisti” fəxri adına layiq görüldüm. 2009-cu ildə yaşımla əlaqədar pensiyaya çıxmaqla bərabər Səhmdar Cəmiyyətimizin rəhbərliyi mənim əmək fəaliyyətimi doğma müəssisədə davam etdirməyimi məsləhət bildi. Hazırda fəaliyyətimi davam etdirirəm. Radiomuzda mətnini oxuduğum əsas verilişlər "Xalq Yaradıcılığı” redaksiyasının verilişləridir. Onlardan əlavə radiomuzda uzun illər səslənən və bir zamanlar çox populyar olan "Arzu musiqi poçtu” verilişinin mətnini hörmətli Xalq artistimiz Roza Tağıyeva ilə birlikdə oxuyuruq. Radionun Ədəbiyyat redaksiyasının xətti ilə bazar günləri "Söz dünyamız” verilişi efirə gedir. Həmkarım Sevil Hüseynli ilə birlikdə o verilişin mətnini oxuyuruq. Azərbaycan televiziyasında isə "Azərbaycan tarixi”, "Qobustan”, "Yurd yeri” və başqa verilişlərin mətnini oxuyuram. Hərdən radioda "Poeziya dəqiqələri” rubrikasında müxtəlif şairlərin şeirlərini oxuyuram.
- Eldost müəllim, televiziya və radioların dili sizi təcrübəli diktor kimi qane edirmi? Təbii ki, söhbət daha çox özəl telekanal və radiolardan gedir. Bu məsələ bir neçə ildir ki, artıq problem halını alıb. Peşəkarlıq səviyyəsinin aşağı olduğu göz önündədir. Hazırkı aparıcılar, diktorlar sanki söz tapmaqda çətinlik çəkir. İki kəlmədən biri "yəni”dir. Gah rus sözlərindən, gah da Türkiyə türkcəsi ləhcəsiylə danışırlar. Azərbaycanın bir əsrlik diktorluq və aparıcılıq məktəbi sıradan çıxarılır.
Səbəblər nədir?
- Hərəsi bir nümunəvi dilçilik məktəbinə bərabər olan müəllimlərim - Aydın Qaradağlı, Ramiz Mustafayev, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Sabutay Quliyev, Yusif Muxtarov, Sabir Ələsgərov, Ofeliya Sənani və onların yetirmələrinin fəaliyyət göstərdikləri illərdə hansısa bir diskussiya vaxtı müəyyən sözlərin düzgün tələffüzü məsələsi ortaya çıxanda, deyirdilər ki, niyə mübahisə edirsiz, radioya qulaq asın, görün diktorlar neçə tələffüz edirlər. Onların tələffüzünün düzgünlüyünə şübhə yoxdur. Müqayisə üçün deyirəm. İndi Azərbaycan dilində nə qədər şivə və ləhcənin olduğunu bilmək istəyirsənsə, radioya qulaq as. Təəssüf edilməsi haldır.
İkinci xoşagəlməz xüsusiyyət odur ki, adətən məişətdə ünsiyyət zamanı işlətdiyimiz yad, xüsusilə rus sözləri ekran və efirlərə yol açıb. Buna aktyorlarımız dialoq zamanı daha çox meyl edirlər. Azərbaycanımız bütün dünyanın etiraf etdiyi kimi, tolerantlıq etalonudur. Əlbəttə, bu, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Amma ana dilimizə münasibətdə tolerantlığa, dözümlülüyə yol vermək olmaz. Azərbaycanımızın milli pasportu olan dilimiz büllur kimi saf olmalıdır. Yeri gəlmişkən qeyd edim ki, son zamanlar özəl teleradio kanallarında da iş prosesində Azərbaycan dilinin qaydalarına düzgün əməl edən və yaxşı mənada artıq özünün xüsusi dəsti-xətti olan aparıcılar yaranıb. AzTV aparıcılarının nümunəvi rolu təbii ki, qeyd edilməlidir.
- Efir üçün aparıcının kimliyi nə qədər əhəmiyyətlidirsə, radiodan eşidilən səs bir o qədər təsirlidir. Diktor seçimində yalnız səsəmi üstünlük verilməlidir?
- Aparıcı seçimində səsin gözəlliyi həlledici meyar kimi götürülməlidir. Özümün 1972-ci ildə ilk dəfə Azərbaycan radiosunun yerləşdiyi mənimçün müqəddəs məkana qədəm qoymağım, baş diktor Ramiz Mustafayevin elə qapının ağzındaca dalbadal suallar varərək danışdırması, çəkindiyimi görüb xoş sözlərlə ruhlandırması, nəhayət, təxminən on dəqiqədən sonra deməsi ki, "hə, yaxşıdı, indi gedək mikrofonda qulaq asım”, yadıma düşdü. Getdik, mikrofonda qulaq asdı. Əsas budur ki, səs xoşuna gəldi, həm mikrofonla, həm mikrofonsuz. Bu da mənim taleyimi həll elədi. Ardınca sevimli peşəni canından çox istəmək, üstəlik Vətən sevgisi, xalqına, dövlətinə sonsuz məhəbbət. Yalnız belə olduqda, dəyərverən rəhbərlik sənə yaşla əlaqədar pensiyaya çıxanda məsləhət görür ki, qalıb, işini davam etdirəsən. Bax bu dövlətə, xalqa, cəmiyyətə xidmət edərək, özünün də dünyanın ən xoşbəxt insanı olmağın deməkdi. Gözəl səsdən əlavə aparıcının geniş dünya görüşü, yüksək mədəniyyəti, dilimizə dərin sevgisi olmalıdır.
- Diktor - aparıcı - jurnalist. Bu üçlüyü fərqləndirən cəhətlər hansılardır?
- Diktor, aparıcı, jurnalist. Həm oxşar, həm də fərqli cəhətləri olsa da, bu fərqlilik prinsipial deyil. Mənim fikrimə görə, hər üçü eyni missiyanı müxtəlif formada yerinə yetirir.
- İnformasiyanın təsir gücünün artırılmasına onun səsləndirilməsi nə dərəcədə əhəmiyyət daşıyır?
-Belə hallar çox olur ki, tamaşaçı, dinləyici informasiyanı kimdən eşitdiyinə önəm verir. Xalq məlumatı verənin, səsləndirənin kimliyinə baxır. Əhalinin inandığı diktorlar olur ki, o nə desə, sanki "Quran” ayəsi kimi qəbul edilir və inam yaradır. Bu mənada vacib, zəruri məlumatların səsləndirilməsinin kimə etibar edilməsinin də yəqin böyük əhəmiyyəti var.
- Öz şəxsi təcrübəmdən çıxış edərək deyim ki, informasiyanın təsir gücünün artırılmasında onun kim tərəfindən çatdırılmasının böyük əhəmiyyəti var. Dinləyici deyir ki, əgər hansısa mövzu haqqında filan diktor danışırsa, deməli, məsələ doğrudan da belədir. Aparıcıya inamı qazanmaq üçün sevdiyin peşəni ürəkdən sevmək və onun incəliklərinə yiyələnmək lazımdır.
Dinləyiciyə hansı məzmun daşıyan məlumatın çatdırılması müvafiq qurumun rəhbərliyi tərəfindən müəyyən edilir və təbii ki, bu sahəni də professional mütəxəssislər idarə edir.
- Məlumatımız var ki, siz "Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməsini səsləndirmisiz. Bu vəzifəni yerinə yetirmək sizə hansısa özəl, fərqli hallar yaşatdımı? Bu cavablarda səmimi olacağınıza əminəm.
- Azərbaycan televiziyasında öz xüsusi tamaşaçısı olan qocaman bir veriliş var.”Haqqın dərgahı” adlanır. Hər həftənin cümə axşamları efirə gedir və maarifçilik xarakteri daşıyır. Görkəmli akademikimiz Vasim Məmmədəliyev islam dininə aid mövzularla bu verilişdə tamaşaçıları maarifləndirir. Bir vaxtlar redaksiya heyəti həmin verilişdə müqəddəs kitabımız "Qurani-Kərim”dən səhifələr oxunması qərarına gəldi. Adətən iki həftə Vasim müəllim çıxış edirdi, qalan iki həftə isə gözəl səsi olan gənc din xadimini dəvət edirdilər AzTV-yə, o da nəzərdə tutulmuş surədən on, on beş ayəni avazla oxuyurdu, həmin ayələrin tərcüməsini isə gətirirdilər radioya, mənə və onları exo - əks-səda ilə yazdırırdılar. Nəticədə veriliş efirə gedəndə dinləyənlərə, o cümlədən mənim özümə etdiyi qeyri-adi təsiri sözlə ifadə etmək mümkün deyil. Həmin veriliş yekunlaşdıqdan sonra dinləyici və tamaşaçılar məndən müqəddəs kitabımızı bütövlükdə diskə yazdırmağımı tələb edirdilər. Mənim isə buna maddi imkanım yox idi.
Nəhayət, xoş bir gündə bu barədə bəxtimə günəş doğdu. Hörmətli müğənnimiz Səyyad Əlizadənin dəvətilə onun yanına getdim. Görüşdük. Yanında cavan bir oğlan vardı. Bizi tanış elədi. Dedi ki, bu cavan oğlan "Qurani-Kərim”in tərcüməsini sizin ifanızda diskə köçürmək istəyir. Məmnuniyyətlə razılaşdım. Səsyazma üç il yarıma yekunlaşdı. Hazırda o səsyazmanın bir nüsxəsi mənim özümdə var. Qalanlarının taleyindən xəbərim yoxdur. Deyilənə görə, dinləyənlərin çox xoşuna gəlib. "Qurani-Kərim”lə paralel olaraq Türkiyədən gətirilən və video-görüntülərdən ibarət "Quranın möcüzələri”nin mətnini oxumuşam. Neçə disk idi bilmirəm. Yootubda hər iki səs yazısından nümunələr var.
Gənclərə uğurlar arzulayıram, bir istəyim var ki, dilimizi qorusunlar. Azərbaycan dilinin şirinliyi, səlisliyi başqa heç bir xalqın dilində yoxdur.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb