Ana ölümlərinə diqqət yetirin...

...Onlar əsasən azyaşlı gəlinlərdir
"Təəssüflər olsun ki, bu gün erkən nikah faktlarına görə Bakı kəndləri cənub bölgələrini geridə qoyub"


Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş "dəyirmi masa” keçirilib. Tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bu günə qədər qadın zorakılığı ilə bağlı silsilə tədbirlər keçirildiyini, regionlarda maarifləndirmə kampaniyaları aparıldığını vurğulayıb: "Bu tədbirlərin ən başlıcası maarifləndirmə tədbirləridir. Bu gün komitənin təsis etdiyi 11 mərkəz bölgələrdə maarifləndirmə sahəsində fəaliyyət göstərir. Bu mərkəzlər qadınların problemlərinin həllində yaxından iştirak edir”.

S.Qəhrəmanova zorakılığa məruz qalan qadınların bunu gizlətməyə çalışdığını qeyd edib: "Bəzən qadınlar uşaqlarına görə dözürlər. Amma anlamırlar ki, zorakı mühitdə böyüyən uşaq hansı psixoloji gərginliyə məruz qalır. Təəssüflər olsun ki, bu gün erkən nikah faktlarına görə Bakı kəndləri cənub bölgələrini geridə qoyub. Burada qızların təhsil məsələsində problem var. Qızları erkən nikaha məcbur edən valideynləridir. Ona görə də komitəmiz əsasən, Bakı kəndlərində maarifləndirmə tədbirləri keçirib”.

Bakı kəndlərində qızların erkən yaşda ərə verilməsi məsələsini şərh edən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ailə hər bir cəmiyyətin əsasını təşkil edir: "Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və sair kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Amma əlbəttə ki, zaman, inkişaf da müasir ailə modelinə öz təsirini göstərir. Bu inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də, hər bir cəmiyyətdə olduğu kimi, müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı halları da mövcuddur. Erkən nikahlar əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyir, lakin özləri də bilmədən onları risk altında qoyurlar. Erkən nikahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu, sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur”.

M.Zeynalovanın sözlərinə görə, qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bütövlükdə Azərbaycanın acı reallığıdır: "Qızların erkən yaşda ərə verilməsi, demək olar ki, bütün ölkədə yaşanır. Aran, Muğan bölgəsi, Saatlı, Biləsuvar, Lerik, Masallı, İmişli, Lənkəran, Yardımlı, hətta Bakı kəndlərində də qızların məktəbə buraxılmaması halları və erkən nikahlar geniş yayılmaqdadır. Ölkənin hər bir hissəsində erkən nikahla bağlı maarifləndirici tədbirlər keçirilməlidir.

Kəndlərdə vəziyyət acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız "evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Qızlar 13-14 yaşına çatdıqda orta məktəbdən məcburi şəkildə çıxarılır və ona ərə getməyin vacibliyinə dair yerli ənənələr məcburi qaydada aşılanır. Bundan imtina etdikdə isə onlar ailə və yaxın qohumlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalır, ictimai qınaqla rastlaşır ki, bu da nəticədə həddi-buluğa çatmayan gənc qızların psixoloji sarsıntı keçirməsinə səbəb olur”.

Birlik rəhbəri hesab edir ki, erkən yaşda ərə verilən qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalır. Beləliklə, onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid vəziyyətinə düşür: "Yetkinlik yaşına çatmayan qızlar dini kəbin kəsməklə ərə verilir və rəsmi nikahdan kənarda qalır. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınması ilə nəticələnir”.

Erkən nikahların səbəbinin müxtəlif olduğunu deyən M.Zeynalova burda din faktorunu əsas kimi görür. Eyni zamanda imkanlı ailələr var ki, onlar da öz uşaqlarının erkən ailə qurmasına imkan yaradır: "Mən deyərdim ki, Bakı kəndlərində bu problemə ancaq din faktoru təsir göstərir. Bakı kəndlərində yaşayıb qızlarını erkən yaşda ərə verənlər səbəb kimi qeyd edirlər ki, guya onlar qızlarını müxtəlif təhlükələrdən qorumaq üçün bu addımı atır. Şimal zonasında daha çox qızlarını erkən ərə verənlər belə iddia edirlər ki, aztəminatlıdırlar və onlara qızlarını daha erkən ərə vermək sərf edir”.

Sosioloq Nəzakət Əhmədova isə deyib ki, erkən nikah təkcə Azərbaycanda deyil, dünyanın bir çox müsəlman ölkələrində mövcuddur və bir çox ölkələrdə bu, çox da qanunsuz və ya dəyərlərə uyğunsuzluq kimi qəbul edilmir. Azərbaycan hüquqi dövlət olduğu üçün bu məsələyə çox önəm verilir. "Amma bütün qanunlara, cəzalara baxmayaraq, yenə hər kəs bildiyini edir. Bu gün Bakı kəndlərində və eləcə də regionlarda yüzlərlə azyaşlı qızlarımız ərə verilir. Çox zaman ana ölümləri ilə bağlı xəbərlərə də fikir verirəm. Bu, əsasən regionlarda olan azyaşlı gəlinlər olur. Bu, elə bir məsələdir ki, dövlətin qanun qoyması və qanunu sərtləşdirməsi ilə aradan qalxmayacaq. Bu, cəmiyyətin problemidir və cəmiyyət özü bu problemi aradan qaldırmağa can atmalıdır”.

Müsahibimiz bildirir ki, övladlarını az yaşda evləndirən valideynlər onların gələcəyini, həyatlarının hansı səmtdə inkişaf edəcəyini, uşaqlarını nələrin gözlədiyini, onların sağlamlığını, təhsilini düşünmürlər. Sadəcə "ailə qursun, yüküm azalsın” düşüncəsilə qızlarını ərə verirlər. "Bəzi ailələr isə kişinin imkanlarına önəm verib azyaşlı qızı qoca kişiyə belə verməkdən çəkinmirlər. Bu səbəbdən də qızlar ya intihar edir, ya da ailələrindən can qurtarmaq üçün evdən qaçır, ya da boşanırlar”.

N.Əhmədovaya görə, bu kimi halları saymaqla bitməz, burada konkret günahkar axtarmaq da olmaz. Hər kəs özü öz övladının həyatına cavabdehdir. Hər kəs günahkardır...

Şəymən