Analar da, atalar da o zala daxil ola biləcək

Bakı dəmir yolu vağzalında uşaqların vaxt keçirməsinə bütün şərait yaradılır
Hazırda təmirdə olan Bakı dəmir yolu vağzalının istifadəyə verilmə vaxtı açıqlanıb. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov "Şərq”ə açıqlamasında əsaslı təmir işlərinin 2016-cı ilin ikinci yarısında başa çatacağını deyib: "Vağzalımız müasir dövrün tələblərinə cavab vermirdi və yenidən qurulmasına ehtiyac var idi. Bu səbəbdən insanların rahatlığını təmin etmək məqsədilə bu ilin mart ayından vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Sərnişinlər kimisə yola salanda və yaxud gözləyəndə, onların rahatlığını təmin edən kafelər, ana-uşaq otaqları yaradılacaq, bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq. Ekskolator və liftlərin normal işləməsi reallaşdırılacaq. Bir sözlə, sərnişinlərin rahatlığı üçün tam şərait yaradılacaq. Vağzala azyaşlı uşaqları ilə gələn valideynləri də nəzərə aldıqlarını qeyd edən N.Əzməmmədov uşaqlar üçün nəzərdə tutulan otaqlarda hər cür şərait yaradıldığını, uşaqların vaxt keçirməsi üçün oyuncaqlar, digər əşyalar qoyulduğunu deyib: "Gözləmə zalında öz azyaşlı uşaqları ilə oturmağa məcbur olan valideynlər də var. Böyük zalda onlar üçün narahatlıq yaranır. Məhz ana və uşaq otaqları da bu hallar üçün nəzərdə tutulub. Bu otaqlarda həmçinin vağzalın işçiləri də olacaq və azyaşlı uşaqları ilə gələn atalar da bu şəraitdən yararlanacaq, onların rahatlığı üçün işçilərimiz uşaqlara nəzarət edəcəklər”.
Aysel Aslan