Ziyalılar isə deyir ki, əgər başqanlıq sistemi qurularsa ölkənin sonu gələcək
Ankara çalxalanır
Ərdoğan Türkiyədə tək söz sahibi olmaq istəyir
Ziyalılar isə deyir ki, əgər başqanlıq sistemi qurularsa ölkənin sonu gələcək
Ziyalılar isə deyir ki, əgər başqanlıq sistemi qurularsa ölkənin sonu gələcək
Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı aparılan müzakirələr son günlər daha da aktuallaşıb. Buna səbəb başda Türkiyə prezidenti Ərdoğan olmaqla ölkə siyasilərinin verdiyi fərqli və ziddiyyətli açıqlamalar olub. Əslində başqanlıq sistemi hakim Ədalət və İnkişaf Partiyası tərəfindən gündəmə gətirildiyindən etibarən müxalif cinah ciddi şəkildə buna qarşı çıxıb və prezident üsul-idarəsini "sultanlıq” sistemi adlandırıb.
Ərdoğanı avtoritar rejim qurmaqda ittiham edən müxaliflər başqanlıq sisteminin reallaşmasından sonra Türkiyənin məhvə doğru gedəcəyini iddia ediblər. Bu yaxınlarda baş nazirin müavini Bülənt Arıncın "Prezident Ərdoğana hörmətimiz var, amma bu ölkədə bir hökumət də mövcuddur”, deyə açıqlama verməsi bu məsələdə hökumətlə prezident arasında da prinsipial fikir ayrılıqlarının olduğunu ortaya çıxarıb. Maraqlısı odur ki, ziddiyyətlər artıq pərdə arxasında deyil, açıq qarşıdurma səviyyəsində özünü göstərir. Məsələni şərh edən əksər ekspertlərin sözlərinə görə, baş verən hadisələr "Ərdoğan erasında” ciddi çatın yarandığından xəbər verir. Onların fikrincə, qarşıdan gələn parlament seçkiləri bu çatın daha da dərinləşməsinə, Ərdoğanın Türkiyədəki nüfuzunun ciddi şəkildə zədələnməsinə gətirib çıxaracaq. Politoloqlar düşünür ki, əsas məsələ gərginliyin görünən və ictimaiyyətə çatdırılan tərəfləri yox, siyasi hakimiyyət uğrunda mübarizədir. Hələlik baş nazir Əhməd Davudoğlu prosesdə rolunu açıq oynayacaq qədər güclü görünmür. Hakimiyyətə əvvəlki nəzarət imkanlarını itirdiyini hiss edən Ərdoğan da indiki mərhələdə radikal addımlar atmağa ehtiyat edir. Dolayı yolla olsa da, Bülənt Arınca etmad limitinin bitdiyini, onun vəzifədən ayrılmasının zəruri olduğunu çatdırır. Amma bununla yanaşı, Ərdoğan israrla bildirir ki, yeni bir Türkiyə qurmaq üçün prezident üsul-idarəsinə keçid qaçılmazdır.
Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, Ərdoğanın qurmağa çalışdığı başqanlıq sistemi müqayisə aparılan digər ölkələrlə eyni deyil: "Çox vaxt bunu Amerikadakı prezident üsul-idarəsi ilə müqayisə edirlər. Amma bu, yanlış bənzətmədir. Çünki ABŞ-dakı başqanlıq sistemi federal bir dövləti idarə edir. Yəni Obama federal dövlətin prezidentidir. Federal hökumətin səlahiyyətləri isə hər zaman məhdud olur. Onlar öz səlahiyyətlərini əyalətlərlə bölüşürlər. Orada əyalətlərin kifayət qədər geniş imkanları olur. Bu baxımdan Ərdoğanın "başqanlıq sistemi olan Amerikada diktatorluq varmı” sualı aldatmacadır. ABŞ-da diktatorluq yoxdur, çünki orada federal dövlətdir. Amma Türkiyə unitar quruluşa malikdir”.
F.Mehdiyev bildirib ki, 1990-cı illərdən indiyə kimi Türkiyədə başqanlıq sisteminə keçidlə bağlı müzakirələr gedir. Amma ölkə ziyalıları və əksər siyasilər buna qarşı çıxırlar: "Türkiyənin ziyalı elitası demokratik mühitdə yaşamağı sevir. 40 nəfərə yaxın çox məşhur konstitusiya professoru və digər elm adamları başqanlıq sisteminin Türkiyəni avtoritarizmə sürükləyəcəyini deyirlər. Ancaq türk xalqı bir qədər avtoritarlığa meyillidir. Onlar bir lideri başlarına gətirib ona həddindən artıq səlahiyyət verməyi daha məqbul hesab edirlər. Ziyalılar isə deyirlər ki, əgər başqanlıq sistemi qurularsa, Türkiyənin sonu gələcək. Baş nazirin müavini reallığı başa düşdüyü üçün o cür açıqlama verib. Arınc balaca adam deyil, illərin siyasətçisidir və hakim partiyanı quran şəxslərdəndir. O görür ki, Ərdoğan Türkiyədə tək söz sahibi olmaq istəyir. Əslində Ərdoğan bu niyyətini ictimaiyyətdən gizlətmir və açıq-aşkar deyir ki, hər bir məsələdə yalnız onun sözü keçməlidir. Hətta indi prezident olduğu halda belə "kukla” olmadığını söyləyir”.
Siyasi ekspertin sözlərinə görə, başqanlıq sisteminə keçidin reallaşması üçün parlament seçkilərində ciddi partiya çoxluğu əldə edilməlidir: "Konstitusiyada dəyişiklik etmək üçün Ərdoğana parlamentdə 400 millət vəkili lazımdır. Əks halda prezident üsul-idarəsi istəyi puç olacaq. Müxalifət onsuz da buna qarşıdır. Hakim partiyanın seçkidə nə qədər yer qazanacağını isə zaman göstərəcək. Bir şeyi vurğulayım ki, budəfəki parlament seçkisi əvvəlkilərdən fərqli mahiyyət kəsb edəcək. Bu, bir növ referendum seçkisi olacaq. Çünki seçicilər öz səsləri ilə Türkiyənin ana yasasını, yəni ölkənin taleyini həll edəcəklər”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da başqanlıq sisteminin Türkiyə üçün mənfi nəticələr verəcəyini bildirib: "Artıq başqanlıq sistemi ilə bağlı hakim partiya daxilində də ziddiyyət formalaşıb. Bülənt Arıncın son açıqlaması göstərdi ki, heç də hamı partiya daxilində eyni mövqedə deyil. Bu da təbiidir. Çünki Ərdoğanın avtoritarizmi artıq öz partiyasındakı insanları da ehtiyatlandırır”. Ə.Oruclunun fikrincə, indidən başqanlığa keçidin nə dərəcədə mümkün və ya imkansız olduğunu söyləmək doğru olmaz. Hər şey seçkidə bəlli olacaq: "Amma reallaşsa belə, çox çətinliklə başa gələcək. Türkiyədəki idarəetmənin prezident üsul-idarəsi ilə əvəzlənməsi ölkənin siyasi-ictimai həyatında müsbət mənada heç bir dəyişiklik yaratmayacaq. Onsuz da Ərdoğan kifayət qədər avtoritar düşüncəli insandır. O, dəfələrlə bunu sübut edib. Başqanlıq sisteminə keçid məhdud demokratiyanın tamamilə məhv olmasına gətirib çıxaracaq”.
İsmayıl