Ankara-Moskva münasibətləri kəskinləşdi

Ərdoğan hökuməti NATO-ya arxalandı
Putin hadisəni dost ölkənin arxadan vurduğu zərbəsi kimi qiymətləndirdi


Dünən Türkiyə qırıcıları Suriya sərhədində Rusiyaya məxsus təyyarəni vurub. Döyüş təyyarəsinin Türkiyə hava məkanını pozduğu bildirilir. Məlumata görə, təyyarədə olan hər iki pilot paraşütlə tullana bilib. Pilotlardan birindən xəbər alınmasa da, digər pilotun Rusiyanın son günlər bombardman etdiyi türkmən kəndlərinə düşdüyü iddia olunur. Rusiya Müdafiə Nazirliyi isə açıqlama yayaraq təyyarənin sərhədi keçmədiyini bildirib: "Su-24 təyyarəmiz Suriya üzərində vuruldu. Hava sahəsi pozulmamışdı, bütün uçuşlar Suriya torpaqlarında oldu. İlkin məlumata görə, təyyarənin düşməsinə səbəb açılan atəş olub”. Türkiyə Silahlı Qüvvələri isə açıqlamasında rus təyyarələrinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bəyan edib.

Putin təcili iclas çağırıb

Hadisədən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məlumata görə, Putin hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. Qeyd edək ki, Türkiyə tərəfi bildirib ki, vurulan təyyarə Hatay yaylası bölgəsində ölkənin hava sərhədlərini pozub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub ki, Silahlı Qüvvələrə verilmiş təlimat təyyarəyə iki F-16 ilə müdaxilə edilib. O da vurğulanıb ki, təyyarə bir neçə dəfə olunan xəbərdarlıqlara məhəl qoymayıb.

Türkiyənin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb

Türkiyənin Rusiyadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Hərbi attaşenin nazirliyə çağırılması Suriyada Rusiyaya məxsus "Su-24” qırıcı təyyarəsinin vurulması ilə bağlıdır.

"Bu, arxadan vurulan zərbədir”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin dünən Türkiyə tərəfindən Rusiyaya məxsus "Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təyyarələri Türkiyənin "F-16” təyyarəsindən atılan "hava-hava” raketi ilə vurulub: "6 min metr hündürlükdə, Türkiyə sərhədindən 1 km aralıda olarkən ona qarşı hücum olub. Bütün hallarda bizim qırıcı təyyarəmiz Türkiyə üçün təhlükə törətməyib. Bu, aydın olan məsələdir. Pilotlarımız həmin ərazidə terrora qarşı mübarizə aparıblar. Biz çoxdan müəyyən etmişik ki, Türkiyə ərazisində İŞİD-in nəzarətində olan yataqlardan gətirilmiş neft daşınır. Bu ərazidən böyük maliyyə axını gedir. İndi də terrorçularla əlbir olanlar bizə arxadan zərbə endirdilər”.

V.Putin insidentin Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyini vurğulayıb: "Rusiya Türkiyəyə təkcə qonşu kimi yox, həm də dost ölkə kimi yanaşırdı. Bilmirəm bu, kimə lazım idi? Bizə lazım deyildi. Hadisədən sonra bizimlə dərhal əlaqə yaratmaqdansa, Türkiyə tərəfi məsələnin müzakirəsi üçün NATO-dakı tərəfdaşlarına müraciət edib. Guya Türkiyə bizim yox, biz Türkiyənin təyyarəsini vurmuşuq”.

Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb

Rusiyanın "Su-24” təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması ilə əlaqədar olaraq Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb. Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir.

"Türkiyə ilə hava əlaqəsi kəsilməlidir”

Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya” fraksiyasının deputatı Nikolay Leviçev Rusiyanın Türkiyə ilə hava əlaqəsinin kəsməsini təklif edib. Onun qənaətincə, Türkiyə hava limanlarında terror təhlükəsinə qarşı kompleks tədbirlər görülməyənədək Rusiya və Türkiyə arasında hava əlaqəsi dayandırılmalıdır: "Turkish Airlines” aviaşirkətinin hazırda terror təhlükəsinin yüksək olduğu digər Türkiyə şəhərlərindən, o cümlədən İstanbuldan reyslər həyata keçirdiyini xatırladıb: "Türkiyə aeroportlarından Rusiyanın müxtəlif şəhərlərinə reyslər həyata keçirilir. Türkiyə hakimiyyətinin İŞİD-ə qarşı münasibətinin mənfi olmadığı şəraitdə döyüşçülərin Türkiyə aeroportlarına sızması ehtimalı yüksəkdir. Bu da Rusiya təyyarələri üçün terror təhlükəsini artıra bilər”.

Rusiya ilə Türkiyə qarşı-qarşıya qoyulur

"Hadisəni ətraflı şəkildə təhlil etmək lazımdır. Bayırbucaq bölgəsindəki 2 təpədə Suriyanın rəsmi dövlətinə qarşı vuruşan mücahid qüvvələri - çeçenlər və uyğurlar var. Rusiya havadan, Suriya ordusu isə qurudan irəlilədikcə, oradakı cihadçılar təlaşa qapılırlar. Bu hadisədə ABŞ Rusiya ilə Türkiyəni bölgədə qarşı-qarşıya gətirmək istəyir. Türkiyə də bu oyuna gələrək NATO-nun köməyinə müraciət edir. Rusiya təyyarəsinin vurulduğu bölgə ABŞ-İsrail koridorudur, bunu unutmamaq lazımdır”. Bu sözləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasını dəyərləndirərkən deyib. Onun fikrincə, digər tərəfdən, bölgədəki Lazkiyə-Dəməşq yolunun Suriya dövlətinin nəzarətindən çıxarılması istənilir, elə isə o coğrafiya da Suriya üçün həyati dərəcədə əhəmiyyətlidir: "Kaş Türkiyə başqalarının təhrikinə qapılaraq, o təyyarəni vurmayaydı, çünki Rusiyanın bunu unudacağını zənn etmirəm. Xatırlayın, 2008-ci ildə Gürcüstan Cənubi Osetiyaya hücum edərkən Rusiya oraya müdaxilə etdi. Keçən il Ukraynada cərəyan edən proseslərdə radikal addım ataraq Krımı özünə birləşdirdi. Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafını istəməyən və Avrasiya bölgəsində rus-türk əməkdaşlığına qarşı çıxanlar Suriya ərazisində iki ölkəni qarşı-qarşıya gətirməyə çalışır. Xatırlayın, Çin raketlərinin Türkiyəyə verilməsini nəzərdə tutan tender G-20 Zirvə toplantısından 1 gün qabaq ləğv edildi. Rus təyyarəsinin vurulmasından 1 gün sonra - sabah ABŞ Baş qərargah rəisinin birinci müavini Türkiyəyə gəlir. Bunları təsadüfi saymaq mümkün deyil. Türkiyə ilə Rusiya soyuqqanlı hərəkət edərək dərhal mütəxəssislərdən ibarət müştərək komissiya qurmalı və təyyarənin vurulmasının səbəblərini dəqiq şəkildə araşdırmalıdır. Bu hadisənin Rusiya ilə Türkiyə arasında düşmənçilik yaradacağına və iki ölkənin bölgədə münaqişəyə girəcəyinə inanmıram”.

NATO təcili iclas keçirib

NATO Rusiya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb. Bu barədə "Frans Press”in yaydığı xəbərdə deyilir.

Terrora qarşı mübarizə çətinləşir

Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident Suriyada terrorçuluğa qarşı mübarizə ilə bağlı vəziyyəti çətinləşdirə bilər. Bunu BMT-nin Cenevrədəki ofisinin rəsmi nümayəndəsi Əhməd Fauzi bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, məlum hadisə bölgədə vəziyyəti çətinləşdirə bilər: "Belə mübarizə insan hüquq normalarına uyğun aparılmalı, insan haqlarının müdafiəsinə və qanunlara əsaslanmalıdır”.

Pilotlardan biri ölüb biri isə türkmənlərin əlindədir

Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus "Su-24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü xəbəri yayılıb. Məlumata görə, idarə edən pilotlardan birinin yerə düşərkən öldüyü bildirilir. Ölən pilotun fotosu da yayılıb. Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir.

Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus "Su-24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin Suriya türkmənlərinin əlində olduğu xəbəri yayılıb. "CNN Türk”ün Türkiyə-Suriya sərhədindəki Hatay vilayətindəki müxbiri Xədicə Dəmircan 2 rus pilotdan birinin tapıldığını və Bayırbucaq bölgəsində türkmənlərin əlində olduğunu bildirib. Rusiya hərbi helikopterləri hazırda pilotları tapmaq üçün həmin bölgə üzərində uçuşlar həyata keçirir. Xatırladaq ki, Suriyada türkmənlərin yaşadığı Bayırbucaq bölgəsində Suriya ordusu ilə yerli türkmən silahlı qrupları arasında döyüşlər gedir. Rusiya hərbi aviasiyası hücuma keçən Əsəd ordusuna havadan dəstək verir.

Ərdoğana qarşı ağır ittiham

"Türkiyə Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsinə mane olur, çünki İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları bu ölkənin ərazisindən Türkiyəyə neft nəqli edirlər. Rusiya təyyarələri isə benzin daşıyan karvanları məhv edir”. Bu barədə strateji konyuktura mərkəzinin direktoru,

hərbi ekspert İvan Konovalov deyib. Onun sözlərinə görə, Suriya səmasında Rusiyanın bombardmançı "Su-24” təyyarəsinin vurulması provakasiya kimi görünür: "Bunu başqa cür qiymətləndirmək olmaz, situasiya tam qalmaqallıdır və gərgindir. İŞİD-ə qarşı savaşmaq lazımdır. Əgər türklər təkərin altına ağac qoyursa, onda bu əlaqələrin sıfıra qədər soyumasına səbəb olacaq, bu isə ilk növbədə Türkiyəyə zərbə vuracaq”.

O qeyd edib ki, Türkiyə hökuməti İŞİD-lə əməkdaşlıq edən bütün şirkətlərlə bağlı məlumatlı ola bilməz, ancaq o, neft daşıyan yaraqlılara sərhədi bağlamır. Rusiya mediasında xatırladılır ki, Türkiyə hakimiyyətinin yuxarı dairələrinin İŞİD yaraqlıları ilə əməkdaşlığından ekspertlərin çoxu danışır. Onların sözlərinə görə, Türkiyə-İŞİD arasındakı neft biznesində başlıca rolu Prezident Rəcəb Tayyib Ərdoğanın oğlanlarından biri Bilal Ərdoğan oynayır. Ərdoğan ailəsi Rusiya təyyarələrinin benzin daşıyan maşınlara zərbə endirməsi ilə ucuz neftdən əldə etdiyi gəliri itirmək istəmir.

"Əvvəllər KİV-də Türkiyə liderinin oğlunun islamçıların səhra komandirləri ilə birgə fotosu peyda olub. İlkin məlumata görə, o, terrorçularla danışıqlarla məşğul olub”.

Türkiyənin hava məkanı pozulmayıb

Məlumatların təhlili Türkiyənin "F-16” qırıcısı tərəfindən vurulan Rusiyanın "Su-24” qırıcı təyyarəsinin birmənalı olaraq Türkiyənin hava məkanını pozmadığını göstərir. Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

"Rusiyanın "Su-24” hərbi təyyarəsi "Hmeymim” aviabazasına qayıdarkən Suriya ərazisində Türkiyə "F-16” qırıcısı tərəfindən vurulub”.

Ərdoğan toplantı çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələlərinə həsr olunmuş toplantı çağırıb. Xəbərə görə, toplantı Ankaradakı Prezident Sarayında keçiriləcək.
İclasda Baş nazir Əhməd Davudoğlu, nazirlər və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri iştirak edəcək.

Sərhədlərimizi pozanlara qarşı tədbir haqqımızdır

"Türkiyə və ətrafında sülhü təmin etmək, ölkənin demokratiya, sabitlik və təhlükəsizliyini qorumaq naminə bütün mümkün vasitələri səfərbər edəcəyimizdən bütün dünya əmin olmalıdır”.
Bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyənin hava sərhədlərini pozan təyyarələrə qarşı Türkiyə Silahlı Qüvvələrinin anında verdiyi reaksiya məhz bu çərçivədə anlaşılmalıdır: "Hava və quru sərhədlərimizi pozanlara qarşı hər cür tədbir görmək həm beynəlxalq hüquqdan irəli gələn haqqımız, həm də milli vəzifəmizdir. Sərhədlərimizin təhlükəsizliyindən, ölkəmizin alov çəmbəri içərisində rifahından, vətəndaşlarımızın həyatı və izzətindən söhbət gedirsə, hər cür fədakarlığa hazır olduğumuzu və hər cür tədbiri görəcəyimizi cümlə-aləmin bilməsini istəyirik”.

Məsələni şərh edən "Şərq-Qərb " Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu "Şərq”ə deyib ki, bu təyyarənin hansı ərazidə vurulması tam aydın deyil: "Rusiya tərəfi iddia edir ki, təyyarə Suriya ərazisində vurulub. 

Türkiyə tərəfi isə qeyd edir ki, sərhəddi pozublar. Təyyarənin qalıqları Hatay vilayətinə düşüb. Hətta xəsarət almış insanlar da var. Ona görə də məsələ məlum deyil. Amma istənilən halda, bu, tərəflər arasında gərginlik yaradacaq. Rusiya təyyarəsinin vurulması yalnız hərbi əməliyyatlar məsələsi deyil, bu həm də prestij məsələsidir. Moskvanın Suriyada hərbi əməliyyatlara başladığı dövrdən Rusiyanın Türkiyə hava məkanını pozması ilk hadisə deyil. Bu oxşar hadisələr əvvəllər də qeydə alınmışdı. Əslində tərəflər arasındakı gərginlik əvvəldən də mövcud idi. Hazırda isə bu kəskinləşmə pik nöqtəsinə çatıb. Təyyarə vuruldu. Bu artıq faktdır”.

Ekspertin sözlərinə görə, Moskva aviasiyası İŞİD-i deyil, Bəşər Əsədə qarşı olan qruplaşmaların mövqelərini bombalayır: "İŞİD isə heç vaxt Əsədə qarşı döyüşməyib. Bu terror qruplaşması həmişə türkmənlər və kürdlərə qarşı savaşıb. Əslində Suriyada elə vəziyyətdir ki, orada kimin kimə qarşı döyüşdüyünü söyləmək asan deyil. Amma hər halda Rusiya birmənalı olaraq Əsədə barışmaz mövqedə olanları bombalayır ki, Əsədin mövqeləri güclənsin. Əsəd rejimi nəzarəti bərpa edə bilsin. O cümlədən, türkmənlərin də bombalanmasına dair müəyyən siqnallar vardı. Hətta Türkiyə xarici işlər nazirinin ABŞ dövlət katibi ilə bu barədə danışığı olmuşdu. BMT Təhlükəsizlik Şurasına müraciət də etmişdi. Rusiya təyyarəsinin türkmənlərə yaxın ərazilərdə vurulması onu göstərir ki, Moskva türkmənlərə məxsus əraziləri bombalayır. Bu baxımdan o təyyarənin vurulması anlaşılandır”.

Ayyət Əhməd