
Ankara terroru HDP-nin işinə yaradı
“Mümkündür ki, 1 noyabr seçkisində HDP yenə də 10 faizlik səs baryerini artıqlaması ilə keçə bilsin”

"İki ssenari ola bilər: Ya 7 iyun seçkisindən fərqli olaraq AKP böyük səs çoxluğu qazanıb təkbaşına hökumət quracaq, ya da 7 iyun seçkisinin nəticəsinə oxşar bir nəticə ilə üzləşəcək ki, həmin dörd partiya yenə də oxşar səslər qazanacaq və AKP birinci partiya kimi yenə koalisiya danışıqlarına başlamağa məcbur olacaq”. Bu barədə "Şərq”ə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyədə noyabrın 1-də baş tutacaq növbəti parlament seçkisi ərəfəsindəki siyasi situasiyanı şərh edərkən deyib.
Ankaranın bu arada terrorla mübarizə apardığını qeyd edən ekspert onu da diqqətə çatdırıb ki, Türkiyə şəhidlər versə də, terrorçular da çoxlu itkilərlə üzləşiblər, mindən çox itkiləri var və təhlükəsiz məkanlar axtarırlar, deyə vurğulayıb: "Düşünürəm ki, seçkidən sonra da terrorçulara qarşı mübarizə davam edəcək. O vaxta qədər ki, PKK ya silahları təhvil verməlidirlər, ya da ölkə ərazisini tərk etməlidirlər. Bir hissəsi Şimali İraqda gizlənib, amma Türkiyə ərazisində də təxminən 1000-1500 terrorçu var. Onlar Türkiyəni tərk etməyənə qədər düşünürəm ki, hökumət kimdən formalaşırsa-formalaşsın, parlament seçkilərindən sonra da onlara qarşı mübarizə davam edəcək. İndi seçki kampaniyası başlamalıdır. Seçki kampaniyasında əsas amil terrorla mübarizə olacaq. Məhz bunun ətrafında seçki kampaniyası qurulacaq və çıxışlar olacaq. Belə bir məqamda iqtisadiyyatdan danışmaq vətəndaşları özünə cəlb etməyəcək”.
Politoloqun qənaətincə, 1 noyabr seçkilərində HDP-nin barajı keçəcəyi halda AKP təkbaşına hökumət qura bilməyəcək: "7 iyun seçkisinin nəticəsinə uyğun olaraq cəmi 18 millət vəkilinə ehtiyac var idi ki, təkbaşına hökumət qursun, alınmadı. Çünki Xalqların Demokratiyası Partiyası (HDP) 10 faizlik səddi keçdi. İndi də əgər bu partiya oxşar nəticə göstərərsə, AKP təkbaşına hökumət qura bilməyəcək. CHP və MHP səslərini müəyyən qədər artıra bilərlər, amma bu, AKP-yə təhlükə yaratmır. Təhlükə HDP-nin parlamentə düşməsidir. Çünki onda AKP-dən xeyli səs qoparacaq. AKP-nin indi başlıca məqsədi səslərini artırmaqdır və Türkiyənin kürd kökənli vətəndaşlarından səs istəməkdir. Əvvəllər bu səsi ala bilirdi, amma son seçkidə hər on kürddən altısı HDP-yə səs verdi ki, bu da AKP-nin səslərini bir xeyli azaltdı. Hər şey seçki kampaniyasından asılı olacaq. AKP seçki kampaniyasını düzgün qursa, aqressiv olsa, maraqlı şüarlarla çıxış etsə, mümkündür ki, yenidən səs çoxluğu qazanıb təkbaşına hökumət qursun”.
Ankarada baş verən terror hadisəsinə diqqət çəkən E.Şahinoğlu söyləyib ki, terror olayından dərhal sonra ehtimalı bundan ibarət olub ki, faciəni məhz İŞİD törədib: "Çünki bir müddət əvvəl Suruçda da İŞİD belə bir terror həyata keçirmişdi. O zaman da mitinq-yürüşdə "canlı bomba” partladılmış, insan tələfatı ilə nəticələnmişdi. Bundan başqa, həmin yürüş də solçuların, PKK-ya müəyyən qədər simpatiyası olan şəxslərin təşkilatçılığı ilə keçirilmişdi. Oktyabrın 10-da Ankarada oxşar ssenari oldu. Yenə də həmkarlar ittifaqının üzvləri, solçular, bir qədər də PKK-ya simpatiyası olanlar mitinq keçirirdilər. Mitinq iştirakçılarından hətta bəzilərinin üst geyimlərinin yaxasında "Kürdüstan” yazılmışdı. Aksiyanın gedişində "canlı bomba” partladı, 97 nəfər həyatını itirdi, 250-yə yaxın dinc sakin isə yaralandı. Kimsə soruşa bilər ki, nə üçün hər iki hadisədə İŞİD-dən şübhələnirsən? Səbəb sadədir. PKK da terror aktı törədir, ancaq onlar "canlı bomba” üsulundan istifadə etmirlər. Daha çox yollara mina döşəyir, əsgərə, polisə və mülki insanlara xain hücumlar təşkil edirlər. Bütün bunlar birmənalı şəkildə Ankaradakı terror aktının İŞİD tərəfindən həyata keçirildiyini deməyə əsas verir. Onu da nəzərdən qaçırmayaq ki, İŞİD Suriyada hakimiyyətlə yanaşı, silahlı kürdlərə qarşı da savaşır. Bu savaş sanki Türkiyəyə inikas olunur. İŞİD-lə PKK və onun törəmələri arasında müharibə gedir. Digər tərəfdən, son zamanlar Türkiyənin daxilində də İŞİD-ə rəğbət bəsləyən qruplar meydana çıxıb. Bu kimi terror aktlarında onların əməllərindən də istifadə olunur. Əgər dünənə kimi bütünlüklə Türkiyə cəmiyyəti ancaq PKK-ya qarşı mübarizə aparırdısa, hazırda İŞİD terrorizminə qarşı mübarizə aparmaq məcburiyyətində də qalıb. Yaxın tarixə baxsaq, görərik ki, Suriyada əvvəl-əvvəl münaqişə yaranan zaman Türkiyə ilə İŞİD arasında problemlər yaşanmayıb. İŞİD öz mübarizəsini Suriya və İraqda aparırdı. Amma Suruç olayında türk vətəndaşları qətlə yetirildikdən sonra Türkiyə məcburən İŞİD-ə də müəyyən zərbələr endirməyə başladı. Təbii ki, belə olan halda İŞİD də Türkiyəni öz hədəfləri sırasına alıb. Faktiki olaraq Türkiyə iki terrorçu təşkilatla mübarizə aparır”.
Politoloqun qənaətincə, sözügedən terrorda əsas hədəflərdən biri insanları, Türkiyə vətəndaşı olan kürdləri qətlə yetirmək olsa da, digər bir səbəb və hədəf qarşıdan gələn parlament seçkiləridir: "Türkiyədə son terror hadisəsinə qədər ehtimallar irəli sürülə bilərdi ki, AKP-nin reytinqi olduqca yüksəkdir və seçkilərdə daha çox səs toplayacaq. Lakin 10 oktyabr hadisəsində HDP üzvü olan insanların da qətlə yetirilməsi sözügedən partiyanın seçkilərdə toplayacağı səslərin sayını artıra bilər. Çünki HDP üzvlərinin terror zamanı həlak olması, qətlə yetirilməsi
cəmiyyətdə onların məzlum obrazını yaradır. Türkiyədə də məzluma rəğbət böyükdür. Mümkündür ki, 1 noyabr seçkisində HDP yenə də 10 faizlik səs baryerini artıqlaması ilə keçə bilsin. Buradan da belə nəticə çıxarmaq olar ki, Ankaradakı 10 oktyabr terroru HDP-nin işinə yaradı. Bu isə o deməkdir ki, 1 noyabr seçkilərindən sonra da AKP təkbaşına hökumət formalaşdıra bilməyəcək, səslər parçalanacaq, məcburiyyət qarşısında yenə də koalisiya hökumətinin qurulması istiqamətində danışıqlara başlanılacaq”.
Ayyət Əhməd