Dünyanın 20 ən güclü dövlətinin qatılacağı Zirvə görüşündə İlham Əliyev də iştirak edəcək
Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində G-20 (Böyük İyirmilik) qrupunun Zirvə görüşü keçiriləcək. Uzun müddətdir möhtəşəm görüşə hazırlaşan Türkiyə hökuməti liderlər toplantısının qüsursuz baş tutması üçün bütün gücünü, resurslarını səfərbər edib. Dünyanın 20 ən güclü dövlətinin qatılacağı Zirvə görüşü bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Görüşdə 12 dövlət başçısı, 11 Baş nazir və 2 Avropa Birliyi lideri iştirak edəcək. Zirvəyə 500-ə yaxın iş adamı da daxil olmaqla, ümumilikdə 13 min nəfər qatılacaq. G-20 ilə əlaqədar Antalyanın Bələk bölgəsi "təhlükəsiz ərazi” elan edilib. Liderləri qarşılayan hava limanından otellərə qədər 350-dən çox kamera quraşdırılıb. Turizm zonası olan Bələkdə Zirvə görüşü üçün
28 otel bağlanıb. Görüşdə iştirak üçün 3 min KİV nümayəndəsi də qeydiyyatdan keçib. Akkreditə olunan jurnalistlər arasında azərbaycanlılar da var.
Dünya liderləri 10-cü dəfə bir araya gələcək
Azərbaycan Türkiyənin G-20-yə sədrliyi dövründə bu qurumun toplantılarında xüsusi qonaq statusunda təmsil olunacaq. Çünki Zirvə toplantısına ev sahibliyi edən dövlətin istədiyi bir ölkə liderini qonaq dəvət etməyə haqqı var. Ərdoğan da Azərbaycan Prezidenti İlham Əliyevi sammitə dəvət edib. Önəmli tədbirdə Azərbaycanın da iştirak etməsi mühüm hadisə kimi dəyərləndirilir. Xüsusilə də indiki həssas dönəmdə, Azərbaycanın Qərblə münasibətlərində konfrantasiyanın davam etməsi şəraitində Bakının G-20 zirvəsində iştirakı vacib sayılır. Rəsmi məlumata görə, zirvə çərçivəsində 7 böyük toplantı keçiriləcək. Sammitə dünyanın aparıcı 19 ölkəsi və daha 6 dövlət də dəvət edilib. ABŞ Prezidenti Barak Obama da G-20-nin zirvə toplantısında iştirak edəcək. Ağ Ev rəhbərinin səfərinin noyabrın 14-də baş tutacağı gözlənilir. Toplantıya İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Avropa Birliyi Komissiya liderləri də qatılacaq. Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Fransa Prezidenti Fransua Olland, Çin Xalq Respublikasının sədri Si Tszinpinun iştirakı təsdiqlənib. Xatırladaq ki, bu, liderlərin sayca 10-cu toplantısıdır. Avstraliyadan ev sahibliyini təhvil alan Türkiyə gələn il üçün rəhbərliyi Çinə verəcək.
G-20-nin liderləri hansı otellərdə gecələyəcək?
Liderlərin Antalyaya nə zaman gedib, nə zaman qayıdacaqları, hansı oteldə qalacaqları təhlükəsizlik məqsədi ilə əlaqədar dəqiq açıqlanmır. ABŞ Prezidenti Barak Obamanın Antalyaya prezident üçün ayrılan xüsusi təyyarəsi ilə bazar günü gedəcəyi və oradan helikopterlə Bələkdə onun üçün ayrılan otelə keçəcəyi gözlənilir. Obama üçün zirvənin mərkəzi oteli olan "Regnum Carya”da gülləkeçirməz şüşələri olan lüks villa inşa edildiyi deyilir. Lakin Obamanın bu villanın əvəzində Antalya körfəzindəki ABŞ donanmasına aid döyüş gəmisində qalacağı ehtimal edilir. Türkiyə mətbuatı Azərbaycan, Rusiya və Braziliya dövlət başçılarının "Maxx Royal”da qonaqlanacağını yazır.
"G-20” sammitini ABŞ hərbi təyyarələri qoruyacaq
İlk dəfə Türkiyənin ev sahibliyi edəcəyi "G-20” sammitinin yüksək səviyyədə baş tutması və təhlükəsizliyin təmin olunması üçün Ankara xüsusi tədbirlər həyata keçirib. Mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunması üçün 12 min polis və jandarma cəlb edilib. Antalya valisi Muammer Türker zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. Müvafiq dövlət qurumları və sammitin işinin təşkilinə cəlb olunmuş digər qurumların təmsilçilərindən ibarət xüsusi mərkəz yaradılıb. Sammitin keçiriləcəyi zona xüsusi sədlərlə əhatəyə alınıb. Bu zonaya yalnız xüsusi buraxılışla daxil olmağa icazə veriləcək. Antalya Beynəlxalq Hava Limanının xarici uçuşlar xətti noyabrın 10-17-si yalnız sammit iştirakçılarının ixtiyarına veriləcək. Toplantı iştirakçıları yerdən, havadan və dənizdən güclü mühafizə olunacaq. Hətta fövqəladə vəziyyət üçün Antalya hava limanında "F-16” döyüş təyyarələri də hazır vəziyyətdə saxlanılacaq. Bundan əlavə, Böyük Britaniyada ABŞ-a məxsus hərbi aerodromdan İncirlik hava qüvvələri bazası ilə birbaşa əlaqədə olan "F-15C Eagle” döyüş təyyarələri də mühafizə əməliyyatlarına dəstək verəcək. Bununla əlaqədar olaraq toplantı günləri ətraf hava xətləri ilə uçuşlar dayandırılacaq.
Obama və Putin qeyri-rəsmi və planlaşdırılmayan bir mühitdə görüşəcək
Türkiyənin Antalya şəhərində keçiriləcək sammitin gündəliyi də açıqlanıb. G-20 toplantısının ilk günündə liderlər terrorçuluğa qarşı mübarizəni, Suriyadakı vəziyyəti, bu ölkədən olan qaçqınların məsələsini müzakirə edəcəklər. Tədbir noyabrın 15-də yerli vaxtla saat 12-də Antalyanın Bələk rayonunda başlayacaq. Zirvə toplantısının qonaqlarını ev sahibi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq. Toplantılararası ikitərəfli görüşlərin keçiriləcəyi də istisna edilmir. Noyabrın 16-da Ərdoğan sammitin yekununa həsr edilən mətbuat konfransı keçirəcək. Toplantıda 5 çərçivə sazişinin də imzalanacağı gözlənilir. Sammitin sonunda "Antalya bəyannaməsi” qəbul ediləcək. Sammit çərçivəsində ABŞ Prezidenti Barak Obama və Türkiyə Prezidenti Ərdoğan arasında ikitərəfli görüş də keçiriləcək. Prezidentlərin görüşündə İŞİD terror qruplaşmasına qarşı mübarizə, həmçinin Suriyadakı vəziyyət müzakirə olunacaq. Liderlər qeyri-rəsmi və planlaşdırılmayan bir mühitdə görüşəcək. Ərdoğanla görüşdən sonra Obama G-20 Sammitinin açılışında iştirak edəcək. Günün ikinci yarısında ABŞ Prezidenti Avropa ölkələrinin liderləri ilə görüşərək onlarla İŞİD-ə qarşı mübarizə və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq. Liderlərin toplantıları "Regnum Carya Golf & SPA Resort” mehmanxanasında baş tutacaq.
Liderlər "dəyirmi masa” ətrafında hansı formada oturacaq?
G-20 toplantısında liderlərin hansı formada, kiminlə yan-yana oturacağı da artıq müəyyən edilib. Zirvə toplantısına ev sahibliyi edən Ərdoğanın sol tərəfində ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kameron, sağ tərəfində isə Çin Prezidenti Xi Jinpinq və Avstraliya Baş naziri Malkolm Törnbul əyləşəcək. Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel isə "dəyirmi masa”nın Ərdoğandan uzaq tərəfində oturacaqlar. Liderlər hər toplantının sonunda birgə şəkil çəkdirəcəklər. Daha sonra isə Baş nazir Əhməd Davudoğlu liderlər və onların xanımları üçün qonaqlıq verəcək.
Antalyaya gələn kral Salman ailəsi ilə birlikdə günə 1 milyon dollar xərcləyəcək
Zirvə toplantısına qatılmaq üçün Antalyaya gələn Səudiyyə Ərəbistan kralı Salman ibn Əbdüləziz Türkiyəyə olduqca təmtəraqlı səfər edib. İlk lider olaraq Antalya hava limanına özəl təyyarəsi ilə eniş edən kral Salman şahzadə Telal və digər yüksək vəzifəli rəsmilərlə birlikdə güclü təhlükəsizlik tədbirləri ilə qarşılanıb. Kralın hava limanından otelə getməsi üçün iki helikopter hazır vəziyyətdə gözlədilsə də, kral Salman 60-a yaxın lüks avtomobil korteji ilə "Mardan Palace Hotel”inə gedib. Kralın keçdiyi yol üzərində minlərlə özəl hərəkətçi təhlükəsizliyi qoruyub. Deyilənə görə, kralın gəlişindən bir həftə əvvəl onun özəl əşyaları, stəkanından tutmuş dəsmalına qədər, Antalyaya gətirilib. Həmin əşyaların daşınmasında 16 TIR-dan istifadə edilib. 1000 nəfərlik kral heyətinin əmrində olan 65 zirehli "Mercedes” avtomobilindən başqa 400 bahalı minik maşını da icarəyə götürülüb. Lüks avtomobillər otelin həyətinə sığışmadığı üçün qalanları magistral yolda park edilib. "Mardan Palace”də qalan kral Salman və prens Telal ailəsi üçün qızıllarla bəzədilmiş qablarda bahalı şirniyyatlar hazırlanıb. Həmçinin, kral ailəsi üçün bir gecəsi 15 min avro 546 otaq təsis edilib. Salman 3 gün ərzində bütünlüklə icarəyə götürdüyü "Mardan Palace” otelində qalacaq. Kral ailəsinin oteldəki bir günlük xərci təxminən 1 milyon dollara başa gələcək.
İsmayıl