Eyyub Hüseynov: “Hökumətin təpkisindən çəkinib baha qiymətə sata bilmirlər, əvvəlki qiymətə də satmaq istəmirlər”
Adil Qeybulla: "Heç bir dərman qıtlığından söhbət gedə bilməz”
Bakı şəhərində fəaliyyət göstərən apteklərdə son günlər dərman qıtlığı yaranıb. Belə ki, paytaxtda fəaliyyət göstərən apteklərin bir çoxunda əksər dərman preparatları tapılmır. Aptek satıcıları isə mövcud durumu dərman bazalarından dərman ala bilmədikləri ilə əlaqələndirirlər.
Guya ki, dolların kursu yüksələndən sonra bazalardan bütün dərmanları vaxtlı-vaxtında ala bilmirlər, ona görə də, dərman qıtlığı yaranıb. Aptek işçiləri deyirlər ki, əllərində olan dərmanları köhnə qiymətə satırlar. Qiymətlərdə hələ ki, heç bir problem yoxdur. Əsas problem odur ki, sifarişlərimiz verilmir. Alıcıları əliboş göndərməli oluruq.
Hazırda məzuniyyətdə olduğunu vurğulayan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə nazirliyin bu məsələni diqqətdə saxlayacağını və məzuniyyətdən qayıdan kimi bu məsələni araşdıracağını deyib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə o qənaətdədir ki, manatın devalvasiyasından sonra apteklərdə nəinki dərman qıtlığı, ümumiyyətlə,bağlı saxlanılması halları müşahidə olunub: "Əvvəllər gecə saat 23:00- 00:00-a qədər işləyən apteklərin 21:00-dan bağlanması halı və ya ümumiyyətlə işləməməsi halları oldu. Normal qrafika ilə işləyən apteklərdə isə qiymət artımı müşahidə olunmağa başladı. Hökumətin süni qiymət artımına qarşı keçirdiyi tədbirlər fonunda ölkədə dərman qıtlığı yaranmağa başladı. Daha doğrusu, aptek sahibləri dərmanları gizlətməyə başladılar. Belə hallarda hələ də davam edir. Və təsadüfi deyil ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi hazırda iş aparır və çoxsaylı dərmanların qiymətlərini sabitləşdirməklə bağlı iş görülür. Güman edirəm ki, həmin sabitləşdirilmiş qiymətlər tətbiq olunduqdan sonra apteklər məcbur olub, gizlətdikləri dərmanları satışa çıxaracaqlar. Çünki indi hökumətin təpkisindən çəkinib baha qiymətə sata bilmirlər, əvvəlki qiymətə də satmaq istəmirlər”.
Apteklərdə dərman qıtlığı ilə bağlı vəziyyəti dəyərləndirən tibb elmləri doktoru Adil Qeybulla da bildirib ki, bu sahəyə ciddi dövlət nəzarəti həyata keçirilməli və sərt tədbirlər görülməlidir: "Artıq dövlət tərəfindən göstəriş verilib. Bununla bağlı çox ciddi şəkildə yoxlamalar həyata keçirilir. İstehlak bazarında qiymətlərin süni surətdə qaldırılmasına qarşı administrativ rıçaqlardan tam istifadə olunur. Çünki bu situasiyadan sui-istifadə edilir. Heç bir dərman qıtlığından söhbət gedə bilməz. Hazırda dərman resursları var və ən azından onlar əvvəlki qiymətlərə satılmalıdır. Yeni alınan dərmanların qiymətində tədricən dəyişiklik ola bilər. Əslində burada aptek sahiblərinin də günahı yoxdur. Çünki əsas qiymətlər depolarda müəyyənləşir. Depolarda qiymətlər artırıldığı üçün apteklər də çaş-baş qalıblar. Depolar isə kommersiya təyinatlı müəssisələr olduğundan dövlətin tabeliyində deyil. Ancaq bu məsələ ölkənin tibbi təhlükəsizliyi baxımından çox mühümdür və apteklər dərmanla vaxtlı-vaxtında təchiz olunmalıdır. Kommersiya fəaliyyəti ilə məşğul olan dərman firmaları öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Onlar bu gün aptekləri boş qoya bilməzlər. Əgər həmin şirkətlər ölkəyə dərman idxalı ilə məşğuldurlarsa, o zaman istehlakçıların təminatı baxımından da məsuliyyət daşıyırlar”.
Tibbi ekspert Azərbaycanda əczaçılıq zavodlarının yaradılmasının və yerli istehsal məhsullarının artırılmasının vacibliyinə diqqət çəkib: "Ölkəmizdə bunun üçün resurslar və imkanlar var. Təəssüf ki, Azərbaycanda farmokoloji sənaye inkişaf etməyib. Bircə əczaçı zavod var ki, o da istənilən səviyyədə dərmanlar istehsal etmək iqtidarında deyil. Azərbaycanda xammal ehtiyatı baxımından, həm dərman maddələrinin, həm xammalın istehsalı üçün şərait var. Məsələn, Almaniyada əksər dərmanlar həm Şərq, həm də Qərb təbabətinin ümumiləşmiş formasıdır. Bu ölkədə Şərq reseptləri əsasında çox keyfiyyətli dərmanlar hazırlanır. Onların istehsalını Azərbaycanda da həyata keçirmək mümkündür. Ancaq bu işə böyük investisiya və kadr potensialı lazımdır. Əgər Azərbaycanda bu cür farm zavodlar açılsa, qonşu ölkələrə də Azərbaycan dərman ixrac edə, dünya bazarına yerli əczaçılıq məhsullarını çıxara bilər. Əgər hazırda yerli istehsal mövcud olsaydı, ölkənin əczaçılıq sahəsində bu cür vəziyyət yaranmazdı”.
Şəymən