Aqramunt çox ciddi siyasətçidir

“Ümidvaram ki, o, Azərbaycanın ədalətli mövqeyini əks etdirən istiqamətdə fəaliyyət göstərəcək”



Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının plenar iclasında ispaniyalı Pedro Aqramunt AŞ PA-nın sədri vəzifəsinə seçilib. P.Aqramunt AŞ PA-da Avropa Xalq Partiyası qrupunun sədri olub.

Onun bu vəzifəyə namizədliyi ötən il öz qrupu tərəfindən irəli sürülüb. Məlumat üçün deyək ki, İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞ PA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb. Bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. Aqramunt AŞ PA-da fəal parlamentarlardan hesab olunur. O, bu vəzifədə mandatı 2017-ci ildə bir dəfə yenilənməklə, 2018-ci ilin yanvar ayına qədər fəaliyyət göstərəcək. Quruma yeni sədrin seçilməsi ilə bağlı "Şərq”ə danışan millət vəkili Asim Mollazadə Aqramuntu çox ciddi siyasətçi kimi tanıdığını deyib: "Əlbəttə, bir şəxsin proseslərə təsir etmək imkanı o qədər də çox deyil. Amma hər halda Aqramunt beynəlxalq hüquqa hörmət edən bir şəxs kimi tanınır. Ümidvaram ki, o, Azərbaycanın ədalətli mövqeyini əks etdirən istiqamətdə fəaliyyət göstərəcək. Ən azından, bizə qarşı hansısa zidd və mənfi addım atmayacaq. Bizim AŞ PA-dan istəyimiz odur ki, qurum beynəlxalq hüquq normalarına hörmət etsin və Azərbaycana qarşı obyektiv mövqe tutsun. Burda söhbət ərazimizin işğal olunmasından, milyonlarla insanın qaçqın düşməsindən və torpaqlarımızda həyata keçirilən etnik təmizləmədən gedir. Ümid edirik ki, AŞ PA-nın yeni sədri bu məsələlərlə bağlı haqq səsini ucaldacaq. Təbii ki, bu istiqamətdə müvafiq qətnamələrin qəbul olunmasını da istəyirik. Həmişə olduğu kimi, yenə də tələb edəcəyik ki, AŞ PA təcavüzkar Ermənistana qarşı təzyiq rıçaqlarını işə salsın”.

İsmayıl