AŞ PA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi

Aqustin Konde kəskin mövqeli şəxsdir
Onun necə biri olduğu və Azərbaycana qarşı münasibəti proseslərin davamında özünü göstərəcək


Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib. Komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.

Aqustin Konde də Pedro Aqramunt kimi AŞ PA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqedə olmasını arzu etdiklərini söyləyib: "Cənab Pedro Aqramuntun Azərbaycan üzrə həmməruzəçi kimi səlahiyyətləri başa çatdı. Monitorinq Komitəsi bu vəzifəyə cənab Aqustin Kondeni təyin etdi. Biz istəyərdik ki, yeni məruzəçi Azərbaycanla bağlı obyektiv mövqedə olsun. O, hələ yeni təyin edilib və hansısa addımların atılması təbii ki, Monitorinq Komitəsinin işidir. Aqustin Konde AŞ PA-da fəaliyyət göstərir, elə bir yaxınlığımız yoxdur, kəskin mövqeyi ilə fərqlənir”. A.Kondenin Azərbaycandakı vəziyyəti öyrənmək üçün yaxın gələcəkdə ölkəyə səfər etməsinin mümkünlüyünə toxunan S.Seyidov hələlik gündəlikdə belə bir məsələnin olmadığını deyib.

Qeyd edək ki, hüquq müdafiəçiləri də Aqustin Konde barədə məlumatlı olmadıqlarını deyib. Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Aqustin Kondeni tanımadığını deyib: "Həmin deputat barədə heç bir məlumatım olmadığı üçün onun gələcək fəaliyyəti ilə bağlı konkret gözləntilərim yoxdur. Onun necə biri olduğu və Azərbaycana qarşı münasibəti proseslərin davamında özünü göstərəcək. Kondenin həmməruzəçi kimi fəaliyyətini ancaq Azərbaycana gəldikdən sonra dəyərləndirə bilərəm. Hələlik isə heç bir fikrim yoxdur”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə də AŞ PA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi ilə heç bir tanışlığının olmadığını deyib: "AŞ PA-da şəxsən və ya dolayı olaraq tanıdığım bir neçə parlamentarilər var. Amma Aqustin Konde haqqında heç nə bilmirəm. Tanımadığım bir həmməruzəçinin fəaliyyəti ilə bağlı isə indidən dəyərləndirmə aparmağım məqsədəuyğun deyil. Gəlsin, görək necə biridir?”

Şəymən