“ASAN Viza” təqdir edildi

Bu, ölkəmizə turist axınını gücləndirəcək





Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza” terminalları vasitəsilə əcnəbilərə vizaların verilməsinə başlanılıb. Hava limanında 15 ölkə-Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizalar veriləcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, əcnəbilər "ASAN Viza” terminallarına yaxınlaşaraq pasport məlumatlarını qeyd edə və maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola bilər.

Görünən odur ki, dövlət vizaların verilməsində insan faktorunu tamamilə aradan qaldırmağa çalışır. Bununla da Azərbaycana gələn əcnəbi turistlərin sayı arta və ölkəmizin iqtisadi durumunda müsbət irəliləyişlər baş verə bilər.

15 ölkə vətəndaşları üçün viza rejiminin asanlaşdırılmasını müsbət qiymətləndirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq”ə bildirib ki, yaxın zamanda daha çox xarici ölkə vətəndaşlarına vizaların verilməsinə başlanıla bilər. Şura sədrinin sözlərinə görə, prosesin asanlaşdırılması xarici vətəndaşların ölkəmizə olan inam və etibarının doğrulmasına da şərait yaradacaq: 

"Siyahıda olan ölkələrin əksəriyyəti son zamanlar Azərbaycana gələn turistlərin sayında çoxalmaya səbəb olub. Burda əsas məqsəd həmin ölkələrdən Azərbaycana gələn insanların daha sadələşdirilmiş şəkildə vizalar əldə edib ölkə ərazisinə daxil olmasıdır. İstənilən ölkəyə gedən turistlər həmin ölkəyə viza almaq imkanları ilə bağlı müəyyən araşdırmalar aparırlar və müəyyən çətinliklərin olacağını müşahidə etdikdə həmin ölkəyə getməkdən vaz keçə bilərlər.

 Ona görə də Azərbaycana gələn insanlar vizanın əldə olunmasının asan olduğunu gördükdə, təbii ki, bu ölkəyə olan maraq və inamın artmasına səbəb olur. Lakin müəyyən nüanslar ola bilər. Məsələn, ölkə ərazisinə gələn insanların müəyyən hissəsi təhlükəsizlik məsələləri ilə bağlı şübhə doğuran məqamlara şərait yarada bilər. Bununla bağlı müvafiq qurumlar məşğuldur . Belə xoşagəlməz və arzuolunmaz insanların ölkəyə daxil olması sadələşdirilmiş viza ətrafında baş verməməlidir”.

Yeganə