İlqar Altay: “Gəncədə bir qrup dindarın icazəsiz yürüş keçirmə cəhdləri artıq bizim üçün həyəcan siqnalı olmalıdır”
Aşura günü bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb və hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb. Dindarların bu həbsi isə müəyyən dairələrdə narazılıq doğurub və hüquq-mühafizə orqanlarının bu addımı dindarlara təzyiq kimi dəyərləndirilib.
İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist-ekspert İlqar Altay isə Gəncədə dindarların aktivləşməsində, bir qrup dindarın Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirmə cəhdində dövlətçiliyimiz və milli təhlükəsizliyimiz üçün təhlükəli tendensiya görür. Onun sözlərinə görə, burada söhbət dindarlardan və onlara qarşı hansısa təzyiqlərdən getmir. Əsas məsələ dindarların ekstremist qollarına qarşı mübarizədən ibarətdir: "Bakı və regionları əhatə edən Aşura-2015 göstərdi ki, Aşuranı əlində siyasi silaha çevirmiş İran molla rejimi son 1-2 ildə Azərbaycanda nə qədər "irəliləyiş” edə bilib. Heç şübhəsiz ki, Aşura gününün ölkəmizdə aşırı, nümayişkaranə formada qeyd olunması birbaşa siyasətə, hansısa cərəyanların maraqlarına xidmət edir. Neçə-neçə gəncimizin beyni yuyulmaqda və millət, vətən, xalq dəyərlərindən uzaqlaşdırılmaqda, əvəzində dini-fanatizm mücərrədlikləri ilə doldurulub uyuşdurulmaqdadır. Qan çıxana qədər insanlara özlərini döydürmək, başlarını yardırmaq, şaxsey-vaxsey elətdirmək yolu ilə onları trans halına salmaq və özlərinə xidmət elətdirmək məqsədi güdürlər. Mən bir tədqiqatçı kimi açıq və qətiyyətlə deyirəm ki, bugünkü Aşura tədbirlərinin tərkibində İran rejiminin Azərbaycan dövlətçiliyinə qarşı ideoloji proqramı durur. Bu, birmənalıdır!”.
Kriminalistin sözlərinə görə, son illərdə Aşura gününün Azərbaycanda bu qədər faciəvi hal alması təsadüfi deyil: "Aşura sovet dövründə də olub. Amma müşahidələrimiz göstərir ki, son 2-3 ildə Aşura günü ölkəmizdə ifrat vəziyyətə çatdırılıb. Bütün bunların arxasında isə dayananlar İranyönlü dindarlardır. Gəncədə baş verən kütləvi həbslər bir daha sübut elədi ki, artıq bu qruplar təşkilatlanıb və ölkəmiz də onların arxasında dayanıb, fəaliyyətlərini nizamlayan mənbələr var. Fikir verdinizsə, Lənkərandakı dindarlar sanki Aşura günü yox, parad keçirirdilər. Gəncədə də bir qrup dindarın Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirmə cəhdləri artıq bizim üçün həyəcan siqnalı olmalıdır. İranla sərhəd olduğu üçün cənub zonasında dini ekstremistlərin fəallığı başadüşüləndir. Amma tarixən Gəncə-Qazax zonasında ekstremist cərəyanlar çox zəif olub. Bugünkü gündə dindarların Gəncədə, Şəmkirdə təşkilatlanmasının özü artıq bir təhlükədir”.
Gəncədə dindarların kütləvi həbsinin əsas səbəblərindən birinin itaətsizlik olduğunu vurğulayan kriminalist deyib ki, onlar açıq şəkildə hüquq-mühafizə orqanlarını qanlarını tökməklə təhdid edirlər. İndiyə qədər bizdə belə şeylər olmurdu. Artıq dini durum ictimai-siyasi xadimlər, cəmiyyət arasında narahatlıq doğurmağa başlayıb. Azərbaycan müharibə şəraitindədir. İndiki sabitlik şəraitində bu qədər irəli gedən dindarlar Allah uzaq eləsin, sabahları ölkəmizdə müharibə və ya hansısa təlatümlər olsa, nələr eləməzlər? Hesab edirəm ki, dini qruplaşmalarla bağlı dövlət-polis orqanları öz gücünü göstərməli, milli təhlükəsizlik orqanları isə bu istiqamətdəki fəaliyyətlərini artırmalıdırlar. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi var, onun bazası və səlahiyyətləri tam artırılmalıdır ki, bu sahədə təsir və tənzim imkanı güclənsin. Bütün dini tədbir və mərasimlərin bizim milli mentalitetimizə, eləcə də dövlətçilik prinsiplərimizə uyğun aparılmasını nəzarətdə saxlasın. Mənim narahatçılığım bundan ibarətdir”.
Şəymən