İnsanın ən güclü dostu sayılan heyvan niyə bu qədər dəyərsizləşdirilib?
Ata, Ata dəymə!
Bu gün o məğrur heyvanı qanına-qəltan edirlər
İnsanın ən güclü dostu sayılan heyvan niyə bu qədər dəyərsizləşdirilib?
İnsanın ən güclü dostu sayılan heyvan niyə bu qədər dəyərsizləşdirilib?
Son vaxtlar bəzi işbazların bazara at əti çıxarmaq istərkən yaxalanması cəmiyyətdə ciddi narahatlıq doğurur. At ətinə tələbatın necə formalaşması, bu cəmdəklərin haraya daşınması, müxtəlif ət məhsullarının hazırlanmasında at ətindən istifadə edilib-edilməməsi kimi suallar insanlarda ikrah doğurur. Ən böyük narahatlıq isə bazara çıxarılan at ətləri, əsasən ölmüş və ya xəstə atlar olması barədə iddialardır.
Çünki istənilən halda Azərbaycandakı işbazların sağlam atı kəsib satması inandırıcı görünmür. Digər bir məqam isə bu ətlərin at əti adı altında deyil, mal əti adı ilə alıcılara sırınmasıdır. Bu isə istehlakçıların aldadılması anlamına gəlir və haqlı narazılığa səbəb olur. İnsanlarda sual doğuran bir məqam da atların bu qədər dəyərsizləşdirilməsi və insanların gözündən salınmasıdır.
Axı biz dədə-babadan atları insana ən yaxın və sədaqətli heyvanlardan biri hesab edib, o cür sevmişik. Hətta oxuduğumuz kitablarda, izlədiyimiz filmlərdə, ədəbiyyat və mədəniyyət nümunələrimizdə atlara yüksək dəyər verildiyini müşahidə etmişik. Oxumuşuq ki, atlarda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bunlardır. Ola bilsin ki, sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür.
Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var - o, insanların əbədi dostu və köməkdarıdır. Bu torpaqlarda atçılığın tarixi çox qədim zamanlara gedib çıxır. Tarix boyu yaşadığımız ərazilərdə gedən savaşlarda at döyüşçünün ən güclü silahı və ən sadiq dostu sayılıb. Təsadüfi deyil ki, xalq dastanlarının böyük əksəriyyətində qəhrəmanların yaxın "silahdaşı” olan at obrazlaşdırılır. Koroğlunu Qıratsız necə təsəvvür etmək olar ki?! Qaçaq Nəbi, Beyrək kimi qəhrəmanlarımız atını qardaşdan belə irəli tutmayıblar?!
Hətta keçmişdə bir kişinin atına sataşmaq, onun şərəfinə sataşmaq kimi qiymətləndirilib.
Görkəmli nasir, Xalq yazıçısı İsmayıl Şıxlının uşaqlıqdan üzü bu yana dönə-dönə oxuduğumuz "Dəli Kür” romanında insan-at dostluğunu, onlar arasındakı dərin bağlılığı özündə əks etdirən səhnə yadımızdan çıxıb? Məgər Cahandar ağa ilə Qəmər (atın adı) arasındakı münasibətlər iki dostun, silahdaşın mənəvi bağlılığını özündə ehtiva etmirdi?! Xatırlayırsınızsa, düşmənləri Cahandar ağanı təhqir etmək üçün onun atının yal-quyruğunu qırxmağı qərara alırlar. Cahandar ağa bu rüsvayçılığa dözə bilməyib, gözlərində yaş, sevimli atını güllələyir... çünki o vaxtın ağaları, bəyləri üçün "igidin atı da şərəflə ölməli idi...”
1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Xruşşov Böyük Britaniyanın kraliçası Yelizavetaya qızılı rəngli Zaman adlı Qarabağ atını hədiyyə göndərib. Belə ki, Xruşşov Britaniya kraliçası II Yelizavetanın at həvəskarı olmasını çoxdan bilirmiş.
1956-cı ilin 21 aprelində kraliçanın 30 yaşı tamam olur. SSRİ-nin rəhbəri Avropada və dünyada xüsusi söz sahibi olan Britaniya ilə münasibətləri yaxşılaşdırmaq üçün fürsəti fövtə vermir. Xruşşov kraliçaya öz hədiyyəsini göndərmək üçün Bakıda seçim edir. 4 yaşlı dünya gözəli olan Zamanı Londona kimin aparacağı mübahisə doğurur. Eyni zamanda Bakıdan Londona kimin gedəcəyi ilə bağlı 30 idmançı arasında seçim aparırlar. Minlərlə insanın toplaşdığı ad günü mərasimində Əli Tağıyev Qarabağın cins atını - Zamanı kraliçaya təqdim edir.
Bütün bunlar isə onu göstərir ki, atçılıq Azərbaycanda daim maraq kəsb edib və ona adi bir heyvandan daha artıq dəyər verilib.
Bəs indi nə dəyişib? Niyə insanlar atları kəsib, leş əti kimi restoranlara, dönərxanalara dəyər-dəyməzinə satır? Azərbaycanda atların sayı bu qədər çoxdur ki?
Alim-zootexnik, Bakı Dövlət Cıdır Meydanının sabiq direktoru Niyazi Səfərov "Şərq”ə açıqlamasında at ətinin bir çox ölkələrin, xüsusən də Avropa və Asiya əhalisinin qida rasionunda olduğunu deyib və onun ətinin orqanizm üçün ziyanlı olmadığını deyib:
"Avropada at əti daha çox Macarıstan və Fransada istifadə olunur. Bu ətin ən çox populyar olduğu ölkələr isə Qazaxıstan, Monqolustan, Özbəkistan və Qırğızıstandır. Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarında da at ətindən geniş istifadə olunur. Azərbaycanda isə at ətinin satışına qadağa olmasa da, bu ətlər azərbaycanlıların qida rasionuna daxil olmadığı üçün açıq şəkildə satılmır. Onun mal əti adı ilə satılması isə məqsədəuyğun deyil və bu addımı atan işbazlar cinayət məsuliyyəti daşıyır”.
N.Səfərovun sözlərinə görə, təsərrüfata yararlı olan atı kəsib satmaq düzgün deyil, ancaq yararsız atlar kəsilməlidir:
"Kəsim üçün nəzərdə tutulan atlar sağlam, amma damazlığa yaramayan atlar olmalıdır. Hansısa bir yerindən zədə almış, çıxdaş atlar xüsusi olaraq kökəldilməli və ətlik halına salınmalıdır. Bizim orqanizmimiz buna öyrəşmədiyi üçün at ətinə zərərli bir qida kimi baxırıq. Halbuki, at əti Avropada ən bahalı qidalardandır”.
Zootexnikin dediyinə görə, bütün təsərrüfatlarda, şəxsi adamlarda olan atlar qeydiyyata götürülməli və damazlığa yararlı olan ətlərə əl vurmamaq şərti ilə yerdə qalan bütün çıxdaş atları kökəldib, baytar həkiminin nəzarəti altında kəsmək lazımdır. Daxili bazarda tələbat olmasa da, xarici ölkələrə satmaq olar. Damazlıq atları kəsib, mal əti adı ilə insanlara yedirtmək genefondumuza da mənfi təsir edir. İşbazların biznesi cinayət məsuliyyətindən əlavə mənəvi məsuliyyət də daşıyır və bunun qarşısı mütləq alınmalıdır. Son illər belə bir tendensiya yaranıb ki, harada at tapdılar, başını kəsirlər. Hesab edirəm ki, dövlət orqanları bu məsələyə ciddi nəzarət etməlidir.
Alim hesab edir ki, genefondumuza və atçılığın inkişafına ziyanı olmayacağı təqdirdə damazlıq, təsərrüfat üçün yararlı olan atların yeyilməsinin başqa bir zərəri yoxdur: "Nə ətin dadında, nə də keyfiyyətində bir dəyişiklik olur. Ancaq atçılığa böyük bir zərbə olur. Azərbaycanda atların yetişdirilməsi ilə bağlı vəziyyətin bir o qədər də qənaətbəxş olmadığı bir zamanda atları qırıb-tökürlər”.
Tibb eksperti, professor Adil Qeybulla da sağlam at ətinin insan orqanizminə heç bir zərəri olmadığını deyib.
At ətinin qida rasionunun bir hissəsini təşkil etdiyini vurğulayan professora görə, sadəcə onu nəzərə almaq lazımdır ki, hər bir regionun öz qida rasionu var: "Yəni bizim bölgənin insanları at əti yeməyə öyrəşməyiblər. Ona görə də, at əti yemək həzm prosesində hər hansı bir pozğunluq yarada bilər. Ancaq müəyyən bir adaptasiyadan sonra buna da adət etmiş olurlar. Tərkibi zülaldı, proteindi, bu baxımdan geniş şəkildə istifadə olunur”.
O, həmçinin ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarının müxtəlif ola biləcəyini deyib:
"Çöl heyvanları ilə ev heyvanlarının ətinin tərkibi fərqli olur. Daima çöldə yaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər, maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilən halda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki, heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.
Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev də "Şərq”ə Azərbaycanda atların sayının heç də az olmadığını deyib. Onun sözlərinə görə, ölkədə olan atların sayı 100 minə yaxındır:
"Bizdə at əti yeyilmir. Bir çox hallarda vətəndaşlar qocalmış atları başlı-başına buraxırlar. Belə atlar cəbhə bölgələrində gedib minaya düşür, yaxud əkinləri məhv edir. Digər tərəfdən, son illərdə belə atların kəsilib mal əti adı ilə əhaliyə satılması halları da artır. Hesab edirəm ki, ölkədən kənara at ixracının geniş vüsət alması bu sahənin inkişafına gətirib çıxaracaq və ixracın artması mövcud problemlərin də qarşısının alınmasına gətirib çıxaracaq. Bu, əslində bizim təşəbbüsümüzdür ki, təsərrüfatçı atından əlverişli şərtlərlə istifadə etsin. Yəni itkiyə yol verilməsin. Eyni zamanda atlara tələbatın artması vətəndaşları onu yetişdirməyə təşviq edəcək. At az xərc və az əmək tələb edən heyvandır, onu yetişdirmək daha asandır. Bu baxımdan, əhali görsə ki, atı baha qiymətə satmaq olur, daha çox yetişdirəcək. Bu, bazarın qanunudur ki, tələb təklifi stimullaşdırır”.
Şöbə müdiri deyir ki, hazırda cins və qeyri-cins atların elektron reyestri hazırlanır:
"Bizim elektron kənd təsərrüfatı sistemimiz işə başlayıb. Bütün rayonlarda kənd təsərrüfatının inventarizasiyası aparılır. Heyvandarlıqda ilk olaraq atlardan və süni mayalanma olunmuş mal-qaradan başlamışıq”.
Qeyd edək ki, atların Azərbaycan bazarları ilə yanaşı, ölkədən daşınması da kütləvi hal halıb. Yayılan məlumatlara görə, mütəmadi olaraq at dolu maşınlar Ələt dəniz limanından bərələrlə Qazaxıstana daşınır.
Şəymən