“Naxçıvandakı hərbi istehkamlar ermənilər üçün ciddi təhlükə deməkdir”
Atəş səsləri...
Düşmən sərhəddə təxribata əl atır
“Naxçıvandakı hərbi istehkamlar ermənilər üçün ciddi təhlükə deməkdir”
“Naxçıvandakı hərbi istehkamlar ermənilər üçün ciddi təhlükə deməkdir”
Mayın 20-də Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Düşmənin hərbi birləşmələri Naxçıvan istiqamətində sərhəd boyu hücuma cəhd ediblər. Ermənilərin təxribatının qarşısı alınarkən, döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçumuz, əsgər Adil Tatarov şəhid olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, törədilən təxribatın arxasında qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni müdafiə və xarici işlər nazirləri dayanır. Nazirlik bəyan edib ki, bu təxribat onların göstərişi ilə həyata keçirilib:
"Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq”. Təcavüzkar əməllərinə haqq qazandıran Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, guya, Azərbaycan ordusu sərhəd xəttində mövqelərini yaxşılaşdırmaq üçün aktiv mühəndis işləri aparır. Lakin Azərbaycan Müdafiə Nazirliyi rəsmi İrəvanın bu bəyanatını məsuliyyətsiz və əsassız adlandırıb. Nazirliyin açıqlamasına görə, ermənilər Azərbaycan hərbçisinin öldürülməsinə bəraət qazandırmaq üçün uydurma bəyanatlar səsləndirirlər. Ekspertlərin fikrincə, Azərbaycan rəhbərliyinin Naxçıvana səfərindən və Ermənistanın ünvanına xəbərdaredici açıqlama verməsindən sonra düşmənin təxribata əl atması heç də təsadüfi deyil. Böyük ehtimal ki, təxribat qərarı Ermənistanın güc nazirlərinin sərhədə səfərindən sonra alınıb.
Yaranmış gərginliklə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc da düşünür ki, Ermənistan silahlı qüvvələrinin Naxçıvana atəş açması təsadüfi hadisə və ya təmas xəttində əsgərlərin özfəaliyyəti deyil. Deputatın sözlərinə görə, bu, inqilabi Paşinyan hökumətinin xalq içərisində davam edən eyforiyasını sərhədə daşımaqdır:
"Yeni rəhbərlik hökuməti ələ keçirən kimi ilk səfərini Qarabağa reallaşdırdı və orada küçə həmləsini davam edərək, konkret hədəflərə doğru real hücuma keçəcəklərini iddia etdi. Amma gördüyünüz kimi, Qarabağ içindəki oyanışlar müəyyən bir nöqtədə bitdi. Paşinyan İrəvan küçələrində yarım hərbi qiyafədə nümayiş etdirdiyi prosesi Qarabağa daşıyaraq, orada terrorçu Monte Melkonyan obrazını təkrarlaya bilmədi. Daha sonra proses Naxçıvan istiqamətinə transfer edildi. Düşmən rəhbərliyi Naxçıvandakı təxribatla Azərbaycana iki məsələdə siqnal vermək istəyirdi. Məlumdur ki, Naxçıvandan İrəvana olan 62 kilometrlik məsafə orta mənzilli silahların uçuş zolağı xəttindədir. Belə olan təqdirdə Azərbaycan özünün hərbi gücünü Naxçıvanda artırmaqla nəinki taktiki üstünlük əldə edir, eyni zamanda ermənilərin gücünü parçalayır. Düşmən öz silah-sursatını müxtəlif cəbhələrdə paylamalı olur. Bu da Qarabağda düşmənin güclənməsinin qarşısını alır. Digər tərəfdən ermənilərin Naxçıvan qorxusu həm də Türkiyəyə görədir”. Z.Oruc bildirib ki, Naxçıvandakı hərbi istehkamlar ermənilər üçün ciddi təhlükə deməkdir. Ona görə də düşmən tərəfi sırf o istiqamətdən təxribata əl atır: "Təxribat törədilən ərazi Qarabağ deyil. Düşmənin hesablarına görə, burada KTMT-nin üzərinə iş düşür. Yəni Azərbaycan əks zərbələr vurduğu, irəliyə doğru döyüşə atıldığı halda o zaman qırğız, qazax, belarus və rus əsgəri ermənilərlə bərabər bizə qarşı döyüşəcəklər. Müəyyən mənada diqqəti Qarabağdan Naxçıvana yönəltməklə Azərbaycanı təxribata çəkmək istəyirlər. Şübhəsiz ki, düşmənin niyyəti baş tutmayacaq. Hesab edirəm ki, Müdafiə Nazirliyinin verdiyi sərt bəyanatın arxasında real hərbi əməliyyatlar dayanır”.
Analitik bəyan edib ki, 1990-cı illərdə ulu öndərin Naxçıvanda qurduğu istehkam bu gün də qorunub saxlanılır: "Bütün ölkəni Naxçıvan kimi qorumaq mümkün olsaydı, Qarabağ problemi bu qədər ağır vəziyyətə gəlib çıxmazdı”.
"Düşmənin Naxçıvan istiqamətində təxribat törətməsi, atəşkəsi pozması təsadüfi deyil”. Bunu isə "Sherg.az”a politoloq, "Atlas”Araşdırmalar Mərkəzinin sərdi Elxan Şahinoğlu söyləyib. O bildirib ki, illərdir, Naxçıvan istiqamətində atəşkəsə riayət edilməsi təxribatın təsadüfi olmadığını açıqlayır:
"Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Naxçıvanda oldu və hərbi hissələri ziyarəti zamanı Ermənistana sərt mesajlarını ünvanladı. Artıq bundan sonra, Ermənistan güc nazirləri Naxçıvanla sərhədə gəldi, baxış keçirdilər. Həmin ərəfədə cəbhədə atəşkəsin pozulması göstərir ki, ermənilər bizə "mesaj” göndərmək istəyiblər. Düşmənin bu cəhdi yenə uğursuz oldu və dərhal cavab atəşi açıldı”. E.Şahinoğlu bu təxribatın Nikol Paşinyanın nazir olmasından sonra ilk həmlə olduğunu xatırladıb: "Planlaşdırılmış hücum onu göstərir ki, Ermənistanın Qarabağ siyasətində dəyişən heç nə yoxdur. Hakimiyyət dəyişsə də, münaqişə əvvəlki kimi davam etdirilir. Deməli, cəbhə bölgəsində təzyiqi artırmalıyıq. Vaxtilə, müdafiə naziri Zakir Həsənovun dediyi kimi, bir şəhidimizin qarşılığında onlarla düşmən hərbçisi məhv edilməlidir”.
İsmayıl