Seçkiqabağı Türkiyədə şokedici hadisələr yaşanır
Türkiyədə son günlər baş verən hadisələr ölkəni yenidən qarışdırıb. Paytaxt Ankara və böyük şəhərlər də daxil olmaqla elektrik verilişinin uzunmüddətli kəsintisi, prokurorun terrorçular tərəfindən girov götürülərək qətlə yetirilməsi və hakim AKP-nin rayon təşkilatının terrorçular tərəfindən ələ keçirilməsi kimi ard-arda baş verən hadisələr Türkiyənin çox kritik bir dönəmdə olduğunu göstərir. Həyata keçirilən terror fəaliyyətlərinin qarşısı alınsa da, bunun son olmayacağı görünməkdədir. Baş verən hadisələrlə bağlı müxtəlif iddialar səslənməkdədir.
Terrorçu "prokuroru vurun” əmrini Yunanıstandan alıb
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbul Ədliyyə Sarayında prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçuların xarici ölkə ilə əlaqəli olduğunu deyib. Baş nazir prokurorun dəfnindən sonra mətbuata hadisə ilə bağlı bəzi detalları açıqlayıb. Bildirib ki, prokuroru girov götürən şəxslər hadisə zamanı xarici ölkə ilə telefon əlaqəsi saxlayıblar. Belə ki, İnqilabçı Xalq Qurtuluş Partiyası (DHKP) adlandırılan terror təşkilatının hazırkı lideri Hüseyn Fevzi Tekin başda olmaqla təşkilat rəhbərliyinin bir neçə üzvü Yunanıstandadır. Polis əməkdaşları onu da vurğulayıb ki, terrorçular davamlı olaraq Yunanıstandakı mərkəzlə ünsiyyətdə olub, telefonla danışa-danışa prokuroru vurublar. Bunun səbəbi isə Yunanıstandakı mərkəzdən əmr almalarıdır.
Bir neçə qonşu ölkə Türkiyədə sabitliyin pozulması üçün ciddi projelər üzərində işləyir
Türkiyənin Bakı böyük elçiliyinin keçmiş mətbuat attaşesi Turqut Ərin sözlərinə görə, bütün cəhdlər Türkiyənin milli təhlükəsizliyini ciddi təhlükə altına almaq üçündür: "Türkiyə içərisində fəaliyyət göstərən PKK-nın da, DHKP-nın da Avropa ölkələrində uzantıları var. Çağlayan ədliyyəsində prokuror Kirazı öldürən qrupun üzvləri bir neçə il öncə Sabançı ailəsinin üzvünü qətlə yetirib. Həmin terrorçuları Brüssel hələ də Türkiyəyə təhvil verməyib. Buna görə də son dərəcə ehtiyatlı olmaq lazımdır. Bu məsələdə Türkiyə iqtidarının da zəif nöqtələri var. Təhlükəsizliklə bağlı ciddi problemlərin olduğu göz qabağındadır. Deməli, dövlətin görməli olduğu çox ciddi işlər var”.
Seçkilərə qədər təzyiq yüksələcək
"Kürd məsələsi”nin həlli prosesində bir sıra addımlar atıldığı bir vaxtda Türkiyədə İnqilabçı Xalq Qurtuluş Partiyası (DHKP) adlanan terror təşkilatının ortaya çıxması düşündürücüdür. Türkiyənin "Vatan” qəzetinin yazarı Hüseyn Yayman terror təşkilatının xaos planını deşifrə edəcək bir yazı qələmə alıb. Yazar bildirib ki, Türkiyə tarixinin ən əhəmiyyətli seçkilərindən birinə gedərkən qaranlıq qüvvələr yenidən dövrəyə giriblər: "Seçkiyə qədər bütün xaos planları işə salınacaq. Böyük ehtimalla seçkilərə qədər təzyiq yüksələcək və şokedici hərəkətlər həyata keçiriləcək”. Yazara görə, təşkilatın 3 əsas hədəfi var. O hesab edir ki, Türkiyə PKK ilə qırxillik mübarizə dövrünü başa çatdırdığı bir vaxtda ölkə üçün digər bir qaranlıq səhifənin açılmasına cəhdlər edilir: "Son iki ildə yaşananları onsuz da bilirsiniz. Əvvəlcə Gəzi Parkı hadisələri baş verdi. Daha sonra 17-25 dekabr tarixlərində çevriliş cəhdləri edildi. Bunların heç biri müvəffəqiyyətli olmadı. Ərdoğan hər hücumdan sonra daha da gücləndi. Hazırkı nöqtədə Ərdoğanın əleyhdarlarının başqa variantı qalmayıb. Ona görə də, həmin qüvvələr DHKP kimi çox sahibi olan bir təşkilatdan istifadə edərək rezonans doğuracaq addımlar atacaqlar”. "Vatan”ın yazarı terrorçuların hədəflərini də açıqlayıb: "Birinci növbədə polislər qətlə yetiriləcək. İkincisi, strateji obyektlərdə canlı bombalar partladacaqlar. Üçüncüsü, siyasətçilərə və məşhur adlara qarşı sui-qəsdlər təşkil ediləcək.
"Türkiyə bir ucunda AKP, o biri ucunda qanlı qruplaşmaların yer aldığı kirli bir əməliyyatın göbəyindədir”
Müxalifət düşərgəsi baş verənlər üçün əsas məsuliyyəti AKP iqtidarının daşıdığını bildirib. Milliyətçi Hərəkət Partiyasının başqanı Dövlət Baxçalı şəhid prokurora görə üzüntü duyduğunu bildirib və bəyan edib ki, xain hücumla sadəcə bir prokuror deyil, bütün Türkiyə vurulub: "Türk ədalətinin qanı axıdılıb, 78 milyon hədəf alınıb, Berkin Elvan bir daha öldürülüb. Anlaşılan odur ki, İstanbuldakı terror bilərəkdən Çağlayanda həyata keçirilib. Türkiyənin siyasi basqı yaşadığı, dartışmaların yeni, təhlükəli mərhələyə keçdiyi dönəmdə DHKP adlı terror qrupu ortaya çıxıb. Türkiyə bir ucunda AKP, o biri ucunda qanlı qruplaşmaların yer aldığı kirli bir əməliyyatın tam göbəyindədir. Ölkə son dərəcə şübhəli münasibətlərin içərisinə itələnib. Milli təhlükəsizlik idarələri nə işlə məşğuldur? Ərdoğana yorulduğunu söyləyən, Məclisə girmək üçün çalışan, prezidentin razılığını almadığı üçün yenidən kürsüsündə əyləşən "sirr küpü” Hakan Fidan haralarda gəzməkdədir?
"Baş verənlər xarici qüvvələrin seçkiöncəsi Türkiyəni qarışdırmaq cəhdləridir”
Millət vəkili Fazil Mustafa Türkiyədə baş verən hadisələrin seçkilər ərəfəsində gözlənilən hallar olduğunu deyib. Deputatın sözlərinə görə, prokurorun girov götürülməsi və AKP-nin rayon təşkilatının ələ keçirilməsi ölkədəki terrorçu qüvvələrin ölkəni qarışdırmaq niyyətidir: "Amma Türkiyə böyük dövlətdir, belə hallar ölkədə kifayət qədər baş verir və qarşısı alınır. Güman etmirəm ki, olaylar kütləvi hal alsın. Bütün hallarda xoşagələn proseslər deyil. Bütövlükdə Türkiyənin daxilində xaricdən körüklənən qüvvələrin çalışmalarının nə qədər ciddi olduğunu göstərən bir amildir. Həmçinin, elektrik kəsintisinin baş verməsi daha təhlükəli bir haldır. Hökumət ciddi addımlar atmalıdır.
AKP daxilindəki bəzi qruplar Ərdoğanın ifrat avtoritarlaşmasından qorxur
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə deyib ki, bir-birinin ardınca baş verən hadisələr əslində Türkiyənin daxili siyasi gərginliyinin fəsadlarıdır. Çünki Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı hakim partiyanın özündə müxtəlif mövqelər var: "Bu günlərdə baş nazir Bülənt Arınc bununla bağlı müəyyən açıqlamalar verdi və öz partiyasının təmsilçisi tərəfindən təhqirə məruz qaldı. Görünür, artıq AKP daxilində hansısa qurum Ərdoğanın ifrat avtoritarlaşmasından qorxur. Bəziləri elə düşünür ki, onun prezident statusu geniş səlahiyyətlərə yol açacaqsa, bu artıq hakimiyyətin bir qədər də avtoritarlaşmasına gətirib çıxaracaq. Əslində bu, gözlənilən nəticə idi. AKP öz siyasi opponentlərini ən məqbul və qeyri-məqbul vasitələrlə sıradan çıxarmaqla faktiki olaraq həmin münaqişəni öz daxilinə çəkmiş oldu. İndi bunun əlamətləri görünməkdədir”.
"Hadisələrin ard-arda baş verməsi təsadüf ola bilməz”
Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər deyib ki, Türkiyənin parlament seçkilərinə hazırlaşdığı, prezidentlik üsul-idarəsinə keçidin müzakirə olunduğu, PKK ilə danışıqların aparıldığı bir zamanda belə olayların baş verməsi istər-istəməz diqqəti xarici təsirə yönəldir: "İlkin rəyə görə, terror hərəkətləri arasında müəyyən əlaqələr var və onlar hansısa xarici güclər tərəfindən idarə olunur”. S.Əkbər hadisələrin AKP tərəfindən planlaşdırıldığı iddiasını inandırıcı görmür: "Baş verən hadisələr hakimiyyətə heç də müsbət dividend gətirmir. Bütün ölkə üzrə elektrik kəsintisinin yaşanması, cümhuriyyət savcısının öz kabinetində öldürülməsi, polisə hücum edilməsi AKP-nin nüfuzunu və sosial bazasını artırmır, əksinə, azaldır. Ərdoğan öz-özünə qarşı belə yanlış addım atmaz”.
İsmayıl