Bölgədə dünya güclərinin böyük planları var, ehtiyatlı olmalıyıq
"Azərbaycanın və Gürcüstanın Avrasiya İttifaqına (Aİ) üzvlüyü üçün danışıqlar aparılır. Ümumiyyətlə, Avrasiyaya inteqrasiya prosesi hər şeydən əvvəl coğrafiya, tarix və bugünkü hadisələrin inkişafı ilə əlaqədardır. Düşünürəm ki, Zaqafqaziya da bu gün Avrasiya inteqrasiyasının pioneridir”.
Bu barədə Ermənistanın tert.am portalına müsahibəsində Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru, politoloq Aleksey Martınov Avrasiya İttifaqı ilə İranın və Cənubi Qafqaz ölkələrinin perspektiv əməkdaşlıq planını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın da Aİ-də iştirak etməsi istisna deyil: "Bu, niyə də olmasın? Biz nə vaxtsa hamımız, böyük sovet ölkəsinin tərkib hissəsi olmuşuq. Mən bununla siyasi çağırış etmirəm. Amma iqtisadiyyat nöqteyi-nəzərindən bunu hamıya aid etmək olar. Və bu planda İran niyə də olmasın?!”.
Ekspertin iddialarını şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə deyib ki, Azərbaycan çox strateji bölgədə yerləşir: "Bölgəmizlə əlaqədar çox böyük planlar mövcuddur. İqtisadi və geosiyasi baxımdan bölgəmizin önəmi böyükdür. Azərbaycanın hansısa bir iqtisadi ittifaqla danışıqlar aparması təbii haldır və buna bir qəbahət kimi baxmaq olmaz. Azərbaycan Şanxay əməkdaşlıq təşkilatı ilə də əlaqədədir. Orada bizim müşahidəçilərimiz var və ölkəmizin o təşkilata üzv olması istisna olunmur”.
Ekspertin fikrincə, Azərbaycan Aİ-yə arxa çevirməz: "Orada yeni modellər yaranırsa, qarşılıqlı əlaqələr varsa və burada ona müəyyən imtiyazlar vəd edirlərsə, niyə də Azərbaycan bu təşkilata qoşulmasın. Burada heç bir problem yoxdur. Adıçəkilən birlikdə aparıcı rolu Rusiya, Qazaxıstan və Belarusiya oynayır və hər 3 ölkənin Azərbaycanla çox yaxşı münasibətləri var. Bir daha qeyd edirəm ki, bu qurumda Azərbaycan üçün narahatlıq doğuran heç bir məqam yoxdur”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri isə hesab edir ki, Azərbaycanı bu ittifaqa qoşacaq heç bir iqtisadi və siyasi amil yoxdur: "Azərbaycanın torpaqlarını işğal edən, onunla müharibə vəziyyətində olan Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqına, Gömrük İttifaqına daxil olması mümkün deyil. Belə bir absurda gedilməsi inandırıcı deyil. Deyilə bilər ki, Ermənistan MDB-nin də üzvüdür və Azərbaycan da orada təmsil olunur. Ancaq bilmək lazımdır ki, MDB ilə Avrasiya İqtisadi İttifaqı, həmçinin Gömrük İttifaqı tamamilə fərqlidir. Azərbaycan hakimiyyətinin "Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna etmirik” bəyanatı müvəqqəti geosiyasi gedişdir. Avrasiya İqtisadi İttifaqı mövzusunu rəsmi Bakı ona görə birdəfəlik qatlayıb kənara qoymur ki, lazım olanda siyasi manevr üçün istifadə edilsin”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da bildirib ki, Azərbaycan müstəqil, açıq dövlət siyasəti aparır. Ölkəmizin bütün dövlətlərlə, o cümlədən Ermənistan istisna olmaqla, Avrasiya İttifaqına daxil olan ölkələrlə iqtisadi-siyasi əlaqələri mövcuddur: "İqtisadi, siyasi, milli maraqlar Azərbaycanın xeyrinə olarsa, rəsmi Bakının istənilən ittifaqa qoşulması problem deyil”.
Bununla yanaşı, parlamentari söyləyib ki, Azərbaycanın ixrac etdiyi məhsulların əsas hissəsi Avropa ölkələrinə gedir: "Azərbaycan istənilən təşkilata üzv olmağı düşünərsə, dövlət başçısı cənab İlham Əliyev ilk olaraq milli maraqları, müstəqilliyi ön plana çəkir. Azərbaycan müstəqilliyinə, iqtisadi-siyasi maraqlarına xələl gətirməyəcək istənilən ittifaqa qoşula bilər. Amma sirr deyil ki, Azərbaycanın karbohidrogen ehtiyatları, neft-qazla əlaqədar əsas ticarət tərəfdaşı Avropadır. Rusiya ilə də münasibətlərimiz yaxşıdır. Azərbaycanın Rusiya ilə iqtisadi-siyasi əlaqələri yüksək səviyyədədir. Nəzərə alınmalıdır ki, torpaqlarımızı işğalda saxlayan Ermənistan Aİ üzvüdür. Nə qədər ki, işğalçı dövlət sözügedən təşkilatın üzvüdür, Azərbaycanın ora qoşulması mümkün görünmür”.
Ayyət Əhməd