Azərbaycanda gənclərin sayının azalması müşahidə olunmur
İndiki zaman üçün bu hər nə qədər müsbət göstərici hesab olunsa da, 10 ildən sonra vəziyyət mənfiyə doğru dəyişə də bilər
Demoqrafiya sahəsində maraqlı araşdırmaları ilə tanınan ekspert Cozef Çeymi artıq 15 ildən sonra bir sıra ölkələrdə gənc nəslin qalmayacağını bildirib. Onun fikrincə, bu sıraya Yaponiya, Kanada, İtaliya, Fransa da daxil olmaqla, 30 ölkə aiddir. Hazırda bu dövlətlərdə yaşlı nəsil çoxluq təşkil edir.
Araşdırmalar qeyd olunan rəqəmin sürətlə artdığını və 2030-cu ildə yaşlıların sayının gəncləri keçəcəyini göstərir. Maraqlı məqamlardan biri də müvafiq problemin yaşanmadığı yeganə qitənin Afrika olmasıdır.
"Həyat” Humanitar Beynəlxalq Təşkilatının sədri Azər Allahverənov isə "Şərq”ə açıqlamasında demoqrafik sahədə yüksəlişi müəyyən edən konkret indikatorların olduğunu deyib. Onun sözlərinə görə, demoqrafik yüksəlişə ilk növbədə təbii artım üzrə göstəricilər təsir göstərir: "Həmin göstəricilərə əsaslanaraq, bu və ya digər ölkələrdə artımın olub-olmadığını söyləmək mümkündür. Razıyam ki, son illər dünyada əhalinin yaşlanma prosesi sürətlənib. Xüsusən də Avropa ölkələrində bu tendensiya daha qabarıq şəkildə müşahidə olunur. Avropada təbii artımın tempi aşağı düşür və nəticə etibarilə bu, Avropanın sürətlə qocalmasından xəbər verir. Dünyaya gələn uşaqların sayı ildən-ilə azalır. Bəlli bir müddətdən sonra isə Avropada əhalinin böyük əksəriyyətini yaşlılar təşkil edəcək. Hətta Almaniyada artıq demoqraflar həyəcan təbili çalmağa başlayıb ki, əhali sürətlə qocalır. Əhali qocalanda isə işçi qüvvəsi, əmək qabiliyyəti olan insanların sayı azalır. Bu isə dövlət büdcəsinə daxil olan əlavə gəlirlərin faizini aşağı salır. Ona görə də Almaniya hökuməti əmək qabiliyyətli insanların sayının artmasında maraqlıdır. Amma müxtəlif səbəblərə görə, bu problemi aradan qaldırmaq mümkün olmur. Alman ailələrinin əksəriyyəti biruşaqlıdır. Maksimum iki uşaq. Çoxuşaqlı ailələrə nadir hallarda rast gəlinir. Eyni zamanda Almaniya hökuməti daimi miqrantları qəbul etməkdə maraqlı olmurlar. Amerika
Kanada kimi ölkələrdə isə demoqrafiya problem səviyyəsində olmasa da, işartıları var. Amma bu ölkələrə gedən miqrantlar daha çox gənc olduğu üçün əhali artımına öz töhfələrini verir və əhalinin əmək qabiliyyəti ilə məşğul olan hissəsində artım olur”.
Hələlik Azərbaycanda demoqrafiya, gənclərin sayının azalması kimi bir problem olmadığını vurğulayan ekspert deyib ki, təbii artım faizi 1.1 faizdən az olarsa həyəcan təbili çalınır. Azərbaycanda isə bu göstəricilər 1.2 faiz təşkil edir: "Düzdür, son illərdə bizdə də çoxuşaqlı ailələrin sayı azalıb. Ailə modeli ata-ana və maksimum iki uşaqdan ibarət olur. Buna rəğmən, bizdə təbii artım templəri Avropa ölkələrinin təbii artım templərindən qat-qat yüksəkdir. İndiki zaman üçün bu hər nə qədər müsbət göstərici hesab olunsa da, 10 ildən sonra vəziyyət mənfiyə doğru dəyişə də bilər”.
Əhalisinin yaş qrupuna görə, Azərbaycanın gənclər ölkəsi siyahısına daxil olduğunu vurğulayan A.Allahverənov hesab edir ki, gələcəkdə də demoqrafiya problemi ilə üzləşməmək üçün zəruri addımlar atılmalıdır: "Azərbaycanda gözə çarpan demoqrafik problemləri sərt şəkildə görməsək də, bilirik ki, bu sahəyə aid alt sahələrdə bəzi məsələlər özünü göstərməkdədir. Bu da kənd əhalisinin azalması, çoxuşaqlı ailələrin sayının ciddi şəkildə aşağı düşməsi, doğulan uşaqlar arasında oğlan, qız nisbətinin pozulması şəklində özünü göstərir”. Ekspertin sözlərinə görə, Avropa ölkələrindən fərqli olaraq təbii artım templəri yüksək olan ölkələrdə əhali artımının qarşısı alınır. Hətta Afrikanın bəzi ölkələrində qadağan olunmuş əməliyyatların tətbiqinə belə icazə verilir.
Şəymən