Avropa Şurası Azərbaycandakı seçkilərdən razı qaldı

Seçki yerli media tərəfindən geniş işıqlandırılıb
"AŞ PA müşahidə missiyası seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti tərəfindən dəvət olunub. Missiya 28 nəfərdən ibarətdir. Müşahidəçilərimiz ölkənin bir neçə rayonunda və Bakıda olublar”.
Bunu Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞ PA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla deyib. O bildirib ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: "Seçkinin demokratik keçirilməsi üçün uyğun baza yaradılıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun baş tutub. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olunub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq”. J.Çukla bəyan edib ki, məntəqələrin 20 faizində kameralar quraşdırılıb. Seçki yerli media tərəfindən geniş işıqlandırılıb: "Bununla belə, səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib”. Missiya rəhbəri deyib ki, ATƏT-in DTİHB və ATƏT PA-nın Azərbaycana müşahidə missiyası göndərməməsindən təəssüflənib: "Buna baxmayaraq, seçkidə çoxsaylı müşahidəçilər var idi. Seçici fəallığında əhəmiyyətli artım olub. Seçkilər xalqın iradəsini tam ifadə edib”. J.Çukla Azərbaycanda insan haqları sahəsində problemlərin qalmaqda olduğunu deyib: "Azərbaycanı insan hüquqlarının müdafiəsi sahəsində təcili tədbirlər görməyə çağırırıq. Missiya Azərbaycan hakimiyyətini həvəsləndirir ki, Venesiya Komissiyası tərəfindən edilən tövsiyələri, o cümlədən demokratik institutların fəaliyyəti ilə bağlı tövsiyələri nəzərə alsın. Azərbaycan assambleyanın monitorinq proseduru tərkibindəki ölkə olduğuna görə, missiya Azərbaycanın AŞ-yə üzvlüyü zamanı razılaşdırılmış vəzifələr və öhdəliklərini yerinə yetirməsi üçün AŞ PA-ya Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyi tövsiyə edir”. "Daha sonra verəcəyiniz yekun bəyanat indikindən fərqlənə bilərmi” sualına Çukla belə cavab verib: "Bu, çox spekulyativ olar. Biz öz bəyanatımızda nələri müşahidə etmişiksə, onu qeyd etmişik”. O, gələcək seçkilərdə televiziya debatlarının olacağına da ümid etdiyini bildirib.
İsmayıl