Avropa Şurası Azərbaycanın bütövlüyünə qəsd etdi
Qabil Hüseynli: “Biz apellyasiya şikayəti verməliyik” Sədrəddin Soltan: “Bu qərarın arxasında görünməyən məqamlar var”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının ötən gün keçirilən son plenar iclasında Azərbaycan əleyhinə qərar qəbul edilib. Belə ki, iclasda "Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi üzrə müzakirələr keçirilib. Təklif olunub ki, hesabatdakı "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə...” cümləsi "Dağlıq Qarabağ münaqişəsi barədə” sözləri ilə əvəz olunsun.
Səsverməyə çıxarılan təklif qəbul olunub. Bundan başqa, avropalı deputatlar tərəfindən ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib. AŞ PA-nın qərəzli mövqeyi və qəbul etdiyi qətnamə Azərbaycan ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb. Qətnaməyə narazılığını ifadə edənlər qurumun ermənipərəst yanaşmasını tənqid ediblər.
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter” səhifəsində yazıb ki, AŞ PA üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir: "Onlar üçün "biz necə istəyirik, o da olmalıdır” prinsipi əsasdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu cür qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər”. YAP-ın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə də bildirib ki, heç vaxt Azərbaycanda olmayanlar ölkəmizlə bağlı məlumatı qərəzli mənbələrdən əldə edərək dövlətimizə qarşı ittihamlar irəli sürürlər: "Qərb dairələri Azərbaycanda gedən islahatları, söz və mətbuat azadlığının olduğunu görmək istəmirlər. Hətta vəziyyət o yerə çatıb ki, onlar Dağlıq Qarabağ məsələsini ancaq keçmiş DQ vilayəti ərazisi kimi başa düşürlər. Ətraf 7 rayonun işğalını və 1 milyon 200 min insanın öz torpağında yaşamaq hüququndan məhrum olmasını nəzərə almırlar. Əgər onların torpaqlarının bir hissəsi işğal olunub, ölkədə qaçqınlıq problemi olsaydı, insan hüquqlarından hansı formada danışacaqdılar?! Bu məsələdə Azərbaycan və Ermənistan arasında fərq qoymurlar. İnsanlar qətlə yetirildiyi işğalçı ölkədə 100 faiz cəmiyyət ancaq ermənilərdən ibarətdir. Amma həmin dairələr bunu görmür. Azərbaycana qarşı edilən ittihamların əsası yoxdur. Ölkəmizdə insan hüquqları qorunur, söz-mətbuat azadlığı var və demokratik seçkilər keçirilir. Bu gün Azərbaycan Avropanın bir hissəsidir. Azərbaycanı Avropadan qoparmaq istəyi baş tutmayacaq. Onların məqsədi Azərbaycana təzyiq etmək və ölkəmizi qapalı bir dövlətə çevirməkdir. Görünür, Avropada hansısa dairələr Azərbaycanın qısa bir zamanda inkişaf etmiş bir dövlətə çevrilməsini həzm edə bilmirlər”. A.Mirzəzadə əlavə edib ki, bunların arxasında bir neçə məsələ durur: "Azərbaycana qarşı azğın təbliğat kampaniyası aparan erməni diasporasıdır. Onların yüz illərlə Avropada yaşayan nümayəndələri var və hakim dairələrə təsir edirlər. Bununla yanaşı, dövlətimizin inkişafını qəbul etməyən anti-Azərbaycan mərkəzlər də var”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AŞ PA-nın bu qərarının Almaniyanın diktəsilə olduğunu düşünür: "Qərb ölkələrində Ermənistanın mövqeyini tanımağa yönəlmiş addımlar atılır. AŞ PA sədri almaniyalı deputatdır və Azərbaycana qarşı özünün mənfur mövqeyi ilə seçilir. Bu nöqteyi-nəzərdən onların hərəkəti qeyri-qanunidir”. Politoloqun sözlərinə görə, qərarda beynəlxalq hüquq normalarının açıq şəkildə pozulduğu görünür. Ona görə də Azərbaycan apellyasiya şikayəti verməlidir: "7 rayonun geri qaytarılmasını Almaniya özü də dəfələrlə tələb edib, Avropa Birliyinin özünün sənədlərində Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı yazılar əks olunub. Bildirilib ki, bu rayonlar Dağlıq Qarabağın hüdudlarından kənardadır və sözsüz Azərbaycana qaytarılması haqqında müddəalar beynəlxalq təşkilatların hamısının sənədlərində qeyd olunub. İndi AŞ PA "yekəbaşlıq” edərək belə bu müddəanı çıxarırsa, biz apellyasiya şikayəti verməliyik”. Q.Hüseynli məsələ ilə əlaqədar BMT-nin təhlükəsizlik şurasının çağırılmalı olduğunu vurğulayıb: "İlk növbədə BMT-yə məlumat verilməli, lazım gələrsə, qurumun təhlükəsizlik şurasının çağırılmasına nail olunmalıdır.
Subyektiv mövqe ilə qəbul olunmuş qərara etiraz edilməlidir”. Politoloq burada xristian təəssübkeşliyinin sezildiyini də bildirib.
Politoloq Sədrəddin Soltan da açıqlamasında məsələnin pərdə arxasında başqa məqamların dayandığını istisna etməyib: "Bu qərarın arxasında görünməyən məqamlar var. Bizim üçün əsas məsələ dövlətimizin ərazi bütövlüyüdür. Adıçəkilən məsələdə Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməyən bir qurumun başqa sahələrdə tövsiyələri nə dərəcədə önəmlidir?”.
İsmayıl