Avtomobil bazarında canlanma olmayacaq

Bazarda əziyyət çəkənlər sahibkarlar və öz avtomobilini satmaq istəyən vətəndaşlardır



Bakının avtomobil bazarında durğunluq daha da artıb. Badamdar qəsəbəsində yerləşən, "maşın bazarı” kimi tanınan Bakı Avtomobillərin Satış Mərkəzinin satıcıları vəziyyətin günü-gündən pisləşdiyini deyib. Satıcılar deyirlər ki, onlar hər günü başa vurandan sonra sabahı gözləyirlər ki, bəlkə ertəsi gün yaxşı olar.

Bir sözlə, "maşın bazarı” əməlli-başlı müştəri qıtlığı yaşayır. Bazara gələn müştərilər gəlib baxırlar, lakin maşın almadan çıxıb gedirlər. Nağd pulla avtomobil almaq istəyənlərin sayı isə

ümumiyyətlə ürəkaçan deyil. Qeyd edək ki, bazarda yalnız Rusiya maşınlarına azdan-çoxdan tələbat var ki, bu da sözügedən maşınların həm ucuz, həm də ki, təzə maşınlar olması ilə əlaqədardır.

Avtomobil bazarında hökm sürən durğunluğun əsas səbəbinin dünyadakı və xüsusən də ölkədəki mövcud iqtisadi tendensiyalar olduğunu vurğulayan Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyib ki, ölkədəki makroiqtisadi göstəricilər son dərəcə aşağı düşüb, xaricdən ölkəyə pul axını da hiss olunacaq qədər azalıb. Bu proses də bütün istehlak bazarında olduğu kimi avtomobil bazarından da təsirsiz ötüşmür.

Ekspertin sözlərinə görə, avtomobil bazarında mövcud vəziyyətin bir qədər də dərinləşməsinə təsir göstərən amillər sırasına Azərbaycanda avtomobil bazarına ayrılan kreditlərin məhdudlaşdırılması, avro standartların tətbiqi və ölkəyə avtomobil idxalı ilə bağlı tələb olunan gömrük rüsumlarının həddindən artıq yuxarı olması da daxildir. Bazarda mövcud qiymətlər də vətəndaşların alıcılıq qabiliyyətinə uyğun olmadığı üçün avtomobil alıcılarının sayı azalıb. Bu prosesdən daha çox əziyyət çəkən isə təkrar avtomobil bazarında fəaliyyət göstərən sahibkarlar və öz avtomobilini satmaq istəyən vətəndaşlardır.

Avtomobil bazarındakı mövcud durğunluğun aradan qalxması və vətəndaşların alıcılıq qabiliyyətinin artması üçün hələ ki, hansısa ciddi bir əsas mövcud olmadığını vurğulayan Ramil Osmanlı deyib ki, ancaq dünya bazarında neftin qiymətinin artması fonunda avtomobil bazarında hansısa canlanmaya nail olmaq olar: "Ola bilsin ki, ilin sonunda və ya növbəti ildən bu vəziyyətin düzəlməsi istiqamətində müəyyən dəyişikliklər olsun. Bu da ancaq o halda baş verər ki, dünya bazarında neftin qiymətinin azalma tendensiyası artımla əvəzlənsin. Əks təqdirdə, yalnız hökumət bu istiqamətdə qəbul etdiyi qərarlara yenidən baxmalı və avtomobil satışı ilə bağlı məhdudiyyətləri aradan qaldırmalıdır. İlk növbədə isə gömrük rüsumları azaldılmalı və kreditlərə tətbiq olunan qadağalar yığışdırılmalıdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə hələ Azərbaycanda avtomobilləşmə prosesinin ilkin mərhələdə olduğunu deyib. Onun sözlərinə görə, ölkəmizdə cəmi 13-14 faiz avtomobilləşmə gedib. Bu isə çox aşağı göstəricidir. Çünki bu rəqəm inkişaf etmiş ölkələrlə müqayisədə 4-5 dəfə aşağıdır. Ekspertin fikrincə, avtomobil bazarında durğunluq çox davam edərsə, bu, digər sahələrə də mənfi təsir göstərə bilər: "Məsələn, sıxlıq səbəbindən ictimai nəqliyyatda problemlər yarana bilər. Digər tərəfdən, artıq həm Bakıda, həm də bölgələrdə yollarda avtomobillərin sayı nisbətən azalıb. Bu isə o deməkdir ki, təkcə avtomobillərin satışı deyil, onların istismarı halları da azalıb. Yəni insanların bəziləri artıq lazımsız yerə avtomobillərini sürüb istifadə etmir, pullarını hədər xərcləmirlər. Vəziyyət belə davam edərsə, ehtiyat hissələrinin satışı da pisləşəcək, avtomobil təmiri ilə məşğul olan obyektlərin gəlirləri azalacaq, onların bəziləri hətta bağlana bilər. Bundan başqa, hətta yanacaq satışı da aşağı düşə bilər”.

Ə.Hüseynov da hesab edir ki, avtomobil bazarındakı durğunluq birbaşa ölkədəki iqtisadi vəziyyətlə bağlıdır: "Avtomobil bazarı da iqtisadiyyatın bir sahəsidir. Ona görə də məsələyə kompleks şəkildə yanaşılmalıdır. Avtomobil bazarında vəziyyət daha da pisləşə bilər. Çünki insanlar gəlirləri azaldıqda adətən həyati əhəmiyyət daşımayan xərclərini təxirə salırlar. Avtomobillərin alınması və onların istismarına çəkilən xərclər də məhz həyati əhəmiyyət daşımayan xərclər siyahısında öndə gedənlərdəndir. İqtisadi vəziyyətin nə qədər bu cür davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. Çünki bu, daha çox qlobal iqtisadi proseslərlə bağlıdır. Lakin əgər iqtisadi vəziyyət yaxşılaşsa, avtomobil bazarı yenidən canlanacaq”.

Şəymən