“Avtomobilin rəng örtüyünün zədələnməsi bizlik deyil”

Sığorta Şirkəti vətəndaşın maşınına dəymiş ziyanı ödəməkdən imtina edir




"Bakı Sığorta” şirkəti Qaradağ rayonu Lökbatan qəsəbəsi, Bünyadzadə 1B/m49-da yaşayan Füzuli rayonundan məcburi köçkün Kazımov Nihal Fariz oğlu tərəfindən mətbuatda gedən şikayət ərizəsinə cavab verib. Ərizədə qeyd edilib ki, Kazımov Nihal Fariz oğluna məxsus olan "Mercedes Benz” E320 markalı 90-LD-778 dövlət nömrə nişanlı avtomaşın "Bakı Sığorta” şirkətində sığortalanıb. (Müqavilə nömrəsi (MIPTK5250/15).

15.10.2015-ci il tarixdə yaşadığı ünvanda gecə saatlarında avtomaşın istintaqa məlum olan şəxs tərəfindən küt əşya ilə bütün hissələri dərindən cızılaraq 800-1000 manat məbləğində maddi ziyan vurulub. Və hadisədən dərhal sonra polis və sığorta şirkəti məlumatlandırılıb. Lazımi sənədlər toplanaraq "Bakı Sığorta” şirkətinə təqdim edilib. Buna baxmayaraq zərərçəkən sözügedən şirkətin dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırdığını iddia edib. "Bakı Sığorta” şirkətinin İctimaiyyətlə Əlaqələr, Marketinq və Müştəri Məmnuniyyəti Departamentinin rəhbəri Cavid Nemətzadə isə "Şərq”ə açıqlamasıda sözügedən problemə aydınlıq gətirib: "Sözügedən avtomobil Rzayev Habil Qabil oğluna məxsusdur. Avtomobilin sürücüsü isə Kazımov İqbal Fariz oğludur. Mətbuatda adıkeçən Kazımov Nihal Fariz oğlunun kimliyi barədə isə bizdə heç bir məlumat yoxdur. Daha doğrusu, Nihal Kazımovun sığorta məsələsinə heç bir aidiyyəti yoxdur.

Onun sözlərinə görə, maşın sahibi oktyabrın 15-də problemlə əlaqədar şirkətə müraciət edib: "Bu hadisədən əvvəl də, 31.07.2015-ci ildə həmin şəxs şirkətimizə müraciət etmişdi. Onun avtomobilinin dəmir hissəsi əzildiyi üçün biz ona dəymiş olan ziyanı ödədik və 442 manat vəsait verdik. Çünki biz hadisəni araşdırmışdıq və həqiqəqən də qarşı tərəfdən gələn avtomobil

"Mercedes Benz” E320 markalı 90-LD-778 dövlət nömrə nişanlı avtomaşına sürtülmüşdü. Biz də sığorta şirkəti olaraq, öhdəmizə düşən vəzifəni yerinə yetirdik. İkinci hadisədə isə rəng örtüyünün zədələnməsi baş verib. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 30.1.14-cü maddəsinə görə, avtomobilin banı və hissələri zədələnmədən rəng örtüyünün qopması hadisəsi zamanı sığorta haqqının ödənilməsindən imtina edilir. Bütün müştərilərimizə təqdim olunan müqavilədə bu qaydalar öz əksini tapıb. Müqavilələrin arxasına da "Kaska sığortası kitabı” da tikilib verilir. Burada da bütün qaydalar yazılıb. Ona görə də şirkət müştərinin avtomobilinə dəymiş ziyanın ödənilməsindən imtina edib”.

Şəymən