Zemfira Budaqova: “Orada real təhlükə var və bunu ört-basdır etmək, gizlətmək də heç kimə xeyir gətirməyəcək”
“Avtovağzal Kompleksi orada tikilməməliydi”
“Çatlar bir az da aralansa, altdan vulkan püskürəcək”
Zemfira Budaqova: “Orada real təhlükə var və bunu ört-basdır etmək, gizlətmək də heç kimə xeyir gətirməyəcək”
Zemfira Budaqova: “Orada real təhlükə var və bunu ört-basdır etmək, gizlətmək də heç kimə xeyir gətirməyəcək”
Beynəlxalq Avtovağzal Kompleksindəki çökmə ilə bağlı ziddiyyətli açıqlamalar davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev iddia edir ki, ərazidə təhlükə qalmaqdadır: "Ərazidə təhlükə davam edir, texnogen proses aktivləşib. İstinad divarları sökülüb, yenidən tikilməlidir”.
"Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti isə "Hər şey tam nəzarətdədir” deyərək heç bir narahatlığa əsas olmadığını bildirir. "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına açıqlamasında baş geoloqun iddialarını əsassız adlandırıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, Avtovağzalın çökmə baş verən hissəsində istinad divarları və yamacın bərkidilməsinin yekunlaşmasını gözləyirlər: "İşlər yekunlaşdıqdan sonra "Azəryolservis”in balansında olan çat verən əsas yolda təmir işlərinə başlanılacaq. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumların mütəxəssisləri çalışır. Media qurumları yazır ki, "ərazi təhlükədədir”. Bu cür informasiyaları yazmaq düzgün deyil. Çünki orda çalışan mütəxəssislər ərazidə təhlükə olmadığını deyir. Əgər ciddi təhlükə olardısa, rəhbərlik tərəfindən yol bağlanardı. Mütəxəssislərin verəcəyi rəydən asılı olaraq istinad divarları sökülüb yenidən tikilə bilər. Biz bu barədə nə isə deyə bilmərik, biz, sadəcə, icraçıyıq”. Qurum rəsmisi hazırda çatların genişləndiyi əsas yolda avtomobillərin hərəkət etməsi üçün təhlükə olmadığını bildirib: "Ərazidə bərkitmə işləri aparılmasaydı, deyilən kimi təhlükə olardı. Biz profilaktik tədbirlər görmüşük. Çatların üzəri qırla müvəqqəti örtülüb. İndi qır tökülən yerin də çatlaması normaldır, çünki bu, profilaktik tədbirdir. "Azəryolservis” hər hansı bərkitmə işləri görməyib. Bir daha deyirəm ki, yamacda və istinad divarında aparılan işlərin yekunlaşmasını gözləyirik”.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə Avtovağzal Kompleksinin qarşısındakı yolun real təhlükə mənbəyi olduğunu dedi:
- Yolda başqa nə baş verməlidir ki, hərəkət üçün bağlansın?! Nəyi gözləyirlər? Gözləyirlər ki, maşınlar getdiyi yerdə yol parçalansın, bir neçə yerə bölünsün, camaat yerin dibinə girsin?! Hər şey göz qabağındadı. Yol çatlayıb. Dağılmağa başlayıb. Bunun səbəbi də məlumdur. Avtovağzal Kompleksi əvvəldən orada tikilməməliydi. Çünki həmin ərazi bataqlıqdır. Yerin altı sudur. Amma nə etdilər? Guya ki, bataqlığı qurutdular, tikintiyə başladılar. Əslində isə, bataqlığı qurutmaq mümkün deyil. Orada yalnız bu halda tikinti aparıla bilərdi ki, bataqlığın suyu harasa yönləndirilsin, harasa axıb getməsi üçün kanallar olsun. Amma bunlar neylədi? Suyu boğub saxladılar bir yerdə. Bu su haradansa vurub çıxmalıdır. Su bir yerdə qala bilməz. O su sızıb doldu evlərin, binaların altına. Zirzəmilər su ilə doludur. Bu, kənardan gələn su deyil ki, qarşısını nəyləsə kəsəsən. Bunlar yeraltı sulardır. Yeraltı suların da səviyyəsi ildən-ilə artır. Neçə dəfə bu adamlara demək olar ki, Abşeron gil təbəqəsinin üzərindədir. Gil təbəqəsinin qalınlığı 7 metrdir. Qoy gedib ölçsünlər. Yeraltı suların səviyyəsi qalxdıqca, gil təbəqəsini yuyub aparır, sürüşmə prosesi gedir. Tikinti o halda aparıla bilər ki, suyun axarı olsun. Su bir yerdə yığılıb qalmasın. Su mütləq özünə yol tapıb çıxmalıdır və çıxır da. Adi təbiət qanunlarını, fizika, geologiya qanunlarını da bilmirlər. Bəlkə də əhəmiyyət vermirlər. Təki nəsə tikilsin. Öz mənfəətlərini düşünürlər. Amma görürsünüz ki, düzgün aparılmayan işin fəsadları bir gün üzə çıxır. Yadınızdadır, Şirvanşahlar sarayının altında yeraltı tunellər üzə çıxmışdı. Deyirdilər, şah bu yolla saraydan çıxırmış, nə bilim, qaçırmış. Hamısı boş söhbətlərdir. O yollar suyun axarı üçün tikilib. Müəyyən məsafədən bir hündür tağlar var. Bakının köhnə məhəllələrinin hamısında belə idi. Yeraltı kanallar vardı. Suyun səviyyəsi qalxanda o tağlarla istiqamətlənib dənizə axırdı. Amma neylədilər? O yolları, kanalları açıb hərə bir restoran, kafe tikdi. Suyun yolu da bağlandı.
Z.Budaqova çat yaranmış yolun hərəkət üçün bağlanmasını vacib sayır:
- Həmin yol çox təhlükəlidir. Yolda hərəkət mütləq dayandırılmalıdır. Bunlar elə-belə çat deyil ki, qırla üstünü örtəsən. Qırla çat doldurmaq olar?! Cəfəngiyyatdır. Çat üstdən əmələ gəlməyib ki, üstünü örtürlər. Yer altdan çatlayır, paralanır. Onun üstünü örtməklə heç nəyə nail olmaq olmaz. Çatlar bir az da aralansa, altdan vulkan püskürəcək. Bu insanlar coğrafiya fənni keçməyib? Bilmirlər, qitələr necə yaranıb?! Bu qədər bisavaddırlar yəni?
Orada real təhlükə var və bunu ört-basdır etmək, gizlətmək də heç kimə xeyir gətirməyəcək. Doğru olanı insanlara demək, təhlükəsizliyi təmin etmək lazımdır. Həmin yolla avtomobillərin hərəkəti qadağan edilməlidir, çünki həyat üçün təhlükəlidir. Avtovağzal Kompleksi də oradan köçürülməlidir. O, Avtovağzaldır ki?! Gəmiyə oxşayan bir şey tikiblər, nə görünüşü var, nə də rahatlığı. İnsanlar bilmir haradan girib, haradan çıxsınlar? Ora Avtovağzal deyil. Ticarət mərkəzidir. Avtobusa minmək üçün gərək ticarət mərkəzlərinin başına dolanasan. Belə Avtovağzal olmaz. Xarici ölkələrdəki avtovağzallara baxsınlar, görsünlər, necə tikilib. Avtovağzal elə olmalıdır ki, ora gələn adam asanlıqla avtobusa minib yola düşə bilsin. Bizim Avtovağzalda isə əlində yük də apara bilmirsən.
Əgər suyu yönləndirə bilmirlərsə, başqa ərazidə avtovağzal tiksinlər.
Məlahət Rzayeva