Axtarışa verilənlər...

Əcnəbilər işğal olunmuş ərazilərimizdə qanunsuz sahibkarlıqla məşğul olur
Elman Məmmədov: “Onlara qarşı vətəndaşları olduqları ölkələr tədbirlər görməlidirlər. Biz nəyi bacarırıqsa, onu edirik”


Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz daxil olmuş İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib. Baş Prokurorluq İsveçrə vətəndaşının beynəlxalq axtarışa verilməsi ilə bağlı xəbər yayıb.

Məlumata görə, buna İsveçrə Konfederasiyasının vətəndaşı, "Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olmağa başlaması səbəb olub. Hazırda V.Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün "İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bir müddət öncə, rusiyalı biznesmen German Sterliqov da Azərbaycanın işğal olunmuş ərazilərində fermer fəaliyyətilə məşğul olmaq fikrinə düşmüşdü.

Maraqlıdır, görəsən, əcnəbi biznesmenlər niyə işğal olunmuş ərazilərimizi seçirlər? Bunun altında hansı maraqlar dayanır?

Suallarımızı cavablandıran millət vəkili Elman Məmmədov deyib ki, bu illər ərzində ərazi bütövlüyümüzə hörmətsizliklə yanaşan belə insanlar çox olub: "Lakin onların vətəndaşı olduğu ölkələr və ya təmsil olunduqları qurumlar bildirirlər ki, bu, bizim mövqeyimiz deyil. Onların şəxsi mövqeyidir. Əlbəttə, bu bir bəhanədir. Azərbaycan tərəfi məsələyə dair tədbirlərini görür. Amma tutarlı cəza tədbiri verdirə bilmirik. Səbəb də odur ki, torpaqlarımız düşmən işğalı altındadır. Orada da bizim deyil, işğalçının qanunları işləyir. Bunlar da oranı boş meydan kimi görüb, biznes fəaliyyəti və məkirli niyyətlərini gerçəkləşdirməyə gəlirlər. Onların qarşısını ala bilmirik. Doğrudur, etiraz edirik, amma başqa cür tədbirlər görə bilmirik”.

Parlamentarinin sözlərinə görə, bu, Azərbaycanın qanunlarına və ərazi bütövlüyünə qarşı hörmətsizlikdir: "Onlara qarşı vətəndaşları olduqları ölkələr tədbirlər görməlidirlər. Biz nəyi bacarırıqsa, onu edirik”.

Millət vəkili hesab edir ki, bu cür problemləri yoluna qoymaq üçün bircə yolumuz qalır. O da torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü təmin etməkdir: "Orada Azərbaycan qanunları işləyərsə, onlar ərazilərimizə gəlib-getmək üçün bizdən icazə almalı olacaqlar. Hələ ki bu qeyri-qanuni hüququ düşmən tərəf özündə saxlayır”.

Ayyət Əhməd