Ayağa durmayın, qədim teatr sənətindən danışacağıq

“Stand-up” yalnız pul qazanmaq deyil, həm də cəmiyyətə vacib mesajlar verməkdir
"Stand-up” sözünün əsas mənası ayağa qalxmaq deməkdir. Amma bu sadəcə ayağa qalxmaq deyil. Norveçlilərin "fösinq”, isveçlilərin "stoup” dedikləri şeyə ingilisdilli jurnalistlər "stendup” (stəndap) deyirlər. Bu üç sözün mənası eynidir: hadisə yerindən reportaj. Haradasa arxa planda müharibə gedir, tamaşaçıların qarşısındakı reportyor isə bu qaynar nöqtədə, yaxud hadisə yerində nələr baş verdiyi barədə danışır. Qumbaralar partlayan, atışma gedən müharibə zonasında çəkiliş aparmaq təhlükəlidir, ona görə də reportyor ekranı öz bədəni ilə doldurmalıdır.Xəbəri kadrlar vasitəsilə göstərən telesüjetlərin ən yaxşı telesüjetlər olduğunu inkar etmək mümkün deyil. Lakin bir çox hallarda stendup mühüm funksiya daşıyır.
Stand-up, eyni zamanda teatrın çox qədim növlərindən biridir. Üstəlik, Amerikada, Avropada, hətta bir çox Asiya ölkələrində bu sənət növü geniş yayılıb.
Sırf bu işlə məşğul olan və bu işdən xəyal edilməyəcək qədər pul qazanan, milyonlarca tamaşaçını öz cazibə dairəsində saxlayan bir çox məşhur stand-up sənətçisi var.
Amma bizdə kiməsə stand up desən, ingilis dilini bilən biridirsə, uzağı, ayağa qalxacaq.
Düzdür, son illərdə Türkiyədən Cem Yılmazı izləyən gənclərimiz də kifayət qədərdir. Amma təəssüfləndirici haldır ki, onlar da Cem Yılmazdan başqa heç kimi tanımırlar.
"Stand-up comedy” nədir? Janrın adını birbaşa dilimizə çevirsək, ən yaxşı halda "Ayaqüstü komediya” olar. Doğrudan da belədir. Stand-up sənətçisi tamaşa boyu təkbaşına 1 saat, bəzən 2-3 saat gülməli hadisələr, hekayətlər danışmalı olur.
Bunu danışarkən də əsasən ayaq üstə olurlar. Stand-up hər nə qədər teatrın bir növü olsa da, sadəcə teatr salonlarında yox, eləcə də barlarda, kafe və restoranlarda nümayiş olunur.
Buna səbəb stand-up tamaşasının elə də ciddi bir dekorasiyaya, qrim və kostyuma ehtiyacının olmamasıdır. Kiçik bir səhnə, bir qrup tamaşaçı, bir də mikrofon. Bunlar olduqdan sonra istərsəniz yatağınızdan pijama ilə qalxıb çıxın səhnəyə. Heç bir əngəl yoxdur.
Stand-up haqqında bilinən ən böyük yanlışlardan biri də stand-up sənətçisinin mütləq qara geyinməli olması fikridir. Buna səbəb olaraq isə, qara paltarın sadə olması və beləcə, tamaşaçının diqqətinin sadəcə aktyorun danışdıqlarına yönəlməsi fikri önə çəkilir.
Amma bu, tamamilə boş söhbətdir. Bunu deyən şəxslər, əminəm ki, həyatı boyunca Cem Yılmazdan başqa stand-up sənətçisi izləməyiblər. Əgər izləsəydilər, bilərdilər ki, geyimin bu işlə heç bir əlaqəsi yoxdur.
Bu gün bir çox məşhur stand-up sənətçisi səhnəyə istədiyi kimi, istənilən rəngdə paltarla çıxır. Bunun elə bir ciddi önəmi və əhəmiyyəti yoxdur.
Qəribəsi odur ki, bizdə bəziləri hələ də stend-up sənətçisini təlxək kimi görürlər. Yəni bu janrın ifaçısını kloun kimi görə bilmirlər. Bəs stend-up nədir? Klounluq? Maraqlıdır. Stand-up doğrudan da təlxəklik sənətidirmi? İndi gəlin bu sənət növünün tarixinə nəzər yetirək.
Leni Brüs - 1925-ci ildə anadan olan amerikalı stand-up sənətçisi. 1960-cı illərdə hazırladığı stand-up şouları ilə ölkəni biri-birinə qatmışdı. O, stand-uplarında əsasən sosial tənqidlər edirdi.
Açıq və sərt zarafatları dövləti narahat etmiş və mühakimə olunmuşdu. Brüsün həyatı daha sonra bir çox filmlərə mövzu oldu.
Corc Karlin - 1937-ci ildə dünyaya gələn, Leni Brüsün 40 yaşında vaxtsız vəfat etməsindən sonra onun davamçısı olaraq göstərilən, Comedy Central - Komediya mərkəzi kanalı tərəfindən bütün zamanların ən yaxşı 100 komediya aktyoru siyahısında ikinci sırada yer alan stand-up sənətçisi.
George Carlin- Danışıq tərzi, psixoloji və dini mövzularda sərhəd tanımayan tənqidi zarafatları ilə məşhur olub.
Yazdığı və səhnədə oynadığı "Yeddi kirli kəlmə” adlı stand-up şousu 1978-ci ildə Amerika məhkəməsi tərəfindən qadağan edilmişdi.
Bu nümunələri çoxaltmaq olar, amma oxucuları yormaq istəmirik. Göründüyü kimi, stand-up sənətçiləri təlxək deyillər.
- Olduqca ciddiyə alınan, hər sözü gündəmi dəyişə biləcək potensiala sahibdirlər. Çünki, necə deyərlər, sözün düzünü, zarafatda deyilir.
Stend-up sənətçiləri niyə Azərbaycanda azdır? Bu janra maraq varmı? Stend-up bir aktyorun bir saatlıq mono tamaşası sayıla bilərmi? Stend-up ustasının səhnədə təqdim etdiyi monoloqlar ilə əslində cəmiyyətdə baş verən neqativ hadisələrə, ətrafımızda olan gündəlik sosial problemlərin mesajıdırmı? Stend-up ifaçısının çıxışlarında səslənən gülməli ifadələr əslində cəmiyyətə sosial mesaj kimi ünvanlanırmı? Bizdə stend-up təqdim edən aktyorların tamaşalarına bəziləri elə gülmək xatirinə gedir. Asudə vaxtlarında əylənmək üçün seçilən məkan kimi qəbul olunur. Amma əslində peşəkar stend-up da söz yığnağı deyil, məntiqə hesablanmış bəzən gülməli, zarafatla göndərilən ciddi sosial xəbərdarlıq ön planda olur. Bu isə bilavasitə aktyorun nə qədər peşəkar olub-olmamasından xəbər verir. Bəzən bu mövzuları konkret insanlar yazıb hazırlayır. Ancaq professional stend-up ustaları, adətən tamaşaçıya təqdim etdiyi bütün monoloqlarını özləri hazırlayıb yazırlar. Yəni bu birbaşa onların təxəyyülünün məhsulu sayılır və onlar cəmiyyətdə olanlara bu kimi komedik stend-up monoloqları ilə münasibətlərini bildirirlər.
Azərbaycanda da son illər az-çox bu janra müraciət olunur. Amma bunların tamaşaçını qane edib-etməyəcəyini söyləmək çətindir. Fərda Xudaverdiyev, bu gün stend-up arasında Azərbaycanda daha populyarlarından sayılır. Onun istər teatr səhnələrində, istər televiziyada təqdim etdiyi mono tamaşaları, daha dəqiq desək, Stend-up-larının sevilərək izləndiyini də söyləmək olar. Düzdür, onların da arasında maraqlı olduğu qədər bu gün bəsit və sıradan görünənləri də var. Amma əsas odur ki, bu gün Azərbaycanda bu janrı inkişaf etdirmək istəyənlər də az deyil.
Xalq artisti Mərahim Fərzəlibəyov stend-up haqqında qısa açıqlama verdi. "Əslində bu janr qədim və ciddi teatr janrı sayılır. Bu gün bu janrdan pul qazanmaq və kommersiya məqsədi ilə istifadə olunur deyə bir qədər bayağılıq özünü göstərir. Bu elə qonşu Türkiyədə də belədir. Amma əslində stend-up ustası o qədər peşəkar olmalıdır ki, hazırladığı tamaşada yumor vasitəsilə cəmiyyətdə baş verən hadisələrə diqqət yönəldə bilsin. Bəzən çoxlarının deyə bilmədiyi problemləri məhz stend-upda maraqlı və səliqəli şəkildə ifadə etməyə nail olsun. Stend-up təkcə düşünmədən güldürmək üçün səhnəyə çıxmaq və sadəcə tamaşaçını güldürmək məqsədi daşımamalıdır. Bu mono tamaşada stend-up ustası tamaşaçını güldürərkən düşündürməyə vadar etməlidir. Əslində çox çətin janrdı. Çünki aktyor səhnədə tək olur və 1-2 saat tamaşaçının diqqətini özünə yönəltməyi bacarmalıdır. Bu isə hər aktyorun gücü daxilində deyil. Eyni zamanda stend-up ustasının düşüncə tərzi, həyata baxışı o qədər geniş, müşahidə qabiliyyəti o qədər güclü olmalıdır ki, bunlar vasitəsilə o, hazırladığını daha effektiv şəkildə tamaşaçısına təqdim edə bilsin. Bizdə əvvəllər də çox az sayda sənətçi stend-up hazırlayıblar. Amma o zamanlar da müəyyən qadağalar var idi. İndi isə zaman dəyişib. Cəmiyyətə sözünü demək üçün hər bir şərait var. Sadəcə peşəkarlar azdı. Elə səhnəyə çıxıb, bəsit fikirlərlə, bəzən ifrata varan küçə jarqonlarından istifadə etməklə tamaşaçını maraqlandırmaq mümkün deyil. Buna stend-up demirlər. Belə təlxəkliyi hamı bacara bilər. Peşəkar olmaq üçün isə təhsil, təcrübə və potensial önəmlidir”.
Tahirə