İctimai nəqliyyatda vəziyyət dəyişmirBir-iki sürücü cərimələnəcək, köhnə qayda yenə qalacaq.
Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma qaydalarını pozan sürücüləri sərt cəzalandıracaq. Bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Şöbə rəisi bəzi sürücülərin əlavə qazanc əldə etmək məqsədilə sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq vətəndaşların həyatını təhlükəyə məruz qoyduğunu vurğulayaraq, belə sürücülərə qarşı sərt cəzaların tətbiq olunacağını deyib. Məlumdur ki, şəhərdaxili nəqliyyatda sərnişin sıxlığı daim yaşanır. Şəhərlərarası avtobuslarda isə xüsusilə bayramöncəsi və sonrası sıxlıq müşahidə olunur.
Paytaxt avtobuslarında basabas gündəlik haldır. Səhərlər işə, axşamlar da evinə tələsən sərnişinlər avtobuslara doluşur. Dayanacaqdankənar sərnişin götürmələrinə bəzən narazılıqlar səslənəndə, sürücülər "o da sizin kimi evinə getmək istəyir” deyib, hərəkətinə "bəraət” qazandırır. Əslində, hamımız "ürəyi yuxayıq”. Yolda avtobus gözləyən birisini gördükdə, "saxla, minən var” çığırırıq. Yerimiz dar olsa da, onsuz da basabas içində gedən avtobusa 1-2 nəfər artıq sərnişin minməsində problem görmürük. Və nəfəsimiz daralsa da, insanın yolda qalmasına razı olmuruq. Təbii ki, "humanizm prinsiplərinə” aludəçiliyimiz əslində, yol-hərəkət və sərnişindaşıma qaydalarının kobud pozuntusunu fərq etməyə imkan vermir. Qayda pozuntusunun, həyat üçün necə təhlükəli olduğunun da fərqinə varmırıq. Düşünmürük ki, 1-2 nəfərin evinə 5-10 dəqiqə tez çatması, bəlkə də 20-30 nəfərin risk altına düşməsi deməkdir.
BDYPİ isə növbəti xəbərdarlığında məhz bu məsələləri yenidən gündəmə gətirib. K.Əliyev KİV-ə açıqlamasında sürücülərə və avtomobil sahiblərinə müraciət edərək, onları həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi riayət etməyə çağırıb. Şöbə rəisi bildirib ki, istər minik avtomobillərində, istərsə də, avtobuslarda nəzərdə tutulduğundan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusudur. Qayda pozuntusuna yol verənlər 60 manat miqdarında pul və 3 cərimə balı ilə cəzalanacaqlar. Bu qayda həm minik avtomobilləri, həm də avtobus sürücülərinə aiddir. Avtobuslarda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqlar yerləşdirilməsinə görə isə 150 manat məbləğində cərimə ediləcək.
Əslində, belə xəbərdarlıqlar artıq müntəzəm xarakter alıb. Vaxtaşırı belə açıqlama və xəbərdarlıqların şahidi oluruq. Nəqliyyat müfəttişləri "himə” bəndmiş kimi, səpələnirlər yollara, pusquda dayanıb sürücü ovlayırlar. Avtobuslarda vəziyyət zatən bəllidir. Oturan yolçu ədədi, ayaqda yolçu ədədi sayı göstərilsə də, bu qaydalara məhəl qoymaq onsuz da mümkün deyil. Bu qadağalar sürücülərin yeri gəldi-gəlmədi, cərimələnməsinə səbəb olacaqsa, xəbərdarlıqların nə əhəmiyyəti olacaq və bundan müsbət effekt gözləməyinə dəyərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki, bu cür xəbərdarlıqlar vaxtaşırı edilsə də, gözlənilən nəticənin əldə olunmaması təəssüf doğurur:
- İctimai nəqliyyatdakı vəziyyət bəllidir. Sərnişindaşımada olan problemlər də həllini tapmır. Məsələ burasındadır ki, şəhərdaxili avtobuslarda sərnişin yerinin sayı məlumdur. Amma ayaqüstə sərnişin sayı mücərrəddir. Bəzən ayaqda sərnişin sayı 30-40 nəfər göstərilir. Amma burada orta çəki məsələsi də var. Bir insanın orta çəkisi adətən 70 kiloqram götürülür. Ola bilər, ayaqda gedən sərnişinlər uşaq, yeniyetmə olsun, arıq adam olsun. Sürücü çalışmalıdır ki, sıxlığı özü müəyyənləşdirsin. Elə avtobuslar var ki, orada həm oturacaq yerlərinin sayı göstərilir, həm də ayaqda duran sərnişinlərin sayı. Amma bəzi avtobuslarda say göstərilmir. Bir məsələ dəqiqdir ki, avtobusun salonunda sərnişinlər rahat olmalıdır. Ayaq üstə dayanan sərnişinlər də həmçinin. Ona görə də həm sıxlıq nəzərə alınmalıdır, həmçinin də avtobusun yükgötürmə qabiliyyəti. Əgər avtobusun salonunda sıxlıq yaşanırsa, sərnişinlər qapıdan sallanırsa, demək, icazə verildiyindən artıq sərnişin daşınır. Dünyanın heç bir inkişaf etmiş ölkəsində bizdəki kimi sərnişinlər avtobusda biri-birinin üstündə getmir. Bu vəziyyət olsa-olsa Hindistan kimi ölkələrdə qalıb. Azərbaycan iqtisadiyyatı inkişaf edən bir ölkədir, Bakı Avropa şəhəri sayılır. Amma sərnişindaşımada eybəcər vəziyyət hökm sürür. Sərnişinlər hələ də avtobusdan "çöldə”, qapıdan asılı vəziyyətdə gedirlər. Avtobusun qapıları güclə bağlanır. Sərnişinlər əzilirlər. Əgər Dövlət Yol Polisi reydlər keçirəcəksə, avtobusların texniki sənədlərinə baxmalıdır. Texniki sənədlərdə icazə verilən sərnişin sayı dəqiq göstərilir.
Ə.Hüseynov bildirdi ki, bölgələrə gedən avtobuslarda daha çox qayda pozuntusuna yol verilir. Sərnişin sayını artırmaq üçün sürücülər oturacaqlar arasına əlavə oturacaqlar qoyur. Bu isə kobud qanun pozuntusudur və belə sürücülər sərt cəzalanmalıdır. Elə şəhərdaxili avtobuslarda da salonun konstruksiyasında bilərəkdən dəyişikliklər edilir. Bəzən oturacaqlar çıxarılır ki, ayaq üstə gedən sərnişinlərin sayı artsın. Bu məsələlərə Nəqliyyat Nazirliyi ciddi fikir verməlidir.
Ə.Hüseynov Avropa ölkələrində ictimai nəqliyyatın tıxac problemini aradan qaldırdığına da diqqət çəkdi:
- Dünyanın inkişaf etmiş ölkələrində tıxac problemi məhz ictimai nəqliyyat hesabına aradan qaldırılır. Türkiyədə bələdiyyə və özəl şirkətlərə məxsus avtobuslar var. Orada siz avtobus salonunda artıq sayda sərnişin görə bilməzsiniz. Sərnişindaşıma elə keyfiyyətli və dəqiqliklə təşkil olunub ki, insanlar şəxsi avtomobilə minib tıxacda qalmaqdansa, yanacağa əlavə pul xərcləməkdənsə, ictimai nəqliyyatdan istifadə etməyi üstün bilirlər. Amma bizdə bu məsələ illərdir ki, həllini tapmır. Görünür, həll etmək istəmirlər. Kimlərəsə vəziyyətin bu cür qalmağı sərf edir. DYP xəbərdarlıq edir, amma nəticə nə olacaq? Bir-iki sürücü cərimələnəcək, köhnə qayda yenə qalacaq.
Məlahət Rzayeva