Aygünlə Natəvanın davası ucuz ət bazarına oxşayır

Dünya ulduzlarından nə yazırlar, bizimkilər hələ ötən əsrin sonlarında qalıblar



Azərbaycan səhnəsində biri-birini qəbul etməyən, səhnədə rəqabətdən çox düşmənçilik nümayiş etdirməyə çalışan, soyuq müharibə aparan sənətçilər yetərincədir. Əslində eyni sənət aləmində olanların biri-biri ilə rəqabət aparması real və normaldı. Amma bizim şou-biznesdə sənətçilər biri-biri ilə rəqabət yox, sözün həqiqi mənasında vuruşurlar, həm də soyuq müharibənin üsullarından istifadə edərək.

Bu üsullardan da istifadə edərkən bəzən çox cılız yollara əl atırlar.

Artıq illərdi Xalq artisti Aygün Kazımova ilə Natəvan Həbibi arasında müharibənin şahidi oluruq. Hər iki sənətçi zaman-zaman biri-birinə atmaca atır, ismarıc göndərir. Son illər isə sosial şəbəkələrdə, xüsusilə şəxsi "instaqram” səhifələrində biri-birini təhqir etməkdən, böhtan xarakterli məlumatlar yerləşdirməklə digərinin nüfuzuna xələl gətirmək dəb halını alıb.

Təhqirlərin də sonu məhkəmə qapılarına gedib aparıb.

Axır vaxtlar Xalq artisti Aygün Kazımova ilə müğənni Natəvan Həbibi arasında yaşananlar da əslində xoş deyil. Tərəflərin açıq şəkildə biri-birini təhqir etməsi isə onları tamaşaçı qarşısında cılızlaşdırır.

Maraqlısı odur ki, hər ikisi kifayət qədər tanınmış, sevilən, böyük fanat ordusu olan müğənnilərdi. Onların bu qədər ucuz şəkildə biri-birini təhqir etməsi isə ən azı onların nüfuzuna təsir etmiş olur. "Sən ermənisən, rədd ol mənim məmləkətimdən!” demək nə qədər çirkin səslənir! Eyni millətin, eyni torpağın tanınmış incəsənət nümayəndələri aralarında olan şəxsi münasibətləri niyə bu qədər çirkinləşdirməyə çalışırlar. Eyni millətin nümayəndələri, əgər biri-birinizi təhqir edirsinizsə, mütləqdir ki, bu zaman qarşınızdakını qeyri-millətin nümayəndəsi, erməni kimi təqdim edəsiniz? Nə qədər çirkin səslənir? Nə qədər ucuz görünür. Bu qədər millətinizi sevənsinizsə, niyə milli maraqları şəxsi maraqlarınızdan üstün tutmursuz? Biri-birinizə erməni deməklə kimi təhqir edirsiniz? Siz də bu millətin balaları deyilsiz? Elə dalaşanda, vuruşanda gərək "ermənisən” deməklə ürəyinizdəki kin-küdurəti çatdırasınız? Ayıbdı axı. Əgər özümüz-özümüzün içində biri-birimizi düşmən milləti olaraq görürüksə, hansı vətənpərvərlikdən, həmrəylikdən danışmağa dəyər?

Tanınmışlar son illər aralarında insident baş verən kimi barələrində böhtan, həqiqətə uyğun olmayan məlumatları yaymağa üstünlük verirlər. Ən çox da biri digərini vurmaq istəyəndə "sənin əslin, kökün ermənidir”, "sən ermənisən”, filan müğənninin ərinin anası ermənidir kimi böhtan xarakterli çirkin informasiyalar yaymaqla özlərini gülünc vəziyyətə salırlar.

Sənət aləmində qalmaqalların olması mümkündü, hətta bəziləri bu qalmaqallar vasitəsilə özlərini piar etməyə çalışırlar. Amma bəzən elə sənətçilər belə ucuz, çirkin qalmaqallarla gündəmə gəlirlər ki, onların əslində böyük mənada piara ehtiyacları yoxdu.

Elə Xalq artisti Aygün Kazımovanın bu gün nə piara, nə reklama ehtiyacı var. O, Azərbaycan səhnəsində sözünü demiş bir müğənnidir, yetərincə də onun sənətinə pərəstiş edənlər var. Elə Natəvan Həbibi də sevilməkdə, tanınmaqda həmkarından geri qalmır. Onlar niyə bu qədər ucuz qalmaqalların arxasınca qaçırlar, o suala cavab axtarmağa çalışırıq. Amma bir məntiq tapa bilmirik.

Azərbaycan səhnəsinin tanınmışları yeni layihələri, albomları ilə niyə gündəmə gəlməyə cəhd etmirlər? Niyə Azərbaycan şou-biznesini yaradanlardan sayılan Aygün Kazımova yeni layihələri ilə gündəmə gəlmək, ölkə hüdudlarından kənarda, daha böyük səhnələrdə çıxış edib gündəmə səs salmaq ənənəsini yaratmağa çalışmır?

Hər halda Azərbaycanın balaca şou-biznesində biri-birinizi didib, böhtan atmaqdan, "ermənisən” deməklə ucuz piara əl atmaqdansa, sənətləri ilə sənət aləmində diqqət çəksələr, daha yaxşı olar.

Aygün Kazımova ilə Natəvan Həbibinin məhkəmə prosesində Natəvan Xalq artistinə qalib gəldi. Məhkəmənin qərarı ilə Xalq artisti Natəvan həbibini təhqir etdiyi və barəsində böhtan xarakterli məlumat yaydığı üçün ondan ictimai şəkildə üzr istəməli və təzminat ödəməlidir. Məhkəmənin qərarına əsəsən də Xalq artisti məhkəmənin qərarı tam yerinə yetirilməyənə qədər ölkəni tərk edə bilməz.

Amma maraqlı məqamlardan biri odur ki, məlum məhkəmədən sonra Xalq artisti ölkəni tərk edə bilib. "O, Azərbaycanı necə tərk edib, qanun buna imkan verməsə də, Bakıdan necə çıxa bilib”. Bu sual çoxları üçün maraqlı olaraq qalıb. Natəvan isə "hara gedib qaça bilərsən” deyə söz atmağı da unutmayıb.

Tanınmış hüquqşünas Adəm Məmmədli də tanınmışların biri-birini təhqir etməsinə münasibətini belə açıqladı: "Əvvəla onu xatırladaq ki, Azərbaycanda qanun kimliyindən, titulundan, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəs üçün eynidir. Biz qanunlara tabeyik. Ona görə də bəzi tanınmışlar özlərini ulduz hesab edib, düşünməsinlər ki, kimisə təhqir edib, onların şərəf və ləyaqətini alçalda bilərlər. Bizim bir çox tanınmışlarımızın məhkəmə proseslərində iştirak etmişəm, bəzilərinin vəkili olmuşam. Sosial şəbəkələrdə, mətbuatda biri-birini təhqir edib, bu məsuliyyəti dərk etmirlər ki, qanun hər kəs üçün alidir və təhqirə görə cəza var. Konkret Aygün Kazımovanın Natəvanla olan insidentindən söhbət gedirsə, yenə deyirəm, kimliyindən asılı olmayaraq məhkəmə qərar veribsə, buna tabe olmaq lazımdı. Mən bilmirəm Aygün xanım hansı şərtlər əsasında ölkəni tərk edə bilib, amma mənə elə gəlir ki, qanun hamıya qarşı eyni mövqedə durur. Ola bilər ya məhkəmə sanksiyası tam qüvvəyə minməmiş Xalq artisti Bakıdan çıxmağa imkan tapıb, ya da ondan müvafiq şəkildə yazılı bir sənəd alınıb ki, keçərli səbəblər üzündən Azərbaycandan çıxıb yenidən qayıtmaq üçün icazə ala bilib. Amma məhkəmə qərar veribsə, o bu qərara hörmət etməyə və bu qərara tabe olmağa borcludur”.

Şeyx Əbdül Mahmudbəyovla tanınmışların biri-birini təhqir edərək ucuz yolla piara əl atmasına münasibətini belə bildirdi: "Əvvəla, son vaxtlar istər efirlərdə, mətbuatda və sosial şəbəkələrdə sənət adamlarının biri-birini təhqir etməsi ucuz ət bazarını xatırladır. Dünya ölkələrinin ulduzlarından nə yazılır. Bizimkilər hələ də ötən əsrin sonlarında qalıblar. Mən bu fikirləri konkret heç kimə ünvanlamıram da. Sadəcə, Azərbaycan şou-biznesi ki deyirsiz, burada olan gerçəklərdən danışıram. Sənət adamları biri-biri ilə mübahisə edəndə də, biri-biri ilə düşmənçilik edəndə də, bunu səviyyəli şəkildə etməyə çalışsınlar, ayıbdı. Biri-birinə erməni demək nə qədər əxlaqa, milli dəyərlərə uyğundu? Bundan çirkin böhtan, bundan ucuz piar nə ola bilər ki? Vallah ayıbdı. Erməni də bizə baxıb, sevinsin ki, türklər biri-birini yeyir?İnsan ilk növbədə düşmənçilik də edəndə öz adına, əxlaqına, səviyyəsinə uyğun düşmənçiliyini aparmalıdı. Mənim hər iki xanıma hörmətim var. İkisi də balam yerindədirlər. Amma belə çirkin böhtanlarla nə özlərini gözdən salsınlar, nə də millətin qüruru ilə oynasınlar. Bizim bir düşmənimiz var. İçimizdə biri-birimizə düşmən kəsilməyək. Mən çox çalışıram ki, sənət aləmində küsülü olanları barışdırım, amma hərdən o barışığın real olmadığını görür, dayanmaq məcburiyyətində qalırsa. Hər ikisi tanınır, sevilir. Özlərinə hörmət qoysunlar”.

Tahirə