“6 uşaqlı ailədə vəziyyət necə ola bilər?”
Həcər Pənahlı: “Bir adam çıxıb deyə bilməz ki, mən Nemət bəyin ailəsinə köməklik göstərmişəm”
Milli Dövlətçilik Partiyasının həbsdəki sədri, Meydan hərəkatının liderlərindən olan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı "Şərq”ə N.Pənahlının səhhətindən və məişət qayğılarından danışıb. N.Pənahlıya bu günlərdə baş çəkdiyini söyləyən H.Pənahlı qeyd edib ki, onun səhhəti əvvəlki kimidir.
Həmsöhbətimizin sözlərinə görə, N.Pənahlı şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün səhhəti heç də normal deyil: "Sağlıq durumu pisə doğru gedir. Hələ ki, Qobustandadır. Gələn ay ümumi cəzaçəkmə müəssisəsinə göndərəcəklər. Amma hara göndərəcəklərini bilmirik”.
Həmsöhbətimiz bildirib ki, N.Pənahlının Novruz bayramında gözlənilən əfvə düşmə ehtimalı yoxdur: "Həm də Nemət bəyin illəri deyil, ayları gedir. Axırıncı ilindədir. İndiyə qədər əfvə salmayıblarsa, yəqin ki, bu dəfə də salmayacaqlar. O, həbs olunanda bilinirdi ki, günbəgün saxlanılacaq. Onun Novruz bayramı ərəfəsində əfv olunacağı gözlənilmir”.
Müsahibimiz diqqətə çatdırıb ki, N.Pənahlı əfvə düşməsi ilə bağlı heç vaxt müraciət etməyib: "Yəqin istəməyib ki, müraciət etməyib. Biz də müraciət etməmişik. Ümumiyyətlə, ailə olaraq bizim elə bir səlahiyyətimiz yoxdur. Çünki Nemət bəyin siyasi işlərinə müdaxilə etmirik. Belə bir şey ola da bilməz. Onun bütün qərarları, addımları və siyasi fəaliyyətinə hörmətlə yanaşırıq.
Şəxsi fikirləri var. Ailə də heç vaxt ona müdaxilə etməyib. Özüdəki, indi Nemət bəy heç əfv istəməz. 5 il içəridə oturub, azadlığa çıxmasına ayları qalıb.
H.Pənahlı dolanmalarından da söz açıb: "Ümumiyyətlə, xaraktercə şikayətlənməyi xoşlayan adam deyiləm. Allah var, rəhmi də var. Allah yaratdığı bəndəsini heç vaxt ruzisiz qoymur. Ancaq bu o demək deyil ki, vəziyyətimiz normaldı. Vəziyyət çox dəhşətlidir. 6 uşağımız var. Bu vaxta qədər çox yerə müraciət etdim. Heç bir yerdən dəstək gəlmədi. 4 oğlumuz var. Sabah deyəcəklər ki, verin əsgər aparaq. Amma bu gün heç bir qurum bizə yardımçı olmayıb. Oğlum dövlət universitetində ödənişli əsaslarla təhsil alır. Hətta müraciət etdik ki, maddi durumumuz aşağıdır, ödənişdə güzəştlər edin. Amma etmədilər. İndi oğlumu imtahana buraxmırlar ki, əvvəlcə pulu ödə, sonra imtahana buraxaq. Bir sözlə, əhali necə acınacaqlı durumdadırsa, biz də onlar kimiyik. Altı uşaqlı ailədə sosial şərait necə ola bilər? Necə yaxşı yaşamaq mümkündür? Ailə başçısı həbsdə. Heç bir tərəfdən yardım və ya təminat yoxdur. Yəqin ki, bu çətin günlərin bir sonu olar”.
Müsahibimiz onu da əlavə edib ki, Nemət bəyin əqidə dostları da köməklik göstərmirlər: "Bu gün elə bir adam yoxdur, çıxıb desin ki, mən Nemət bəyin ailəsinə köməklik göstərmişəm. Bu sözləri deyə biləcək adam yoxdur”.
Ayyət Əhməd