
“Aynişanın o vaxt səsini bəyənməmişdim”
Asif Kərimli: “Türkiyədə olan münsiflərin 4-nün də bir ifaçını bəyənməsi hələ böyük bir göstərici sayıla bilməz”

Tanınmaq, səhnədə özünü sübut etmək, professional səhnəyə gəlmək üçün bəzən müsabiqələrin böyük rolu olur. Bəzən bir müsabiqədə iştirak etmək ifaçını bir günün içində tanıda bilir, onun karyerasında ciddi bir yeniliyə damğasını vura bilir. Xüsusilə də böyük həcmli, beynəlxalq müsabiqələr, yarışlarda, televiziya müsabiqələrində iştirak etmək müğənninin həyatını büsbütün dəyişə bilir.
Sadəcə bu məqamlarda təkcə səs deyil, bəlkə də bəzən şans köməyə gəlir. Zamanında, lazım olan yerdə görünmək də tanınmaq üçün vacib məqamlardan sayılır.
Türkdilli dövlətlər sırasında bu gün ən böyük maraq "O Səs Türkiyə” müsabiqəsidir ki, milyonlarla tamaşaçısı var. Və bu müsabiqədə iştirak edənlər bəzən qısa müddətdə böyük uğurlara imza ata bilirlər. Maraqlısı odur ki, bu gün Azərbaycan tamaşaçısının da Türkiyədə keçirilən bu müsabiqəyə marağı böyükdür. Elə gənc ifaçılar, sənətdə uğur əldə etmək istəyən, bəzən zaman-zaman Azərbaycanda bir çox çətinliklərlə qarşılaşan istedadlı gənclər məhz "O Səs Türkiyə”də iştirak etməyə maraq göstərirlər. Yəqin elə bu səbəbdən də bir çox gənclərimiz bu müsabiqədə iştirak etməyə can atırlar. Bu onların özlərini tanıtmağına əslində həqiqətən təsirini göstərir. Hətta bəzən Azərbaycanda uzun müddət özlərini tanıda bilməyən, ya da yetərincə yerli telekanallarımızda görünməyən istedadlar var ki, məhz "O Səs Türkiyə”də iştirak etdikdən sonra Azərbaycanda da onlara maraq yaranmağa başlayır. Onda bir sual meydana çıxır. Azərbaycanda olan istedadlı gəncləri, səsi olan ifaçılarımızı tanımaq, qəbul etmək, efirlərə dəvət etmək üçün mütləq onların xarici ölkədə, xüsusilə Türkiyədə tanınması vacibdir? Niyə biz özümüzdə olanlara vaxtında qiymət verməyi bacarmırıq? Səhnəyə gəlmək istəyən gənclərimizə dəstək olmuruq, onları şou-biznesin, efirlərin kommersiya siyasətinə qurban veririk? Təbii ki, bu, problemin bir tərəfidir. İstedadların üzə çıxmasında bir çox digər maneələr var.
Azərbaycanı "Evrovizion”da təmsil edən Elnuru bu yarışdan sonra yetərincə qınayanlar tapıldı. Hətta efirlər ona o qədər soyuq yanaşdılar ki, Elnur Azərbaycandan küskün düşdü. Gənc ifaçı bir müddət gözdən itsə də, Türkiyədəki möhtəşəm ilk çıxışından sonra bütün Türkiyə ondan danışdı. Türkiyənin diqqətini özünə yönəldən Elnuru Azərbaycanda da axtarıb tapmağa çalışdılar, efirlərin bağlı qapıları Elnurun üzünə açıq oldular. Bir vaxtlar ona qadağa olan Azərbaycan telekanallarının kameraları da, müxbirləri də onun axtarışına çıxdılar.
Eyni sözləri Rəşad Altunsəs barədə də demək mümkündü. Bir vaxtlar "Şeron” qrupunun üzvü kimi fəaliyyət göstərən, sonralar solo-karyerasına start verən Rəşad üçün efirlərə çıxmaq əməlli-başlı çətin olub. Efirlərin qapıları üzünə bağlı olan müğənniyə məhz Türkiyədəki möhtəşəm performansından sonra maraq, diqqət yarandı. Yenə də məhz "O Səs Türkiyə”dəki çıxışından sonra Azərbaycanda da hamıya onun güclü səsi maraqlı ola bildi.
Bu gün də Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyə səhnəsində özünü tanıtmağa çalışır. Xatırladaq ki, Aynişan "Evrovizion” müsabiqəsində iştirak etmək uğrunda mübarizə aparmaq istəyən gənclərin sırasında olub. Bəziləri Aynişanın səsinin olmadığını, bəziləri səsinin zəifliyini dilə gətirsələr də, bu gün Aynişan Türkiyədə olan "O Səs Türkiyə”dəki yarışında münsiflərin dördünün də diqqətini özünə yönəldə bildi. Gənc ifaçımızın ifasında səslənən "Gəl, ey səhər” mahnısı türk münsiflərin alqışına səbəb oldu. Yenə eyni məqam, yenə eyni hadisə. Gənclərimiz Türkiyədə çıxışlarından sonra yada düşürlər.
Niyə biz özümüzdə olanlara zamanında dəstək olmağa çalışmırıq? Niyə Azərbaycanda olan gənc istedadlar özlərini təsdiq etmək üçün Türkiyədəki "O Səs Türkiyə” müsabiqəsində görünməyə üstünlük verirlər? Niyə bu müsabiqəyə böyük səhnədə tanınmaq üçün çıxış yolu seçirlər?
Elə bu suallarla tanınmış prodüser Asif Kərimova üz tutduq. "Şərq”ə danışan Asif Kərimovun çox maraqlı açıqlamaları oldu.
- Niyə Azərbaycanda olan bir çox istedadlı gənclər " O Səs Türkiyə” müsabiqəsinə maraq göstərirlər? Münasibətiniz necədi bu kimi yarışlara?
- Əvvəla, münasibətim çox yaxşıdı. Niyə də qatılmasınlar, niyə də azərbaycanlı olaraq başqa ölkələrdə səhnəyə çıxmasınlar? Olsun. Qaldı səbəbə ki niyə Türkiyədə olan müsabiqəyə maraq çoxdu? Çünki Türkiyə bazarı böyükdü. Yəni "O Səs Türkiyə”ni təkcə Türkiyənin özündə deyil, bütün türkdilli ölkələrdə izləyirlər. Yəni daha böyük coğrafi əraziyə malikdi bu müsabiqə. Bazarı böyükdü. 3 milyon tamaşaçısı olan müsabiqədi. Bu böyük göstəricidir. İkinci səbəb, təəssüf ki, Azərbaycanda toy janrına daha çox önəm verilir, hətta efirlərdə də bu gün daha çox bu janrda olan mahnılara rast gəlinir. Belə olanda digər musiqi janrları bizdə kölgədə qalır. Amma Türkiyədə toy bazarı olmadığına görə hər janrda oxumaq, özünü təsdiqləmək mümkündü. Qaldı burda elə oxuyanlar var ki, onların güclü səsləri var, amma efirə çıxara bilmirik. Səbəb isə odur ki, efirlər heç kimə sirr deyil ki, əsəsən kommersiya marağı daşıyır. Efirlərdə gənclərin tanınmasına qadağalar çoxdu. Yəni səsi olub pulu olmayanlardan danışırıq. Yəni səsi olub efirə çıxara bilmədiyimiz istedadlardan söhbət gedir. Bu, ikinci səbəbdi.
- Bu günlərdə Aybəniz Haşımovanın qızı da "O Səs Türkiyə”də çıxış etdi. Münsiflərin 4-ü də onu tanımaq istədilər deyə onun üçün döndülər.
- Əvvəla, yenə deyirəm, bu müsabiqələrdə iştirakı alqışlayıram. Amma o müsabiqədə oturan münsiflərin dönməyi hələ göstərici deyil. Yəni onlar münsifdilər deyə bu o demək deyil ki, burda tək səsə önəm verilir. Orda olan münsiflər də təkcə səsə dəyər vermirlər. Oranın da öz kommersiya maraqları var təbii. Bu, sənət müsabiqəsi deyil. Bu layihədir - yarışmadır. Yəni orda bəzən elə səsləri seçirlər ki, biabırçıdı. Bu yarışdı, biznesdi. Orada münsiflərin belə mübarizəsi hiss olunur. Sonda kimin yarışmaçısı qalib olacaq sualı daha önəmlidir? Burada artıq münsiflərin eqosu üstünlük təşkil edir. Bilirsiz, müğənninin müğənniyə qiymət verməyi önəmli deyil. Əsas musiqiçinin səsə qiymət verməyidir. Bir də yarışmaya maraq qatılsın deyə, bəzən əcnəbilərin də belə müsabiqələrə qatılması da yarışmanın bir siyəsətidir.
- Aynişanı izləmisiz? Onun səsini bəyənirsiz?
- Mən Aynişanın səsini 2-3 il əvvəl "Evrovizion” müsabiqəsinin seçim turlarında eşitmişəm. Düzünü desəm, o zaman onun səsini bəyənməmişəm. Bu günlərdə onun səsini eşitmədiyim üçün bir söz deyə bilmərəm. Səs ildən-ilə dəyişə bilir. Ola bilər səs yerinə otursun, ya da əksinə. O vaxt Aynişanın səsi xoşuma gəlmirdi. Bu gün o səs xoşuma gələ bilər, ya yox, bu başqa söhbətdi. Ola bilər dəyişib səsi, ola bilər səsinin üstündə işləyib. Səs dəyişə bilir. Bir var səs yerinə otursun. Ola bilər mən onu eşidəndə səsi yerinə oturmamışdı, çiy səs idi, bişməmişdi. İndi dəyişib. Yenə deyirəm, Türkiyədə olan münsiflərin 4-nün də bir ifaçını bəyənməsi hələ böyük bir göstərici sayıla bilməz. Amma ümumiyyətlə, azərbaycanlı müğənnilərin belə böyük yarışlarda, xüsusilə başqa ölkələrdə özlərini tanıtmasını yüksək dəyərləndirirəm. Rusiyada, Türkiyədə, digər ölkələrdə keçirilən yarışlara qatılsınlar, özlərini inkişaf etdirsinlər. Bunun nəyi pisdir ki?
- Bizdə də "O Səs Azərbaycan” keçirilir. Bizdə olan müsabiqə barədə fikirləriniz də maraqlıdır...
- Düzünü desəm, "O Səs Azərbaycan”dakı münsiflərin seçimi ilə razı deyiləm.
- Kimin orda münsif olaraq olması sizi narahat edir ki?
- Məsələ ondadır ki, orda olan 4 sənətçinin hər biri ayrı-ayrılıqda özünü təsdiqləyən, sənət aləmində yeri olan müğənnilərdi. Hər birinə də hörmətim var. Amma belə bir yarışda münsiflərin dördünün də müğənni olması ilə razı deyiləm. Faiq Ağayevə də, Tünzalə xanıma da, digərlərinə də hörmətim var. Mənim narazılığım münsiflərin hamısının müğənni olmasıdır. Mənim fikrimcə, belə böyük bir yarışmada münsiflərin arasında müğənni ilə yanaşı, peşəkar musiqiçi, prodüser də olmalıydı. Həm də ən böyük qüsur odur ki, seçilən münsiflər eyni janrda olan sənətkarlardı. Bircə Mübariz Tağıyev klassik estrada müğənnisidir. Digər müğənnilərin janrları da eynidir, onların yaşam tərzi də demək olar eynidir, həyata baxışları o qədər fərqli deyil. Əgər söhbət "O Səs Azərbaycan”dan gedirsə, burada bir nəfər də olsa xalq musiqisi ifa edən, xalq musiqisini bilən bir insan olmalıydı. Mənə elə gəlir ki, bu müsabiqədə münsif kimi mütləq musiqiçi, peşəkar prodüser olmalıydı. Bu müsabiqədə Murad Dadaşovu, Rəşad Həşimovu, Vaqif Gərayzadəni görürdüm. Bu insanlar münsif kimi orda olmalıydılar. Yəni belə bir müsabiqədə münsiflərin ancaq müğənnilərdən, həm də eyni janrda ifa edən müğənnilərdən ibarət olması düzgün deyil. Ən azı müxtəlif janrda olan müğənnilərdən iki nəfər ola bilərdi. Digərləri isə musiqiçi və prodüser olmalıdı. Elə çıxır ki, bu müsabiqəyə gələnlər də ancaq estrada musiqisi ifa etməlidirlər?
- Sizcə, "O Səs Azərbaycan” da Türkiyədə olduğu qədər maraq yarada biləcəkmi?
- Bu yarışmaya münsifləri seçərkən artıq yanlışlığa yol verilib. Yəni münsiflərin eyni olması artıq bu müsabiqəyə marağı öldürüb. Mənə elə gəlir ki, elə bu səbəbdən də müsabiqənin uzunmüddətli olacağına inanmıram. İradlarımı da pis mənada qəbul etməsinlər. Mənim münsiflərə ayrılıqda hər birinə hörmətim var. Sadəcə belə yarışda münsiflər fərqli olmalıydılar, yanaşma fərqli olmalıydı. Ayrı-ayrı janrlardan olan insanlar olanda müqayisələr də fərqli olur, yaxşı mənada münsiflər arasında intriqa yaranardı. Bu baxımdan bu proyekt indidən artıq marağını itirmiş oldu.
Tahirə