"Ayrı-ayrı şəxslərin əlil kimi qeydiyyata alınması prosesinə yenidən baxılacaq”





"Əlillərin qeydiyyata alınması, ayrı-ayrı şəxslərə əlillik verilməsi qaydaları tamam dəyişdirilib”.

Bunu "Sherg.az”a son 5 ildə əlillərin sayının 100 000 nəfər artmasından danışarkən Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli deyib. 

Onun sözlərinə görə, əlilliyin verilməsi qaydaları hazırda komitə üçün də aktualdır:

"Bakıda əlillərin sayı 20 000 nəfərə qədər artıb. Amma komitənin iclasında da qeyd olunduğu kimi, bütün bu şəxslərin, həqiqətən, əlil olması sual doğurduğundan məsələyə yenidən baxılır. Ayrı-ayrı şəxslərin əlil kimi qeydiyyata alınması prosesinə yenidən baxılacaq”.

H. Rəcəbli əlillərlə bağlı hazırkı qaydaları da xatırladıb:

"Əlil olan şəxs səhiyyə müəssisəsinə gedir, xəstəliklərini, tibbi problemlərini müəyyənləşdirir. Sonradan həmin şəxs başqa tibb məntəqəsinə göndərilir. Məntəqə həkimləri əlilin kimliyini belə bilmədən onu müayinə edir, əlillik verilib-verilməməsini təyin edirlər. Burada əlili müayinə edən həkimin subyektivliyi, hansısa məqsədlə prosesə müdaxiləsi təhlükəsi var. Bütün bunların qarşısını almaq üçün yeni prosedurlar təyin edilməsi, qaydaların dəyişdirilməsi gündəmdə qalır”.

Qeyd edək ki, bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də mətbuat konfransında çıxışı zamanı əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırmaq və bu sahədə islahatlar aparmaq istədiklərini bildirib.

Aysel Aslan