Azad Yazarlar Ocağı tarixin arxivinə çevrilib

Aqşin Yenisey: “Bizim yenidən birləşməyimiz üçün ədəbi-ictimai zərurət yoxdur”



Bir vaxtlar aktiv fəaliyyəti ilə seçilən Azad Yazarlar Ocağının hazırda heç bir bəyanat və ya konfransla mətbuatda çıxış etməməsi diqqət çəkir.

Qeyd edək ki, Azad Yazarlar Ocağı (AYO) bir təşkilat olaraq 2001-ci ilin aprel ayında keçirilən özünün ilk təsis konfransında varlığını bəyan etmiş, yeni nəsil ədəbi qüvvələrin ədəbi qurumu sifətində meydana çıxıb. Konfrans ərəfəsində AYO-nun sıralarına 45 yaşın altında, bədii yaradıcılıqla məşğul olan 50-yə yaxın yazıçı dəvət olunub. Azad Yazarlar Ocağının hazırkı fəaliyyəti ilə bağlı "Şərq”ə danışan qurumun keçmiş sədri, şair Aqşin Yenisey deyib ki, AYO-nun fəaliyyəti bu gün yalnız yeni nəşrlərlə davam edir, bu nəşrlər də daha çox Rasim Qaracanın və Seymur Baycanın kitablarından ibarət olur: "Təşkilatın sonuncu sədri Nərmin Kamal olub. Ondan sonra bu təşkilatın nə bir bəyanatına, nə bir toplantısına rast gəlmişəm. Məsələn, cənubda baş verən son hadisələr zamanı orada 17-yə yaxın şair-yazıçı həbs olunmuşdu. Bir təşkilat olaraq bu məsələylə bağlı hər hansı bəyanat vermək üçün şair və yazıçılarımızı bir yerə yığa bilmədik. Ancaq hər gün çap olunan mənasız kitabların təqdimatına sel kimi axışırıq”. AYO yeni ədəbi estetik və etik dəyərlərin ətrafında yaranmışdı deyən yazar - "Hər kəs bu ümumi qazandan öz payını götürüb hücrəsinə çəkildi. Yəni AYO-çular arasında xırda incikliklər olsa da, bu təşkilat dərin ziddiyyətlər ucbatından zəifləməyib. Bizi birləşdirən dəyərlər yenə də qüvvədədir. Sadəcə, bizim yenidən birləşməyimiz üçün ədəbi-ictimai zərurət yoxdur”. Aqşin Yenisey qeyd edib ki, bu gün AYO-dan əlidolu çıxan hər bir imza özü bir AYO-dur. Ancaq hər bir yaradıcı təşkilatda olduğu kimi, Azad Yazarlar Ocağında da özünün şəxsi naz-qəmzəsinin çəkilməsini istəyən yazarlar var.

Aysel