“Azadlıq-2015” Seçki Bloku çox güman ki, işini dayandıracaq

Müzakirələrdə hər kəs öz sözünü deyəcək



"Azadlıq-2015” Seçki Blokunda təmsil olunan siyasi partiyalar ötən gün mətbuat konfransı keçirərək parlament seçkiləri barədə mövqelərini ifadə ediblər. Lakin bloka daxil olan partiya sədrləri qurumun taleyi haqqında hər hansı fikir söyləməyiblər. Məlumdur ki, "Azadlıq-2015” bloku parlament seçkilərində iştirak etmək məqsədilə yaradılıb. Artıq seçkilər başa çatıb.

Bu isə o deməkdir ki, seçki blokunun fəaliyyəti də başa çatmış hesab olunmalıdır. Çünki ölkədə növbəti seçkilər 2018-ci ildə keçiriləcək. Qanunvericiliyə əsasən seçki bloku seçki ərəfəsində yaradıla bilər. "Azadlıq-2015” blokunun sonrakı taleyi ilə bağlı açıqlama verən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, blokun fəaliyyətinin hansı formatda davam etdirilməsi ilə bağlı heç bir yenilik yoxdur: "Məsələ blok üzvləri arasında müzakirəyə çıxarılacaq və partiyalar bununla bağlı öz siyasi qərarlarını verəcəklər”. Blokun digər üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyib ki, seçki blokuna daxil olan partiyaların münasibətləri Demokratiya və İnsan Hüquqları Mübarizə Mərkəzində formalaşıb. Onun sözlərinə görə, seçki bloku yaranana qədər artıq bura daxil olan partiyalar arasında siyasi münasibətlər formalaşıb: "Təbii ki, seçki başa çatdığı üçün "Azadlıq-2015” bloku da fəaliyyətini dayandırmalıdır. Bildiyim qədər blok yaxın günlərdə fəaliyyətinə xitam verəcək. Bloka daxil olan partiyaların gələcəkdə hansı formada əməkdaşlıq edəcəyinə isə növbəti toplantıda aydınlıq gətiriləcək. Bununla əlaqədar noyabrın 4-də səthi bir müzakirə aparılıb. Partiya sədrləri fikirlərini ifadə ediblər. Ancaq bu müzakirələr gələcək münasibətlərimiz barəsində konkret fikir bildirməyim baxımından yetərli deyil”. VİP sədri hesab edir ki, siyasi partiyalar öz fəaliyyətini seçkilərə indeksləşdirməməlidir: "Siyasi partiyaların fəaliyyətinin gedişatını seçki təqvimi ilə əlaqələndirmək doğru deyil. Partiyalar bu müddətdə təşkilatlanmalı, tərəfdarlarını artırmalıdır. Təbii ki, seçkilərarası dövrdə böyük fasilələr yaşanır. Bu fasilə fonunda inteqrasiya prosesi faydalı ola bilər”. Blokun təsisçilərindən olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də deyib ki, seçki blokuna daxil olan partiyaların əməkdaşlıq edib-etməyəcəyi müzakirələrdən sonra bəlli olacaq: "Görünən odur ki, partiyalar birgə fəaliyyət məsələsində qərarlıdır. Növbəti mərhələdə seçki blokuna daxil olan partiyaların birgə fəaliyyət göstərəcəyi şübhəsizdir. İndidən deyə bilmərəm ki, hansı siyasi blokda birləşəcəyik. Müzakirələr gedəcək və buna uyğun qərar veriləcək”.

İsmayıl