Azadlıq tribunası kimi fəaliyyətə başladı
“Səs” müstəqilliyimizlə birgə addımlayan qəzetlərdəndir
Dünən müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından olan "Səs” qəzetinin 25 yaşı tamam oldu. Müstəqil Azərbaycanın müasir mətbuat tarixində öz dəsti-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs” qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynayıb.
"Səs” 1990-1993-cü illərdə, ölkədə ictimai-siyasi durumun gərgin vəziyyətdə olduğu və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başlayıb.
"Səs” qəzeti olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə alıb. Belə bir dövrdə araya-ərsəyə gələn "Səs” qəzetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz o olub ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli-azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin edib.
"Səs” qəzeti Azərbaycansevərlərin səsini, azad fikirli, sağlam düşünən ziyalıların səsini xalqa çatdırıb. Ən başlıcası isə "Səs” qəzeti cəsarətlə, təqib və təzyiqlərdən çəkinmədən, əsl milli mətbuat təəssübkeşliyi ilə nəşr olunmağa başlayıb. Bunun da nəticəsi idi ki, 1991, 1992, 1993-cü illərdə qəzetə qarşı odövrkü hakimiyyət dairələri, ayrı-ayrı siyasi qüvvələr tərəfindən dəfələrlə basqılar, təzyiqlər, hücumlar edilib. "Səs” qəzeti müstəqil yönümlü idi, fikir plüralizmini, söz və düşüncə azadlığını ortaya qoymuşdu, Azərbaycan həqiqətlərini yazırdı, xalqın səsinə, harayına səs verirdi, onun mənafeyini ifadə edirdi. Milli azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında qəzetin müstəsna xidmətləri var. Qəzetə 1993-2005-ci illərdə Ağabəy Əsgərov baş redaktorluq edib. 2005-ci il mayın 1-dən "Səs” qəzeti Bəhruz Quliyevin rəhbərliyi altında nəşr olunur.
Qeyd edək ki, "Əlincə” Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış qəzet bu gün də ənənəvi olaraq, Yeni Azərbaycan Partiyasının ideyalarını təbliğ edir. 2008-ci ilin avqustunda bu nəşrə tabe olan Səs İnformasiya Agentliyi (SİA) yaradılıb. Qəzetin həmçinin "Səs” İnternet Televiziyası da fəaliyyət göstərir. "Səs” artıq bir Media Qrup kimi çoxminli Azərbaycan mediası arasında geniş populyarlığa malikdir.
Bəs "Səs” qəzeti Azərbaycan mətbuatında necə qəbul olunur və hansı xüsusiyyətlərinə görə seçilir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı deyib ki, "Azərbaycan mətbuatı içərisində "Səs” qəzeti müsbət mənada qocaman mətbuat sayılır. Müstəqillik illərinə qədəm qoyduğumuz dövrdə mətbuat nümunələrimizi təhlil etsək görərik ki, "Səs” qəzeti müstəqillik illərimizin qocaman mətbuatlarından sayılır”.
Onun sözlərinə görə, Azərbaycan mətbuatının tarixi çox böyükdür: "XIX əsrdən başlayaraq Azərbaycanda mətbuatın yaranmasını, "Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabi məktəbini, Sovet dövründə Azərbaycan mətbuatını, eləcə də müstəqillik illərində yaranan mətbuat nümunələrini buna misal göstərə bilərik. Əlbəttə ki, indi çoxsaylı qəzetlər, internet saytları, televiziyalar, radiolar var. Amma müstəqillik ərəfəsində yaranan mətbuat nümunələrindən "Səs” qəzeti Azərbaycan tarixində özünəməxsus yer tutan qəzetlərdən biridir. "Səs” qəzeti Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan, müstəqilliyimizlə birgə addımlayan qəzetlərdən sayılır.
Biz hələ müstəqillik Aktını qəbul etməmişdən öncə "Səs” qəzeti meydana gəlib və tariximizin səlnaməsini yaradan qəzetlərdən biridir. Bu qəzet 1990-cı illərin əvvəllərində Azərbaycan mətbuatında sayılıb-seçilən nümunələrdən biri kimi yaddaşlara hopmuşdu. O dövrdə "Səs” qəzetinin tirajı 30-40 minə qədər idi. Köşklərdə belə "Səs” qəzetini tapmaq mümkün deyildi. Bu bir həqiqətdir. İndiki qəzet, mətbuat bolluğunda bu tiraj əlbəttə çox böyük görünür. Çünki qəzetlərin heç biri bu tiraj səviyyəsində deyil. Bu da təbiidir. İnformasiya mübadiləsinin sürətlənməsi qəzet çap məmulatlarına tələbatı bir qədər azaldıb. Amma bütün bunlara
baxmayaraq "Səs” qəzeti yenə də Azərbaycan mətbuatında öz səsini gur şəkildə eşitdirməkdədir”.
Mübariz Qurbanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin bütövlükdə müstəqillik ərəfəsində, illərində gördüyü işlərin təşviq və təbliğində "Səs” qəzeti müstəsna rol oynayıb: "Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ayrılmaz tərkib hissəsi olan mətbu orqanlardan biridir. "Səs” ümummilli lider Heydər Əliyevin ideyalarını yayan və Azərbaycan mətbuat tarixinə izini qoyan qəzetlərdən biridir”.
O əlavə edib ki, "Səs”in bu fəaliyyətində qəzetin kollektivi əvəzsiz rol oynayıb: "Hələ də qəzetdə onun yaranmasından indiyədək fəaliyyət göstərən veteran "Səs”çilər var. Mən onları öncədən təbrik edirəm. Qəzetin o dövrdə baş redaktoru olmuş Ağabəy Əsgərovun rolunu burada xüsusi qeyd etmək istərdim. Ulu öndər qvardiyasının ən sayılıb-seçilən nümayəndələri "Səs” qəzetindən bir tribuna kimi istifadə ediblər. Təsadüfi deyil ki, ümummilli liderə 91-lərin çağırışı, eləcə də ulu öndər Heydər Əliyevin 91-lərə cavabı ilk dəfə burada işıq üzü görüb. "Səs” qəzeti səsini hər yerə çatdırmağa qadir olan mətbuat orqanlarından biridir”.
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu isə "Səs” qəzetinin yaranmasının hələ də gözləri önündə olduğunu deyib: "Mən o illəri çox yaxşı xatırlayıram. Həmin vaxt ölkədə belə bir qəzetin yaranmasına ehtiyac var idi. Şükürlər olsun ki, o zaman cəmiyyətin ehtiyacı ilə fəaliyyətə başlayan "Səs” qəzetinin səsi bu gün də eşidilməkdədir. Hesab edirəm ki, "Səs” cəmiyyətdə öz dəsti-xətti, nüfuzu və yeri olan bir qəzetdir. Mən başda SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev olmaqla qəzetin 24 illik yubileyi münasibətilə bütün kollektivi ürəkdən təbrik edirəm. Ən başlıcası odur ki, "Səs” tərcümeyi-halı, ana xətti olan bir qəzetdir. Bu tərcümeyi-halda isə hər bir iş əvvəldən sonadək insanın gözü önündən gəlib keçir. Sevindirici haldır ki, qəzetin yaranmasında heç bir əziyyət boşa getmədi. Bu gün SƏS Media Qrupun çox gözəl bir kollektivi var. İnanıram ki, bundan sonra da "Səs” qəzetinin daha böyük auditoriyası olacaq”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Səs” qəzetinin Azərbaycanda yaranan ilk müstəqil mətbuat orqanlarından biri olduğunu bildirib: "Bu mətbuat orqanının Azərbaycanda fikir və söz azadlığına, xüsusilə də ölkəmizin milli və dövlət maraqlarının qorunmasına çox böyük müstəsna xidmətləri var. Qəzet fəaliyyətə başladığı ilk günlərdən bu günə kimi hər zaman birmənalı bir informasiya siyasəti yürüdüb. Təbii ki, bu informasiya siyasətinin də təməlində milli maraqlarımızın, ərazi bütövlüyümüzün qorunması, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilmiş dairələrin, qüvvələrin ifşa olunması dayanıb. Bu, çox mühüm amillərdən biridir. Azərbaycan yeni müstəqillik qazanmış bir dövlətdir. Bu gün ölkəmiz müharibə vəziyyətində olan, 20 faiz torpaqları işğal edilən və bir milyondan artıq qaçqın və məcburi köçkün olan dövlətdir. Belə olduğu məqamlarda şübhəsiz ki, ölkədə gedən proseslərə həssas yanaşma tərzi ortaya qoyulmalıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarında ilk növbədə maarifləndirici missiya yerinə yetirilməlidir. "Səs” qəzeti fəaliyyətə başladığı ilk günlərdən bu missiyanı çox böyük məharətlə yerinə yetirib. Uzun illərdir ki, mən həm media nümayəndəsi, baş redaktor kimi, həm də siyasi ekspert kimi "Səs” qəzeti və daha sonra yaranan onun digər qurumları ilə (SİA, SƏS TV və s.) yaxından əməkdaşlıq edirəm. Bu müddət ərzində də qəzetin fəaliyyətində daim peşəkar bir münasibətin olduğunun şahidi olmuşam. Eyni zamanda SƏS Media Qrupun çox səmimi bir kollektivi var. Mən bütün kollektivi qəzetin 24 illik yubileyi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, "Səs” qəzeti Azərbaycan mediası tarixində bundan sonra da uğurlarını davam etdirəcək”.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, "Səs” qəzeti Azərbaycan mediasında çox böyük tarixi olan bir qəzetdir. Həm də bir çox başqa qəzetlərdən fərqli olaraq onun bir neçə özünəməxsus xüsusiyyəti var. Birincisi, "Səs” qəzeti müstəqil Azərbaycan dövlətinin müstəqilliyi ilə həmyaşıd olması nöqteyi-nəzərindən seçilir. Yəni, azsaylı qəzetlər var ki, onlar Azərbaycanın müstəqilliyi ilə həmyaşıd sayıla bilirlər. "Səs” qəzeti fəaliyyət göstərdiyi illərdə ölkədə təkcə mətbuat orqanı kimi deyil, eləcə də çox məhsuldar və güclü təsirə malik olan siyasi tribuna kimi fəaliyyət göstərir. Sözün düzü, "Səs” qəzeti ölkənin tarixində böyük dönüşə gətirib çıxarmış siyasi proseslərin ideoloji təminatını və təbliğatını qoyub. Hətta bu qəzeti ölkədə siyasi proseslərin dəyişməsi kontekstində siyasi partiya rolunu oynamış qəzet də saymaq olar. Təbii ki, hələ Azərbaycan mətbuatının inkişafı istiqamətində qarşıda böyük mərhələ var. Bu mərhələnin özünün qarşısında isə müəyyən vəzifələr və problemlər dayanır. Sözsüz ki, bunların da həll olunmasında "Səs” qəzetinin özünün sözü, mövqeyi olmalıdır və olacaq da!”.
Şəymən