Fikrət Yusifov: “Bu gün Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var”
AZAL, “Azərsu” və “Azərenerji” özəlləşdirilə bilər
Vüqar Bayramov: “Məqsəd yalnız yerli deyil, həm də xarici investorların cəlb edilməsi yolu ilə ölkəyə valyuta axınına nail olmaqdan ibarətdir”
Fikrət Yusifov: “Bu gün Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var”
Fikrət Yusifov: “Bu gün Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var”
Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə bildirib ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bununla bağlı müvafiq göstərişlər verən ölkə başçısı deyib ki, proqram tam şəffaf həyata keçirilməli, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır.
Yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar böyük maraq və həvəslə vəsait qoysunlar. Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanununa dəyişiklik edilməsi barədə Sərəncam da imzalayıb. İqtisadçı-ekspertlər indiki durumda özəlləşdirmə aparılması ilə bağlı addımlar atılmasının vacibliyini vurğulayıblar. Ekspertlərin sözlərinə görə, bu proses iqtisadi cəhətdən önəmli olmaqla yanaşı, həm də çevik idarəetmə sisteminin formalaşmasına gətirib çıxaracaq. Bəs indiki məqamda hansı sahələrin özəlləşdirilməsinə ehtiyac var, bu özəlləşdirmə nəticəsində büdcəyə daxil olan vəsaitin nə qədər artmasına nail olmaq mümkündür? Ümumilikdə özəlləşdirmə ölkə iqtisadiyyatına nə verəcək?
İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, hazırkı iqtisadi vəziyyətdə özəlləşdirmənin həyata keçirilməsinin üç mühüm məqsədi var. Birinci məqsəd ölkəyə investisiyanın cəlb edilməsi ilə bağlıdır: "Prezident xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsinin əhəmiyyətindən danışdı. Eyni zamanda, xarici investorların özəlləşdirmə prosesində iştirakının artırılmasında marağın yaradılması, fəaliyyətin həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Məqsəd yalnız yerli deyil, həm də xarici investorların cəlb edilməsi yolu ilə ölkəyə valyuta axınına nail olmaqdan ibarətdir. Çünki ölkəyə valyuta axınının olmasına ehtiyac var. Valyuta axını isə birbaşa xarici investorların ölkəyə daxil olması ilə mümkündür”. İqtisadçının sözlərinə görə, ikinci əsas məqsəd özəlləşdirmə nəticəsində büdcəyə daxilolmaları artırmaqdan ibarətdir: "Neftin dünya bazarında qiyməti aşağı düşdükcə, Azərbaycanın dövlət gəlirləri son bir ildə 3 dəfə azalıb. Büdcə gəlirlərinin artırılması üçün əlavə gəlir mənbələrinin müəyyənləşdirilməsinə və istifadə edilməsinə ehtiyac var. Əlavə gəlir mənbələrindən biri də özəlləşdirmədir. Özəlləşdirmə dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər”. V.Bayramov deyib ki, üçüncü məqsəd isə idarəetmədə çevikliyin formalaşdırılmasıdır: "Xüsusilə tənzimlənən qiymətlər olan sektorlarda özəlləşdirmə prosesini həyata keçirməklə daha çevik idarəetmə sisteminin formalaşmasına nail olmaq, qərarların verilməsi prosedurlarının şəffaflaşdırılmasını həyata keçirmək mümkündür. O baxımdan əslində özəlləşdirmə prosesinə yalnız dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi kimi baxmaq düzgün olmazdı. Çünki bu həm də qeyd etdiyim üç əsas məqsədi ehtiva edir”. İqtisadçı özəlləşdirilməsi mümkün olan sektorlardan da danışıb. O, ilk olaraq "Azərbaycan Hava Yolları”nın (AZAL) özəlləşdirilməsinin vacibliyini vurğulayıb: "AZAL-ın səhmlərinin ən azı 49 faizinin özəlləşdirilməsi və satılmasını təklif etmişdik. Çünki bu, vəsait əldə etmək cəhətdən vacibdir. Xarici investorları bu tip şirkətlərin özəlləşdirilməsinə cəlb etmək asandır. Həm də bu, korporativ idarəetmə sisteminin formalaşdırılmasına kömək etmiş olacaq. Çünki AZAL-la bağlı ən ciddi məsələlərdən biri xərclərin yüksək olması və korporativ idarəetmə sisteminin formalaşdırılmaması ilə bağlıdır. Özəlləşdirmə daha yaxşı idarəetmə sisteminin formalaşmasına imkan verə bilər”. V.Bayramov enerji sektoru və kommunal xidmətlərlə bağlı özəlləşdirmənin də böyük effekt verəcəyini bildirib: "Enerji sektorunda özəlləşdirmənin davam etdirilməsinin tərəfdarıyıq. "Azərenerji”nin səhmlərinin mərhələli özəlləşdirilməsi mümkündür. Çünki bu, vəsait cəlb etmək imkanlarına malikdir. Kommunal xidmətlərin, o cümlədən "Azərsu”nun özəlləşdirilməsinə ehtiyac var. Çünki kommunal xidmətlərin göstərilməsində xüsusilə bu ilin qış aylarında problemlər müşahidə olundu. Bu da birbaşa idarəetmənin çevik olmadığını göstərdi. O baxımdan idarəetmədə çeviklik yaratmaq üçün bu sektorlarda da özəlləşdirmənin aparılmasına ehtiyac var”.
Rabitə sektorunda fəaliyyət göstərən bəzi dövlət şirkətlərinin özəlləşdirilməsinin də mümkün olduğunu deyən iqtisadçı bildirib ki, özəlləşdirmənin aparılması ilə bağlı xeyli imkanlar və şirkətlər var. Onların özəlləşdirməyə açılması birmənalı şəkildə imkan verəcək ki, həm valyutaya olan tələbatın ödənilməsində yeni mənbə əldə etmək mümkün olsun. Həm də təbii ki, bu, iqtisadi aktivliyə şərait yaradacaq.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da bəyan edib ki, Prezidentin son müşavirədə ölkədə indiyə qədər özəlləşdirilməyən dövlət əmlakının özəlləşdirilməyə çıxarılması və bu işin maksimum şəffaf şəkildə həyata keçirilməsi barəsində səsləndirdiyi bəyanatlar yaxın zaman kəsiyində ölkədə bu istiqamətdə ciddi addımların atılacağından xəbər verir: "Bu gün Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var. Onların fəaliyyətləri ya tam dayanıb, ya da öz imkanlarının beşdə bir səviyyəsində iş görürlər. Dünya təcrübəsində belə müəssisələrin yenidən qurulması və onların maksimum səmərəli işləməsi üçün tətbiq olunan əsas yol həmin müəssisələrin özəlləşməsindən keçir. Dediyimiz məsələlərə bir misalla daha yaxşı aydınlıq gətirmək mümkündür. Tarix boyu özəl mülkiyyətdə olan İngiltərənin dəmir yolları İkinci Dünya müharibəsindən sonra bir neçə mərhələ ilə 1948-ci ilə qədər tam dövlət mülkiyyətinə alındı. Bundan sonra nə baş verdi? Növbəti ildən etibarən dəmir yolları vasitəsilə daşınan yüklərin həcmi və dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı ilbəil azalmağa başladı.
1980-ci illərin ikinci yarısından etibarən Marqaret Tetçer hökumətinin həyata keçirdiyi kütləvi özəlləşdirmə dəmir yollarını əhatə edə bilmədi. Lakin konservatorların yeni lideri Con Meycer artıq özünün seçki kampaniyasında hakimiyyətə gələcəyi təqdirdə dəmir yollarını özəlləşdirəcəyini bəyan etdi. 1996-2000-ci illər ərzində İngiltərənin dəmir yolları özəlləşdirildi. Nəticələr hər kəsin diqqətini özünə cəlb edə biləcək bir səviyyədə idi”.
İsmayıl