Elxan Şahinoğlu: “Mən xarici ölkələrə tez-tez səfər edən bir şəxs kimi AZAL-da ciddi boşluqlar görürəm”
Rusiya hava şirkətlərinə dünyanın 47 ölkəsinə uçuşla bağlı xəbərdarlıq edilib. Məlumata görə, şirkətlərə həmin ölkələrə uçuşlar zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verilib. Həmçinin, şirkətlərə məsləhət görülüb ki, bu ölkələrdə mümkün qədər təyyarəyə texniki baxışı əcnəbilər deyil, yerli texniki heyətlər həyata keçirsin. Həmin siyahıda Yaxın Şərq və ərəb ölkələri ilə yanaşı, Azərbaycanın da adı var.
Məsələni şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə deyib ki, bir müddət əvvəl Rusiya təyyarəsinin Misirdə qəzaya uğraması Moskvanı ehtiyatlı davranmağa sövq edir: "Hadisədən sonra aydın oldu ki, İŞİD üzvü olan bir misirli rus təyyarəsinin yük yerinə partlayıcı qurğu qoyub və təyyarəni partladıb. Həmin olaydan sonra Rusiya ilə yanaşı, Böyük Britaniya və digər Avropa ölkələri Misirə uçuşu dayandırdılar. Ancaq fikir verirsizsə, İsrail təyyarələrində heç vaxt belə hadisələr baş vermir. Çünki İsrail təyyarələrinə yalnız yəhudilərdən ibarət texniki heyət baxış keçirir. Ancaq digər dövlətlərin sərnişin təyyarələri uçduqları yad ölkələrdə yerli texniki heyətin ümidinə qalırlar. Görünür, təyyarə faciəsindən sonra Rusiya əvvəlki siyasətini dəyişərək, İsrail üsulundan istifadə etməyə qərar verib. Düzdür, bu, böyük maliyyə tələb edən işdir, amma təhlükəsizlik baxımından zəruridir. Ona görə də hesab edirəm ki, Moskvanın qərarını sadəcə Azərbaycana qarşı mövqe kimi dəyərləndirmək doğru deyil. Çünki həmin siyahıda Avropa ölkələrinin də adları var. İsrail bizim strateji tərəfdaşımızdır. Amma bu dövlət öz təhlükəsizliyi üçün dəfələrlə Azərbaycanı "qorxulu” ölkələr siyahısına salıb”.
Politoloqun sözlərinə görə, Rusiyanın qərarı Azərbaycan hava şirkətini də hərəkətə gətirməlidir: "Son terror hadisələri əsas verir ki, biz də uçuşlarımızın təhlükəsizliyini gücləndirək. Mən xarici ölkələrə tez-tez səfər edən bir şəxs kimi AZAL-da ciddi boşluqlar görürəm. Şirkət təhlükəsizliyinə fikir verməlidir. Çünki terrorçular bütün imkanlardan istifadə edirlər və heç bir səhvi bağışlamırlar. Kimin ağlına gələrdi ki, İŞİD Misir hava limanına öz adamını yerləşdirəcək və onun əli ilə təyyarənin yük yerinə bomba qoyacaqdı. Amma bu, oldu”.
İsmayıl