"Ordumuzun 100 illiyi münasibətilə təşkil edilən hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin, xalqımızın tarixində əlamətdar hadisə oldu”.
Bunu "Sherg.az”a iyunun 26-sı Bakıda keçirilən möhtəşəm hərbi parad haqqında danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı söyləyib.
O vurğulayıb ki, Azərbaycan həmişə Qarabağ münaqişəsinin hərbi yolla həll olunacağını istisna etməyib:
"Son illərə qədər hər kəs düşünürdü ki, Azərbaycan ordusu inkişaf etsin, hərbi gücü, texnikası qaydasında olsun, bundan sonra hərbi əməliyyatlara başlamaq olar. Artıq ordumuz kifayət qədər güclüdür və ən müasir silahlarla zəngindir. 100 illiklə bağlı möhtəşəm hərbi paradın keçirilməsi isə təsadüfi deyil. Azərbaycan Prezidenti, cənab İlham Əliyev bunu təşkil etməklə həm cəmiyyətimizə, həm də dünyaya ordumuzun yenilməzliyini göstərdi. Düşmənə isə daha vacib mesajlar ötürüldü.
Prezident İlham Əliyev hərbi parad zamanı çıxışında qeyd etdi ki, Qarabağ müharibəsinin birinci mərhələsi bitib, amma hələ də müharibə davam edir. Artıq Azərbaycan açıq şəkildə hərbi əməliyyatlardan çəkinmədiyini bildirir. Dəfələrlə bildirmişik ki, Azərbaycanın Qərbdə müttəfiqləri yoxdur, Rusiyadan kömək almır. Azərbaycanın müttəfiqləri Türkiyə, İran və Pakistandır. Hər üç dövlət isə yüksək səviyyədə hərbi paradda təmsil olundular. Biz bu dəstəyi hiss etdik. Xüsusilə, Türkiyənin hərbi paradda məxsusi iştirakı bir daha göstərdi ki, qardaş ölkə hər zaman yanımızdadır.
Bütün müharibələrin tarixindən görünür ki, qarşı tərəfin daxilində pərakəndəlik olduqda, bu istifadə edilməlidir. Elə ermənilər özləri də 90-cı illərin əvvəllərində Azərbaycanın zəif hərbi gücündən istifadə etdilər. Hazırda Ermənistanda qeyri-müəyyən vəziyyət olduğuna görə, bu məqam müharibənin başlaması üçün əlverişlidir. Bir müddət sonra Rusiya və ya Amerika Ermənistanda möhkəmlənməyə cəhd edərsə, müharibəyə başlamaq çətin olacaq. Ona görə, mövqeyimizi sübut etmək üçün indiki məqamda müharibəyə başlamağı daha münasib hesab edirəm”.
Qeyd edək ki, paradda çıxış edən, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan ordusunun gücündən, yüksək hərbi hazırlığından danışıb. Prezident vurğulayıb ki, Azərbaycan Silahlı qüvvələri düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir: "Bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir. Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır.
Aysel Aslan